Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:11

Türkiyə İraqa quru qoşunları yeridir


Türkiyə tankları Suriya ilə sərhəddə.
Türkiyə tankları Suriya ilə sərhəddə.

-

Sentyabrın 8-də Türkiyə quru qoşunları İraqın şimal hissəsi ilə sərhədi keçib. 2011-ci ildən bəri ilk dəfə olaraq Türkiyə quru qoşunları İraqa daxil olur. Məqsəd son bir neçə gündə 31 türk polisini qətlə yetirmiş kürd yaraqlılarını təqib etməkdir.

Rəsmi «Anadolu» agentliyinin məlumatına görə, 150 türk əsgəri İraqın şimalına daxil olur. Onlar Türkiyədəki hücumlardan sonra qaçmış PKK yaraqlılarını məhv etməyi hədəfləyir.

KOALİSİYAYA ƏNGƏL

Bu addım ABŞ-ın regionda «İslam Dövləti» silahlı qruplaşmasına qarşı mübarizə işiylə ziddiyyət təşkil edir. Belə ki, indi Türkiyə Suriya və İraqda İD-nin ələ keçirdiyi torpaqları geri qaytarmağa çalışan döyüşçüləri hədəfə alıb.

Türkiyə rəsmiləri İraqın şimalındakı əməliyyat üçün konkret vaxt göstərməyib. Ancaq bir rəsmi əməliyyatın «qısamüddətli» olduğunu bildirir. Türkiyə qırıcıları silahlıların düşərgələrinə daha çox zərbələr endiriblər.

Son günlər Türkiyədə hökumət qüvvələri ilə kürd silahlılar arasında gərginlik artıb. PKK hücumları nəticəsində sentyabrın 6-dan bəri azı 31 türk hərbçisi və polis əməkdaşı qətlə yetirilib.

Türkiyə iyulda ABŞ-ın İD-ə qarşı koalisiyasına qoşulub. ABŞ təyyarələri və pilotsuz qurğularının Türkiyə hava bazalarından istifadəsinə icazə verilib.

Ancaq Türkiyə daha çox PKK ilə savaşa fokuslanıb. Prezident Recep Tayyip Erdoğan deyib ki, İD Türkiyə üçün PKK-dan daha az təhlükə törədir.

Türkiyənin PKK-ya qarşı quru və hava hücumları isə Birləşmiş Ştatlar və müttəfiqləri üçün çətin durum yaradır. Belə ki, kürdlər Suriya və İraqın şimalında İD-ə qarşı vuruşan əsas qüvvədir.

TÜRKİYƏDƏN İŞİD-Ə YARDIM

Türkiyədə kürdpərəst partiyadan Nazmi Gur deyir ki, Türkiyənin quru müdaxiləsi İraqın şimalının və Suriyanın İD-dən azad olunması səylərini əngəlləyəcək:

«Türkiyə istəsəydi də, «Daesh»ə (İŞİD-in ərəbcə tərcüməsinin abbreviaturası) bundan artıq kömək edə bilməzdi».

Birləşmiş Ştatlar Türkiyə hökuməti və PKK-nı danışıqlar masasına qayıtmağa çağırıb.

«Türkiyə və PKK-nın sülhə nail olmaq prosesinə qayıtması vacibdir», - Ağ Evin sözçüsü Josh Earnest deyib.

Tənqidçilər Erdoğan-ı seçkini qazanmaq məqsədilə kürdlərlə savaşı qızışdırmaqda ittiham edirlər. 2013-cü ildə kürdlərlə atəşkəs əldə olunmuşdu.

Belə ki, prezidentin millətçilərin səsini qazanmaq istədiyi iddia olunur. İyunda keçirilən seçkilərdə kürdpərəst HDP-nin parlamentə keçməsi ilə hakim AKP çoxluğu itirdi. Türkiyədə noyabrın 1-də təkrar seçki keçiriləcək.

Erdoğan ittihamları rədd edir.

XS
SM
MD
LG