Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:16

"Rəssamlıq Akademiyasının tələbələri hələ də sosrealizmdən uzaqlaşa bilmirlər"


Məmməd Rəşidov öz emalatxanasında
Məmməd Rəşidov öz emalatxanasında

-

"Baxırsan onların düzəltdiyi heykəlləri elə 70-ci, 80-ci, 90-cı illərdə də düzəldirdilər. Sanki düşünməkdən qorxurlar, şüurları yenilənməyib".

Heykəltaraş Məmməd Rəşidovla müsahibə. RƏSMLƏRİ AŞAĞIDA

Məmməd Rəşidov 2002-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Müxtəlif illərdə Azərbaycanda, Türkiyədə, Çexiyada, Rusiyada sərgiləri keçirilib. Əsasən şüşə, keramika, metaldan istifadə edərək modern üslubda heykəllər düzəldir.

- Rəşid, sənin işlərində ən çox nəzərə çarpan materiallar avtomobil şüşələri, təkərləridir. Bu, nəyi ifadə edir?

- Tək bu deyil, müasir texnoloji yeniliyə aid olan hər cür materialdan istifadə edirəm. Maşın şüşələri üzərində müxtəlif konseptual işlər görmüşəm. Məsəlçün, birində qədimliklə müasirliyi göstərməyə çalışıram, Qoşaqala qapıları və onların fonunda “İçərişəhər” metrosunu əks etdirirəm, digərində Alov Qüllələrini göstərməyə çalışıram.

- Bəs yaradıcılıq üçün maşın detallarını hardan tapırsan?

- Adətən maşın şüşələri dəyişilən yerlərdə köhnə, çatlamış şüşələri verib təzələrini alırlar, köhnələri isə mən satın alıram.

- Heykəltaraşlar necə yaşayırlar, bu sənətlə dolanmaq mümkündürmü?

- Yaxşı sənətkar dolana bilir, kim nə deyir desin. Əgər sırf pulun arxasınca qaçmasan, vaxtının heç olmasa 70-80- faizini sənətə həsr etsən, zamanla topladığın təcrübə, gördüyün işlər, öz sənətin haqda yarada bildiyin rəy öz sözünü deyir. Əvvəla, heykəltaraşın stili yaranır, yaddaqalan əsərləri ortaya çıxır. Əsərləri də alınır, xaricdən də maraq olur, sərgilərə də dəvət alır. Heç kim deyə bilməz ki, sənətə ayrılan vaxt sonra boşa çıxır. Amma bizim rəssamlar özlərini aldadırlar ki, qoy bir sifariş olsun sonra işləyim.

- Rəssamlar adətən əsərlərin alınmamasından, ölkədə mədəniyyətə etinasız münasibətdən şikayətlənirlər. Sən özündə bunları hiss edibsən?

- Xeyr, mən elə deməzdim. Son dövrlər azərbaycanlılar sənətə daha həssaslıqla yanaşmağa başlayıblar. Bizim ölkədən tez-tez xaricə gedib gəlirlər, orda sənətə olan münasibəti görürlər. Ölkəyə qayıdanda artıq rəsm və heykəltaraşlıqla daha çox maraqlanırlar, daha çox əsər almağa can atırlar.

Məmməd Rəşidov
Məmməd Rəşidov

- Sən əsər sata bilirsən heç? Sifarişlərin var?

- Əlbəttə olur, amma sifarişə ciddi sənət kimi baxmıram. İndi sifarişlərin çoxundan imtina etmişəm, özümü daha çox sənətə həsr etməyə, daha çox araşdırmağa və öz peşəmin dərinliyini öyrənməyə çalışıram.

- Belə çıxır, ölkədə rəsmdənsə, heykəllərə maraq var?

- Əksinə, heykəl alanlar daha azdır. Çünki heykəli qoymaq üçün geniş məkan lazımdır. Hər heykəlin altına tumba yerləşdirmək lazımdır ki, onu kimsə aşırdıb qırmasın. Heykəllər daha baha olur və daha ağır olur. Həm də axı heykəli hazırlamaq rəsm çəkməkdən xeyli çətindir.

- İndicə dövlətin keçirdiyi tematik sərgilərdən birində gördüyüm “Nar” fiqurunun sənə aid olduğunu öyrəndim. Tematik sərgilər, simpoziumlar səni sənətdən soyutmur ki?

- Bir az elədir, amma sənət adamı biləndə ki, onun əsərlərini sərgiləmək imkanı olacaq, bir qədər həvəslənir, axı bu sərgilərin məqsədi də sənət adamlarını həvəsləndirməkdir. Mənsə, hansı sərgi mənə zövq versə, ancaq ona qatılıram. İl ərzində xeyli belə sərgi olur. Məsəlçün, mən ekoloji mövzuda, texniki tərəqqi mövzusunda bəzi işlərimi məhz belə layihələr üçün hazırlamışam.

- Adətən yazı adamları daha çox bir yerə toplaşır, bir-birlərini müzakirə edir, rəssamları nadirən bir yerdə görmək olur, iki heykəltaraşı isə bir yerdə görmək belə çətindir. Sanki heykəltaraşlar daha tənha həyat yaşayırlar.

- Yaxşı müşahidədir. Görünür, sənət belə tələb edir, işləyərkən daha çox özünə qapanan olmaq lazımdır. Hətta, iki-üç heykəltaraş bir yerdə çalışanda belə bir müddət sonra bir narahatçılıq hiss olunur. Amma bizim rəssamların əsərlərinə baxanda hiss olunur ki, ümumilikdə bir məktəb var, sanki bir-birlərinin emalatxanalarına gedib-gəliblər, bir-birlərindən nələrsə öyrəniblər. Heykəltaraşlarda belə deyil, bu sənət təkliyi tələb edir.

- Azərbaycanda heykəltaraşlığın məktəbi varmı? Bu məktəb nə qədər müasirdir?

- Belə bir məktəb yoxdur, məncə. Bizim Fuad Əbdürrəhmanov, Sapsay, Ömər Eldarov kimi heykəltaraşlarımız var. Bu heykəltaraşlar sovetlər dönəmində Moskvada və Peterburqda təhsil alıb ölkəyə qayıtmışdılar, özləri ilə birlikdə rus heykəltaraşlıq məktəbinin akademizm cərəyanını gətirmişdilər. Ancaq bu cərəyan zamanla köhnəldi, indi ondan uzaqlaşmaq istəmirlər. Bizim Rəssamlıq Akademiyasının tələbələri hələ də sosrealizmdən uzaqlaşa bilmirlər, baxırsan onların düzəltdiyi heykəlləri 70-ci, 80-ci, 90-cı illərdə düzəldirdilər. Sanki düşünməkdən qorxurlar, şüurları yenilənməyib.

XS
SM
MD
LG