Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:24

Azərbaycan Avronestdən çıxır

Sentyabrın 14-də Azərbaycan Milli Məclisi növbədənkənar xüsusi plenar iclas keçirib.

Məqsəd Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsinin müzakirəsi idi.

Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamədə Azərbaycandakı siyasi məhbusların buraxılması tələb olunur. Siyasi fəalların təqibçisi kimi tanınan hakimlərə, rəsmilərə viza verilməsinin qadağan olunması və Əliyevlərin adı hallandığı korrupsiya məsələlərinin araşdırılması da gündəmə gətirilir.

Canlı bloqun postları ardıcıllıqla yerləşdirilib. Ən son məlumat ən əvvəldə verilib. Bloqunda sonunda «davamı» düyməsini basmaqla bloqu vərəqləmək olar.

14:23 14.9.2015

«Liviyanı dağıtdınız, indi də Azərbaycanı dağıtmaq istəyirsiniz?!»

Ziyafət Əsgərov
Ziyafət Əsgərov

«Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır. Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Avropa yalandan iddia edir ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunlar özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar».

apa-nın məlumatına görə, bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O, Milli Məclisdə olan KİV nümayəndələrinə müraciət edərək «burada onlarla jurnalist var, indiyədək hansınıza deyilib ki, bunu yazmayın, onu yazın?» deyə soruşub: «Mən deyim. Olmayıb. Belə bir hal olsaydı, hər halda deyilərdi. Azərbaycanda heç bir siyasi məhbus və ya təqib olunan jurnalist yoxdur. Avropa bu cür yolla Azərbaycana təzyiq etməyə çalışır».

Z.Əsgərov qeyd edib ki, Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb:

«Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropada artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıblar. Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?!».

Avropada yaranmış miqrant böhranına toxunan vitse-spiker deyib ki, indi Misirdə, Liviyada, Suriyada, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir:

«Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları kim qaçqın etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz».

14:00 14.9.2015

Siyavuş Novruzov avropalıları seçkini Azərbaycandan öyrənməyə çağırdı

Siyavuş Novruzov.
Siyavuş Novruzov.

YAP-dan olan deputat Siyavuş Novruzov qeyd edib ki, son iki ildə Avropa Parlamentinin qərəzli qətnamələrinin şahidi olublar:

«Növbəti bu bəyanata da etirazımızı bildiririk. Azərbaycanda olan inkişafı gözü götürməyənlərə bildiririk ki, bu mövqelərindən əl çəksinlər. 10-cu maddədə yazılıb ki, Leyla və Arif Yunusun həbs olunmasında məqsəd işğalçı dövlətlə Azərbaycan gəncləri arasında münasibət yaradılmasına görədir. Bundan böyük ədalətsiz yanaşma olar? Təcavüzə, soyqırımına məruz qalan bizik».

Müxalif Milli Şuranı «Milli satqınlar şurası» adlandıran Siyavuş Novruzov onları Avropa Parlamentində oturan «ermənipərəstlər»lə işbirliyində ittiham edib:

«Azərbaycanda bütün siyasi partiyalar, QHT-lər seçkilərdə iştirak edəcəyini bildirir, bir milli satqınlar şurasından başqa. Çünki onlar həmin qüvvələrdən qrant alırlar. Qrant aldıqları qüvvələrin sabah Azərbaycanla bağlı verdiyi bəyanatda özlərini element kimi görmək istəyirlər. Gəlib Avropa Azərbaycandan tolerantlıq, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğu öyrənsinlər. Onlar bilsinlər ki, Azərbaycanda iqtidar xalq birdir». /qafqazinfo/

13:46 14.9.2015

Oqtay Əsədov: «Avropadakı mənzərəyə ürəyim ağrıyır»

«Dəhşətli müqayisə yaranıb. 7 milyon kv.km ərazisi, 1 milyard əhalisi olan Avropa 300-400 min qaçqını qəbul edə bilmir. Torpaqlarının 20 faizi işğal olunan Azərbaycan dövləti 25 ilə yaxındır bir milyondan çox qaçqını saxlayır. Amma danışanda, avropalıların ağzına çullu dovşan sığmır».

apa-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov deyib.

O qeyd edib ki, bu gün Avropanın Yaxın Şərqdən gələn qaçqınları qarşılama mənzərəsi əsl konslager mənzərəsini yaradır: «Adam baxa bilmir. Mənim ürəyim ağrıyır. Qaçqınlarla qeyri-insani rəftar edirlər. Çörəyi hətta elə atırlar ki, üzr istəyirəm, sanki heyvana atırlar. Budur Avropa dəyərləri?».

13:13 14.9.2015

«AvroNestdə fəaliyyətimizi dayandırmalıyıq» -Səməd Seyidov

Səməd Seyidov.
Səməd Seyidov.

«Bu təxribat dolu qətnaməyə uyğun cavab verilməlidir».

Milli Məclisin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov belə deyib. Parlamentdə çıxışı zamanı o bildirib ki, bu qətnamə ilə Avropa Parlamenti özünə ciddi zərbə vurub:

«Bundan sonra onların deyəcəyi sözlər, veriləcək vədlərin heç bir əhəmiyyəti yoxdur. Onlar müstəqil dövlətə qarşı belə bir addım atdılar. Niyə bu addımı atdılar? Azərbaycan suveren dövlətdir. Müstəqil xarici siyasət aparır və kiminsə sözünü deyil, öz xalqının marağına uyğun iş aparır. Həm də, Azərbaycan öz torpaqlarını Minsk qrupundan və digər formatlardan kənar həll etmək iqtidarındadır. İnsan haqlarını müzakirə edəndə biz qaçqınları, demokratiya deyəndə bərabərliyi, qanunvericilik deyəndə beynəlxalq qanunların ciddiliyini düşünürdük... Mən bir faktı deyirəm. Bu sənədin (qətnamənin) təşəbbüskarlarından biri Avropa Azad Alyansında təmsil olunur. Həmin alyansın deputatları Dağlıq Qarabağda separatçı rejimi - «Arsax Demokratik Partiyası»nı öz üzvlüyünə qəbul ediblər. Biz öz sözümüzü deməliyik. Avropa Parlamentində sağlam qüvvələrlə birləşməli, AvroNest Parlament Assambleyasında fəaliyyətimizi dayandırmalıyıq». /qafqazinfo/

Davamı

XS
SM
MD
LG