Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:08

Azərbaycan BTC-yə qarşı təxribatlardan narahatdır


Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qarşı təxribatların ola biləcəyindən narahatdır
Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qarşı təxribatların ola biləcəyindən narahatdır
Rusiya ilə Gürcüstan arasında yaşanan gərginlik və Rusiyanın Gürcüstanı iqtisadi yolla cəzalandırması Azərbaycana birbaşa ciddi təsir etməyəcək. Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyevin sözlərinə görə, Azərbaycanın hər iki qonşusuyla normal münasibətləri var və bu üzdən həmin situasiyanın Azərbaycana iqtisadi zərəri olmayacaq. Oqtay Haqverdiyev deyir ki, Azərbaycan tərəfinin yeganə narahatçılığı Gürcüstandan keçən və Rusiyanın da elə əvvəldən isti yanaşmadığı Bakı-Tbilisi-Ceyhan (BTC) kəməridir: «Bizim üçün ən önəmli layihə olan BTC Gürcüstandan keçir və ona qarşı hər hansı təxribatlar ola biləcəyindən narahatıq. Amma düşünmürəm ki, Ruisya kiminsə əliylə də olsa buna getsin».

Gürcüstan hələ Rusiyayla münasibətləri gərginləşməmişdən Azərbaycandan 300 milyon kubmetr qaz almaq istədiyini bildirmişdi
Hökumət rəsmisindən fərqli olaraq, müstəqil iqtisadçı ekspertlər, Rusiyanın Gürcüstanı-iqtisadi blokadaya almasının Azərbaycana təsir edə biləcəyini deyirlər. Məsələn, Milli Məclisin İqtisadi Siyasət komissiyasının üzvü Əli Məsimovun fikrincə-Gürcüstan Rusiyayla apardığı bir çox mübadilə əməliyyatlarını Azərbaycan və başqa qonşularıyla aparmağa məcbur ola bilər: «Məsələn Gürcüstan Rusiya bazarına çıxardığı məhsulları Azərbaycan bazarına yönəldə bilər, eyni yolla da Rusiyadan aldığı malları Azərbaycandan almalı olacaq». Əli Məsimovun sözlərinə görə, Gürcüstan üstəlik Rusiyayla dolayı yolla əlaqələrini də Azərbaycan üzərindən gerçəkləşdirəcək ki, bunun da Azərbaycana müəyyən iqtisadi faydası ola bilər.


İqtisadi Tədqiqatlar Mərkəzindən Azər Mehtiyev isə düşünür ki, Gürcüstanın Rusiya ilə iqtisadi əlaqələrinin dondurulması Azərbaycana ikili təsir edəcək: «Bir tərəfdən Azərbaycan nəqliyyat daşımaları, mal mübadiləsi, başqa şeylərdən xeyir görəcək, o biri tərəfdən də Gürcüstanın iqtisadi vəziyyəti ağır olduğunda onlara yardım etmək məcburiyyətində qalacaq».


Azər Mehdiyevin fikrincə, Azərbaycanın Gürcüstana iqtisadi yardımları-məsələn Tbilisinin Rusiyadan olan qaz asılılığı aradan qaldırmağa kömək etməsi Azərbaycanın özünə qarşı yönələ bilər. «Ola bilər ki, Rusiya Azərbaycana satacağı qazın qiymətini elə səviyyəyə qaldırsın ki, Azərbaycan artıq Gürcüstana da yardım eləmək fikrindən daşınsın. Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyev isə, bu fikirlərlə razılaşmır. Onun fikrincə, Azərbaycan və Rusiya əlaqələri daha fərqli səviyyədə qurulub və Rusiyanın Azərbaycandakı strateji maraqları da-bu ehtimalların doğrulmasına imkan vermir.


Gürcüstan hələ Rusiyayla münasibətləri gərginləşməmişdən Azərbaycandan 300 milyon kubmetr qaz almaq istədiyini bildirmişdi. Bu istək indi də dilə gətirilib və Azərbaycan Dövlət Neft Şirkətinin rəsmiləri hələ Gürcüstanla danışıqlar getdiyini və konkret razılaşmaların olmadığını deyirlər.


XS
SM
MD
LG