Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:17

Son vaxtlar oxuduğum ən yorucu roman...


Mətanət Vahid
Mətanət Vahid

-

Mətanət Vahid yazıçı Həmid Herisçinin yeni romanı haqda:

Mübaliğəyə yol vermədən deyə bilərəm ki, son zamanlar oxuduğum heç bir mətn təkrar fikirlərin yer alması, simvolizmin əllaməçiliyə qədər artan bolluğu ilə mənə bu qədər yorucu təsir bağışlamamışdı.

Deyirəm, bəlkə, doğrudan da, ciddi görünməkçün susmaq lazımdı?!

Amma romanın bəzi nüanslarla oxucu beynində heç olmasa şübhə toxumu səpdiyini demək olar ki, bu da mətn üçün az önəmli deyil.

Mətanət Vahid bu məqaləsi ilə yazıçı Həmid Herisçinin “Solaxay” romanının AzadlıqRadiosunun “Oxu zalı”nda keçirilən müzakirəsinə qoşulur. (Romandan parça)

Mətanət Vahid

H.HERİSÇİNİN MİSTİK ROMANI

“Amma əgər imperator Solaxayın sözünü dinləsəydi, Krım

müharibəsi başqa cür bitərdi.” (N.Leskov “Solaxay”)

Mistika kainatın özünəməxsus dərkinə yönələrək, paralel dünyaların mövcudluğu, ölümdən sonrakı həyatın reallığı, əməllərimizin fövqəlqüvvələr tərəfindən idarəsi və onların bizim həyatımıza fəal müdaxiləsi kimi inanclara əsaslanır.

Özündə hansısa sirləri gizlədən, bununla yanaşı, müəyyən paranormal hadisələrin üstündən sirr pərdələrini açan mistik əsərlər bütün zamanlarda oxucular üçün böyük maraq kəsb edib.

Çağdaş dünya ədəbiyyatı üçün kifayət qədər aktual olan mistik mövzular bizim ədəbiyyatımızda, demək olar ki, diqqət mərkəzindən kənarda qalır.

Həmid Herisçinin yaradıcılığında bu vaxta kimi müəyyən qədər mistika yer alsa da, “Solaxay” bütün tarixi, siyasi, avtobioqrafik tərəfləri ilə birlikdə tamamilə mistik, konspiroloji romandır.

Müəllif əsərdə konspiroloji görüşlərini paylaşaraq oxucunu inandırmağa çalışır ki, hər bir hadisənin, nəsnənin üzdə görünən tərəfindən başqa, həmçinin, görünməyən, çox gizli qalan alt qatları var. Lakin müəllifin yazdığı nə olursa olsun, M.Riffaterin təbirincə desək, “mətni hadisə edən oxucudur.” Və mütaliə təcrübəsində bu romanın onun üçün hansı yeri tutduğunu, beynində nə kimi iz qoyduğunu oxucu özü müəyyənləşdirir. Beləliklə, baxaq görək “Solaxay”ın oxucuya verdiyi nə oldu?

Mövzu Azərbaycan ədəbiyyatı üçün müəyyən dərəcədə yeni olsa da, dünya ədəbiyyatından onlarla müəllifin mistik əsərləri ilə tanış olan oxucu “Solaxay” romanından çox şey gözləyir.

Həmid Herisçi
Həmid Herisçi

Çünki kitabın sonundakı qeyddə digər mistik romanlarla zahiri oxşarlığı istisna etməyən müəllif oxucuya fərqli bir mətn vəd edir: “Roman ilk baxışdan, bəlkə də, Den Braun romanlarına bənzəyəcək, amma oxuyandan sonra görəcəksiniz ki, bu, tam orijinal bir əsərdir və dünya ədəbiyyatı hələ ki, bu mövzulara keçməyib.”

Bu kifayət qədər iddialı vədin dalınca düşən oxucu böyük gözləntilərlə müəllifin “əcaib səyahət” adlandırdığı mətnin sirlər və sehrlər dolu aləminə daxil olur.

