Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:29

Tabutuna qızıl fit qoyulan məşhur aktyor


Humphrey Bogart
Humphrey Bogart

-

45 yaşlı aktyor 19 yaşlı, yaşıl gözlü sarışın gözələ ilk baxışdan aşiq olmuşdu.

Və onların 13 illik sevgi macərası başlayır...

Aygün Aslanlı

TABUTUNA QIZIL FİT QOYULAN MƏŞHUR AKTYOR

Hollivudda heç kim şlyapada onun qədər eleqant görünmürdü, içkidən onun qədər yaxşı baş çıxarmırdı və qadınları onun kimi bir baxışda yandırıb-yaxmağı bacarmırdı.

Hollivudun ən xarizmatik aktyorlarından biri Humphrey Bogart (Hamfri Boqart) təbiətən yaraşıqlı olmasa da, nöqsanlarını vucuduna şıq oturan kostyumların altında gizlədə bilirdi.

Hərbi dəniz donanmasında xidmət elədiyi vaxtlarda iflic olmuş dodağı, bunun nəticəsində nitqində yaranan qüsur onun xarizmasını nəinki pozur, əksinə daha da artırırdı. Qadınlar onun xırıltılı səsini eşidəndə əriyirdilər.

Onun ən sevimli əyləncəsi isə dostları və bir yeşik viskinin müşayiəti ilə yelkənli qayıqda dəniz gəzintisi idi.

***

Humphrey Bogart
Humphrey Bogart

Hamfri Boqart 25 dekabr 1899-cu ildə Nyu-York şəhərində anadan olub. Həkim Belmont De Forest Boqartla reklam rəssamı Mod Hamfrinin ailəsində. İki bacının tək qardaşı idi. Evdə də bu təkliyin gətirdiyi bütün üstünlüklərə sahib idi.

Valideynləri onu özəl məktəblərdə oxudurdular, gələcəkdə Yel universitetinə daxil olmağını arzulayırdılar, balaca ingilis lordları kimi geyindirirdilər. Amma küçədə... Küçədə onun qıvrım saçlarını,geyimini, hətta adını belə ələ salırdılar. Hamfri heç bir özəlliyi olmayan, qapalı uşaq idi. Heç nə ilə maraqlanmırdı. Dənizdən başqa. Dənizlə bağlı hər şeyi sevirdi, balıq tutmağı, yelkənli gəmiləri, dalğaları.

Bir də dalğalar kimi dəli, ehtiraslı qadınları. Odur ki, valideynlərinin əlaqələri sayəsində daxil olduğu nüfuzlu Filippis AkademiyasındaN qovulanda – siqaret çəkib, içki içdiyinə vədirektoru gölməçəyə atdığına görə – Boqart çox fikirləşmədən dənizə üz tutur. Daha doğrusu, ABŞ hərbi-dəniz qüvvələrinə. Sonralar bu barədə danışanda xarizmatik aktyor “18 yaşda müharibə əyləncəyə bənzəyir. Paris! Fransız qızları! Xəyal kimi həyat!” deyəcəkdi.

Yeri gəlmişkən, deyilənə görə, ona xüsusixarizma verən üst dodağındakı çapıq da elə orduda xidmət elədiyi vaxt yaranıb. Boqartın dostu, yazıçı Nataniel Bençli, aktyorun orduda xidmət zamanı Portsmut hərbi həbsxanasına dustaq apararkən yaralandığını deyir.

Bençlinin sözlərinə görə, dustaq Boqartdan siqaretini yandırmaq üçün kibrit istəyib. O, kibrit çıxartmaq üçün başını aşağı salıb ciblərini axtaranda üzünə yumruq vurub və qaçıb. Hərçənd bəzi versiyalarda çapığın uşaqlıqdan olduğu, müharibə və qaçan dustaq əhvalatının kinostudiyalar tərəfindən uydurulduğu da deyilir.

Hərbi xidmətdən qayıdan Boqart atasını xəstə və müflis olmuş vəziyyətdə tapır. İngilis lordu həyatı başa çatmışdı. Gənc Boqart yükdaşıyan, satıcı işləyir. Uşaqlıq dostu Billi Breydlə yenidən rastlaşana qədər... Bu qarşılaşma Hamfrinin həyatını kökündən dəyişir.

Billinin atası Uilyam Aloizius Breydi teatr prodüseri idi. H.Boqart onun sayəsində bir okeandan digərinə- sənət okeanına atılır.

Əvvəlcə özünü ssenarist, rejissor, prodüser kimi sınayan və heç bir uğur əldə eləməyən gənc, nəhayət, 1921-ci ildə Elis Breydinin «Təlim» tamaşasında aktyor kimi səhnəyə çıxır. Bütün ifası yalnız bir cümlədən ibarət olsa da, aktyorluq Hamfrinin çox xoşuna gəlir.

