Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:32

“Beynəlxalq ədəbiyyat lobbisi” varmı?


Orhan Pamuk
Orhan Pamuk

-

“Bu bir beynəlxalq projedir” – Türkiyədə prezident Ərdoğanı dəstəkləyən qəzetlərdən olan “Takvim” ünlü yazarlar Orhan Pamuk və Elif Şafak haqda yazır: “Qərb bunları yaradıb ki, onların diliylə Türkiyə hökumətini tənqid etsin”.

Qəzet “beynəlxalq ədəbiyyat lobbisi” ifadəsi işlədir, lobbinin hər ölkədən bir neçə yazar seçdiyini, sonra da onlar vasitəsilə öz siyasi maraqlarını həyata keçirdiyini, Pamukun da, Şafakın da həmin lobbi tərəfindən idarə olunduğunu iddia edir.

Başqa bir hökumətyönlü qəzet – “Yeni Akıt” isə bu ilin əvvəlində sözügedən yazarları hətta “insan deyillər” deyə aşağılamışdı.

ELIF ŞAFAK: "BU HAQDA İLK DƏFƏDİR EŞİDİRƏM"

Britaniyanın “Guardian” qəzeti bu ittihamlarla bağlı E.Şafakın fikrini öyrənib. “Elə ki mən tənqidi bir yazı yazıram, ya da hansısa qəzetdə Türkiyə hökuməti, tarixi haqda fikir bildirirəm, belə ittihamlar səslənməyə başlayır. Amma “beynəlxalq ədəbiyyat lobbisi” haqda ilk dəfədir ki eşidirəm. Təəssüf ki Türkiyədə sui-qəsd nəzəriyyələri geniş yayılıb, insanlar da belə nəzəriyyələrə inanırlar. Bu cür paranoya daim təkrarlanır”.

“Takvim” yazır:

“Fürsət düşən kimi Türkiyəni pisləyən Orhan Pamuk "Kafamda Bir Tuhaflık" adlı yeni bir kitab yazıb. Kitabının reklamı üçün yenə səhnəyə çıxıb. Türkiyəni qaralamağa davam edir. İngilis mediasında Londondakı tədbirdə dedikləri ilə, Türkiyədə isə Doğan mediasına müsahibəsi ilə manşetləri bəzəyib. Kitabının baş qəhrəmanı “bozaçı Mövlud” vasitəsilə Türkiyəni tənqid edib. Türkiyədə düşüncə azadlığının vəziyyətinin çox pis olduğunu, ölkədə qorxu mühitinin hakim olduğunu deyib”.

“Takvim” daha sonra Pamukun “ölkəsini aşağılamaq yoluyla pul qazandığını” iddia edir.

Elif Şafak
Elif Şafak

Qəzet “proje” ittihamını Prof. Dr. Şengül Hablemitoğlu adından irəli sürür. Xanım alimin dilindən Elif Şafak “Pamukun hələ Nobel almamış variantı” kimi təqdim edilir.

Elif Şafak isə deyir ki, bu ittihamlar sosial mediada da yayılır, “satqın” yazıçılara olmazın söyüşlər yağdırılır:

"MƏN ONLARA MÜSAHİBƏ VERMƏMİŞƏM"

“Əlbəttə, çox adam bunu ciddi qəbul etmir. Amma inananlar da bəs qədərdir”.

“İngiltərə Pen” təşkilatının direktoru Jo Glanville “Guardian”a açıqlamasında belə ittihamların Pamuk və Şafak kimi yazıçıların nüfuzunun artmasından qorxmağın nəticəsi olduğunu, müstəqil ziyalıların nüfuzuna zərbə vurmağı hədəf aldığını bildirib:

“Bu, şablon bir təhdid kampaniyasıdır. Hökumət öz tərəfdarları vasitəsilə onu tənqid edənləri qorxutmağa çalışır. Onlar mifik bir beynəlxalq ədəbiyyat lobbisindən dəm vururlar. Heç bir əsası olmayan bir iddiadır”.

Bu arada isə “Takvim” qəzetinə başucalığı gətirməyən hadisə baş verib. Prof. Dr. Şengül Hablemitoğlu “Twitter”dəki hesabında qəzetə açıqlama vermədiyini deyib. Məqalə müəllifi Mevlüt Yüksellə danışdığını, amma müsahibə vermədiyini bildirib.

XS
SM
MD
LG