“Solaxay” belə bir fikir formalaşdırır ki, mistika, əslində, reallıq duyğusunun özüdür, rassional düşüncə isə əksinə, reallıq hissindən uzaqlaşmaq deməkdir. Mistiklər belə hesab edirlər ki, onlara öz gücünün müəyyən bir hissəsini bəxş edən fövqəlqüvvələr var və bəsirət gözləri açıq olduğundan çoxluğun görə bilmədiyini məhz onlar duyurlar – buna görə də özlərini “balaca allahlar” kimi hiss edirlər. Düşünürlər ki, ətrafda cərəyan edən hər şey onların “nəzarəti” altındadır. Elə bu romanın qəhrəmanı da xüsusi təvazökarlığı ilə seçilmir.

Romanın gerçəyinə inansaq, solaxaylar qeyri-adi zəka və istedad sahibi, keçmişdən, gələcəkdən xəbərləri olan insanlardır, özü də müəllif istisna üçün yer qoymur, hətta yadplanetlilərin də hamısının solaxay olduğu deyilir. Həkimlərə inansaq, solaxaylıq daha çox beynin sol yarımkürəsinin zədələnməsi, yaxud inkişafdan qalması, testosteron “bolluğu” kimi səbəblərin nəticəsi olaraq meydana gəlir və əsasən, nevroloji pozğunluqlarla sonuclanır. Romanda solaxayların “istedadları” həddindən artıq şişirdilmiş şəkildə təqdim olunur, hər cür üstün xüsusiyyət solaxaylığın ayağına yazılır. ”Demə, mən kimi solaxayların, satqın-xainləri ifşa edən istedadları da yox deyilmiş. Sol əlimlə alnımın tərini quruda-quruda Azərdən şübhələndim.” kimi fikirlər əsər boyu az qala hər səhifədə rastımıza çıxır. Sol tərəflə hərəkətin vacibliyi demək olar ki, hər səhifədə yenidən təkrarlanır, bütün yaxşı yerlərə gedərkən ilk addımı sol, pis yerlərə isə sağ ayaqla atdığını vurğulayır. “Özü də diqqət edin, sol yoxxxx... sağ ayağım hərəkətə keçərək, məni öz-özünə bu xain ünvana apardı həmin axşam...”

Mübaliğəyə yol vermədən deyə bilərəm ki, son zamanlar oxuduğum heç bir mətn təkrar fikirlərin yer alması, simvolizmin əllaməçiliyə qədər artan bolluğu ilə mənə bu qədər yorucu təsir bağışlamamışdı.

Mövzu etibarilə sərhəd tanımayan mistik ədəbiyyata xas olan janrların qarışdırılması xüsusiyyəti “Solaxay” romanı üçün də tamamilə təbii təsir bağışlayır. Romanın “yadplanetli” qəhrəmanı bir yandan siyasətin oyuncağı, digər tərəfdən detektiv situasiyaların iştirakçısı, bir başqa yöndən baxılarsa, həm də tarixi qəhrəmandır. H.Herisçinin az qala supermen kimi təqdim etdiyi əsas obrazın ən nəzərəçarpan özəlliyi olan solaxaylıq onun həyat yolunun cızılmasında həlledici rola malikdir.

Romanın qəhrəmanı genetik yaddaşın daşıyıcısıdır: atası, əmisi və daha öncəki nəsillərin taleyi onun da həyatına təsirsiz ötüşmür. Əsərdə Cənubi Azərbaycanın qəhrəmanlıq tarixi sırf solaxayların, o cümlədən, Herisçilərin adı ilə bağlıdır. Tarixi qəhrəmanlıqlar, əsasən, konkret faktlarla təqdim edilir və müəllif oxucunu inandırmaq üçün təkid edir. Lakin nəzərə alsaq ki, qarşımızdakı tarixi sənəd deyil, bədii əsərdir, burada artıq gerçəkliklə təxəyyülün sərhədini müəyyənləşdirmək oxucunun öz ixtiyarındadır.