Bogart (sağda) "Kasablanka" filmində
Bogart (sağda) "Kasablanka" filmində

Sonralar müsahibələrində bu barədə «mən anadangəlmə tənbəl idim, aktyorluq isə dünyanın ən asan əyləncəsi» deyəcəkdi. «Təlim»dən sonra tamaşaçı diqqəti və rollar artmağa başlayır.İlk vaxtlar tənqidçilər onu bəyənməyib ifasını «quru» adlandırsalar da, H.Boqart özü üzərində səylə işləyir.

Roldan rola peşəkarlaşır. Ancaq ABŞ-da baş verən birja böhranı teatrlarda tamaşaların sayının azalmasına səbəb olur. Boqart da əksər həmkarları kimi Hollivuda üz tutur. Bir neçə qısametrajlı filmdən sonra

«Fox Film Corporation» studiyası onunla həftədə 750 dollar qonorarla müqavilə bağlayır.

Müqavilənin şərtlərinə görə, H.Boqart başqa heç bir studiyanın filmlərində çəkilə bilməzdi, özü studiya yarada bilməzdi və ona təklif olunan roldan da imtina eləmək hüququ yox idi. Artıq Boqartın həyatı Hollivudla Nyu-York arasında keçirdi. Valideynləri boşanmışdılar, özünün ikinci evliliyi məhkəmənin astanasında idi.

1934-cü ildəisə atası yeganə oğluna külli miqdarda borc və bir qızıl üzük miras qoyaraq dünyasını dəyişir. (Hamfri o üzüyü heç vaxt barmağından çıxartmırdı). Bütün bu problemlər onunla nəticələnir ki, aktyor depressiyaya düşür və əməlli-başlı içkiyə qurşanır.

Bəlkə də hər şey elə-beləcə bitərdi, əgər rejissor və prodüser Artur Hopkins onu «Daşlaşmış meşə» (Robert Şervud) tamaşasında qaçaq cinayətkar Dyuk Mantini roluna dəvət eləməsəydi.Premyerası 1935-ci ildə Nyu-Yorkda baş tutan «Daşlaşmış meşə» o qədər uğurlu olur ki, həmin dövrdə daha çox azbüdcəli filmlərə üstünlük verən «Warner Brosther» studiyası pyesin ekranizasiya hüquqlarını alır.

Leslie Howard
Leslie Howard

Amma studiya rəhbərləri baş rolda Boqartı yox,tamaşada onun tərəf müqabili olmuş Lesli Hovardı çəkmək istəyirlər. L.Hovard ekranizasiya hüquqlarının bir hissəsinin onda olmasından istifadə eləyərək rola başqa aktyorları dəvət eləmiş studiya rəhbərlərinə «Boqart yoxdusa, müqavilə də yoxdu» deyə teleqram göndərir. (Onun bu yaxşılığını heç vaxt unutmayan Boqart 1952-ci ildə anadan olan qızına onun şərəfinə Lesli Hovard adını qoyur).

«Daşlaşmış meşə»nin ekranizasiyası 1936-cı ildə ekranlara çıxır. Hovardın oyunu həm tamaşaçılar, həm də tənqidçilər tərəfindən bəyənilsə də, müqaviləsi təzələnəndə həftəlik qonorarı 550 dollara endirilir və ona yalnız B kateqoriyalı filmlərdə qanqster rolları verilməyə başlanır.

Amma Hamfri Boqart bütün rollarını eyni peşəkarlıqla oynamağa çalışırdı. İçki həvəskarı olsa da, ən çətin anlarında belə çəkiliş meydançasına heç vaxt sərxoş gəlmirdi. Əksinə eynitipli rollardan istifadə eləyərək öz kino obrazını yaradırdı.

Tezliklə Hamfri Boqartın həyatında ikinci həlledici tanışlıq baş verir.Aktyor, rejissor və ssenarist Con Hyustonla tanış olur.

Və onun simasında həm öz rejissorunu, həm də sadiq dostunu tapır. Birlikdə işlədikləri «Malta qartalı» filmi ikisinə də uğur gətirir. (Bu film kino tarixində nuar janrında çəkilmiş ilk ekran əsəridi).

Hamfri Boqartı filmlərdə baş rollara dəvət eləməyə başlayırlar. 1942-ci ildə çəkildiyi «Kasablanka» isə (rejissor Maykl Körtis) hələ də ən müxtəlif sorğulardaəsrin ən yaxşı yüz filmindən biri sayılır. 1944-cü ildə «Kasablanka» «ən yaxşı film» nominasiyasında Oskara layiq görülür. H.Boqart da «Ən yaxşı aktyor oyunu» nominasiyasında mükafata namizəd olsa da, akademiklər heykəli ona yox,«Reynə kəşfiyyat» filmində baş rolun ifaçısı Pol Lukasa verirlər. Buna baxmayaraq, «Kasablanka» Hamfri Boqartın zəfəri olur.