Fikrimcə, istənilən müəllifin bədii mətndəki uğurunu təmin edən cəhətlərdən biri də oyun qurmaq, çaşqınlıq yaratmaq, şübhəyə salmaqdır. Çünki bədii mətndə müəllifin tarixi və faktları eynilə əks etdirmək kimi bir öhdəliyi yoxdur. Hətta kitabları çox böyük tirajla satılan dünyaşöhrətli yazıçı Den Braunun mistik romanlarında belə, hamının bildiyi faktlar barədə xeyli “yanlışlara” yol verilir. Məsələn, o, “Mələklər və iblislər” romanında dahi italyan rəssamı Rafaelin doğulduğu Urbinoda basdırıldığını, sonradan cəsədinin Panteona köçürüldüyünü yazır.

Məşhur solaxaylardan: gitaraçı Jimi Hendrix
Məşhur solaxaylardan: gitaraçı Jimi Hendrix

Maraqlıdır ki, bədii əsərin məşhurluğu sayəsində insanlar arasında çaşqınlıq yarandığından hətta rəssamın qəbri üzərinə Den Braunun məlumatı təhrif etdiyi, Rafaelin həmişə burada – Panteonda uyuduğu haqqında məlumat yazılmış lövhə vurulmuşdur. Demək, önəmli olan romanda yazılanların həqiqəti nə dərəcədə əks etdirməsi deyil, müəllifin qavramındakı dünyanın təsviridir.

Gördüyü hər şeydə altməna axtaran, hər cür təsadüfləri inkar edən müəllif-qəhrəmanın “Bax yalan deyirəmsə, dilim qurusun”, “İnanmayan daşa dönsün...” kimi oxucunu inandırmaq üçün etdiyi and-qəsəmləri istər-istəməz sual doğurur: bu sözlərin müəllifi öz fikirlərinin həqiqət olduğuna heç bir şübhə yeri qoymadan inanırmı?

Məşhur solaxaylardan: ABŞ prezidenti Barak Obama
Məşhur solaxaylardan: ABŞ prezidenti Barak Obama

Axı nəyinsə varlığına bütün qəlbinlə inanırsansa, onu sübut etməyə ehtiyac da duymursan. İnandırmaq ehtiyacı şübhədən yaranır. Bəlkə də, başqalarını inandırmağa çalışmaq bu yolla ilk növbədə öz beynində iz salmış şübhələrdən qurtulmaq cəhdidir.

Romanda ən çox diqqəti cəlb edən siyasi xətt, Qərb dövlətlərinin Şərqin taleyinə yaxından müdaxiləsi kimi məsələlər rəmzlər bolluğu ilə nəzərə çatdırılır. Qərb yalnız Şərqin tarixinə, siyasətinə deyil, eyni zamanda, mədəniyyəti, ədəbiyyatı, bütövlükdə şüuruna gizli və ya aşkar müdaxilə edir və artıq bu müdaxilədən xəbərdar olmayan kimsə yoxdur.

Odur ki, əvvəldən ta son səhifəyə kimi romanı müşayiət edən rəmzlər (qonşudakı seyidin qəfil möhkəm söyüş söyməsindən tutmuş ağ xalatlı həkimin zibil qutusundan xatirələr qovluğunu çıxarıb Pediatriya İnstitutuna yönəlməsinə qədər), az qala hər sözdə, hər rəqəmdə bir məna aramaq və onu tapmaq bir yerə qədər maraqlı ola bilir. “MAQ” və “QAM”, “nefrit” və “ifrit” kimi sözlərin Şərq-Qərb kontekstində qarşılaşdırılması, sözlərin zahiri bənzərliyi ilə mahiyyəti arasında ortaq nöqtələr tapmaq, obyektlərin adlarında, görünüşündə masonluğun izlərinin axtarılması, söz oyunları bəzən əllaməçilik həddinə çatır. “Üzərində DOMMOd” sözləri həkk edilmiş tanış neon lövhə, yenə əvvəlki yerində - hündür modern binanın lap zirvəsindəydi. ...Ortadakı “M” siqnalı, bu dəfə bir başqa, deyərdim ki, yad rəngə boyanmışdı. Düzünü desəm, day sizdən nə gizlin, “Makdonalds” şəbəkəsinin “M” kodunu xatırladırdı bəzən mənə.” Yaxud başqa bir nümunədə İçəri şəhərdəki Qazan xan məscidindən iki addım kənarda 1 saylı hamamın qazanxanasının yerləşməsi və müəllifin bu iki adı qarşılaşdırması və s. kimi nümunələr olduqca çoxluq təşkil edir.