O, ulduz aktyorlar sihyahısında birinci yerə keçir və öz dövrünün ən bahalı aktyoruna çevrilir.«Oskar» da alır. Amma 1952-ci ildə. Ketrin Höbbernlə tərəf müqabili olduğu «Afrikalı kraliça» filminə görə. Deyilənə görə, aktyor heykəli götürəndə heç kimə təşəkkür etməyib və «mən buna çoxdan layiq idim» deyib.

Hamfri Boqart üç dəfə evlənib.

Lauren Bacall
Lauren Bacall

1926-cı ildə aktrisa Helen Menkenlə. Nikahları doqquz aydan sonra pozulub, amma dostluqları ömürlərinin sonuna qədər davam eləyib.

1927-ci ildə aktrisa Meri Filipslə. On il içki yoldaşı olublar.

1938-ci ildə yenə də aktrisa Mayo Meto ilə. Mətbuat onlara «Döyüşən Boqartlar» təxəllüsü vermişdi. Meto ilə Boqart içən kimi dava salır, əllərinə keçəni bir-birinə tolazlayırdılar. Mayo həm də dəhşət qısqanc idi. Bunun ucbatından dəfələrlə damarlarını doğrayıb, ərini bıçaqlayıb, evi yandırmağa çalışmışdı.

Və 1945-ci ildə aktrisa Loren Bekolla.

Loren, Hamfri Boqartın həyatının eşqi idi.

Onlar «Olmaq, ya da olmamaq» filminin (1944) çəkiliş meydançasında tanış olmuşdular və 45 yaşlı H.Boqart 19 yaşlı, yaşıl gözlü sarışın gözələ ilk baxışdan aşiq olmuşdu. Bir axşam Lorenə «gecən xeyirə qalsın» deməyə gələn aktyor əvvəlcə onu bərk-bərk öpür, sonra da əlindəki kibrit qutusunu ona uzadaraq telefon nömrəsini yazmağını istəyir. Və onların 13 illik sevgi macərası başlayır.

Çoxları onları bir-birinə yaraşdırmırdı. Hamfri intelligent ailədə doğulmasına baxmayaraq, sadə və qaba idi. Qız isə həmişə nəzakətli və qanacaqlı. Üstəlik yeganə nailiyyəti də «Harpers Bazar» jurnalının üz qabığındakı fotosu və üç uğursuz tamaşa idi. «Olmaq, ya da olmamaq» onun kinoda ilk rolu idi.

H.Boqart həyatını gizlətməyi xoşlamasa da, evli olduğuna görə ehtiyatlı davranır, qısqanc Mayonun Lorenə nəsə eləyəcəyindən qorxurdu. Hər dəfə boşanmaq barədə söz salanda isə Mayo içib dava salırdı.

Nəhayət ki, 45-ci ildə arzusuna çatan Boqart boşanandan on bir gün sonra Lorenlə evlənir. Aktyor toy günü gəlininə üzərində «bir şey lazım olsa, fit çal» yazılmış qızıl fit bağışlayır. İlk görüşdükləri yer - «Olmaq, ya da olmamaq» filmindən xatirə olaraq.

«Uorner brazers» studiyası isə toy hədiyyəsi olaraq Boqarta ildə bir milyon dollar qonorarla təzə müqavilə təklif eləyir.

Lorenlə evlilik Hamfrini daha bir arzusuna çatdırır. Loren onu iki övlad atası eləyir. 49-yaşında ata olan Boqart bu barədə danışanda «bilmirəm, üşaqlarla neynəyim. Onlar içmirlər, axı» deyirdi.

Bekoll Hamfrinin həmişə arzuladığı həyat yoldaşı olur. Karyerasını unudub Özünü bütünlüklə ərinə və uşaqlarına həsr eləyir. Onların dəbdəbəli evində tez-tez ziyafətlər qurulur. Boqartın əvvəlki arvadlarından heç biri evə qonaq dəvət eləmirdi. Odur ki, bu həyat Boqart üçün yeni idi. Təbii ki, onların münasibəti ideal deyildi. Hərdən Boqart evə gecələr sərxoş gəlirdi. Hərdən Bekoll səhərə qədər ağlayır, yuxudan gözləri şişmiş oyanırdı.

Amma hər şeyə rəğmən onlar on üç il birlikdə yaşayırlar. 1956-cı ildə Boqarta boğaz xərçəni diaqnozu qoyulana qədər. 56-cı ilin fevralında Hamfri Boqart boğazından əməliyyat olunur və getdikcə özünə gəlməyə başlayır. Amma cəmi bir il.. 1957-ci il yanvarın 17-də o, sevimli arvadının və sadiq dostu Con Hyustonun qollarında dünyasını dəyişir.

Loren Bekoll, ərini basdıranda tabutuna qızıl fit qoyur. Toy günü hədiyyə aldığı, üzərində “bir şey lazım olsa, fit çal” yazılmış həmin fiti.

XS
SM
MD
LG