“Solaxay”da əksər sirlərin çözülməsi cəhdi var. Bəlkə də, romanın sehrini dağıdan da məhz bu açıqlamalar, izahlardır. Çünki sirlər sirr olduğu üçün maraqlıdır. Hər halda, kitabda o qədər ipucu var ki, təxminən yarıdan sonra onu oxumaq tamamilə maraqsızlaşır – hadisələr öz sehini itirir. Artıq qarşımıza çıxan hər sirrin kodu bizimçün bu və ya digər dərəcədə bəlli olur: təəccübləndirmir, əli üzündə hadisələrin gedişatına mat qoymur. Amma romanın bəzi nüanslarla oxucu beynində heç olmasa şübhə toxumu səpdiyini demək olar ki, bu da mətn üçün az önəmli deyil.

"Левша"nın müəllifi Nikolay Leskov (1831-1895)
"Левша"nın müəllifi Nikolay Leskov (1831-1895)

Romanda sirlərin çözülməsi üçün oxucuya təqdim olunan “açar”lar arasında Leon Feyxtvanqerin romanı, “Həlledici addım” filmi, “Solaxay” hekayəsi və s. kimi sənət əsərləri də var. Məsələn, “Ambidekstr”ə nağılını sol əllə yazmağı möhkəm-möhkəm tapşıran Kötük əlavə edir:

“Rus yazarı Leskovun “Solaxay” hekayəsi bu gündən etibarən sənin masan üstündən əskik olmasın... Yaxşıca qiraət et bu dəyərli hekayəni. Biz, rus solaxayları, qulağında sırğa olsun, birəni də nallamağı bacarırıq.” “Solaxay” hekayəsi ilə tanış olan oxucu bilir ki, zahiri qrotesk görüntüsünə rəğmən hekayədən keçən milli vətənpərvərlik xətti böyük əhəmiyyətə malikdir.

Eyni zamanda, burada ayrı-ayrı fərdlərin dövlət əhəmiyyətli məsələlərdə rolu da qabardılır. Leskov bu hekayənin mövzusunu xalq yaradıcılığından götürüb. Solaxay ölüm ayağında ingilislərin silah təmizləmə sirrini hərbçiyə açır: “Hökmdara deyin ki, ingilislər silahı kərpiclə təmizləmirlər. Qoy bizdə də belə etməsinlər. Yoxsa Tanrı göstərməsin, müharibə olsa, silahlarımız atəş açmağa yaramayacaq.” Hekayənin məğzi bu sözlərdə əksini tapır. Əgər vaxtında Solaxayı dinləsəydilər, nəticələr yəqin ki, başqa cür olardı. Elə bu hekayədən gətirdiyimiz epiqraf kimi, bütövlükdə hekayə də Herisçinin romanının qaranlıqlarına işıq tutur.

“Solaxay” romanında Ağasəfə aftafa istehsal etməklə çoxlu pul qazanmağı məsləhət edən Zakir yaxşı bir söz deyir: “Mən heç kimlə ciddi danışmıram. Mən ancaq ciddi susuram.” Deyirəm, bəlkə, doğrudan da, ciddi görünməkçün susmaq lazımdı?!

XS
SM
MD
LG