Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:37

Dekorativ otlarla bəzədilmiş akvariumdakı kimi azadlıq


Bilal Həsənov
Bilal Həsənov

- "Sovet insanı o əşyaları aldıqca ozünü şüuraltı azad hiss edirdi. Coca-Cola içməklə, Marlboro çəkməklə, rəngli finski corab geyinməklə özünü azadlıqa toxunmuş bilirdi."

"Bu, azadlıq deyil, bu, azadlığın Çində qayrılmış replikasıdır. Sizə az porsiyada bu azadlıqdan dadmağa icazə verirlər ki, tam əqlinizi itirməyəsiz, boşboğazlıq etməyəsiz."

Bilal Həsənov

Starbucks azadlığı

1971-ci ilin məchul ayında Amerikanın şimal-qərbində yerləşən Sietl şəhərində iki müəllim və yazıçı, bir sözlə, universitet illərindən tanış üç dost şərik olub bir şirkət açırlar.

Şirkətin rəmzi qədim-yunan mifologiyasından götürülmüş Sirena olur. Homerdən sonrakı deyimlərdə bu məxluqat qanadlı qız və ya ayaqları əvəzinə balıq quyruğu olan qadın obrazında göstərilir.

Şirkətin adını isə çox fikirləşməyib, Herman Melvilin “Mobi Dik” əsərindən çırpışdırırlar.

Beləliklə, ilk "Starbucks" qəhvəxanası yaradılır. Mənim bu giqant kofeşop şəbəkəsinin yaranma tarixi haqqında yazmaq fikrim yoxdur. Belə heç həvəsində də deyiləm.

Bircə onu qeyd etmək istəyirəm ki, bu mağazalar şəbəkəsi dünyanın 70-dən artıq ölkəsində fəliyyət göstərir və bu günlərdə bizim ölkəyə də gəlib çıxıb. Xoş gəlib, səfa gətirib. Ləpirlərin mübarək, Starbucks!

Bu anda qısa haşiyə çıxmaq zorundayam. Bildiyimiz kimi, azərbaycanlılar kofe (bundan sonra məhz belə yazacam. Qəhvə sözü dilimizdə kobud səslənir. Mentallığımıza şıllaq atır. Ayağı sürüşkənliyə meyllidir. Cəmiyyətimiz belə səhvləri bağışlamır) istifadə etsələr belə, bütün aləm bizi çayxor kimi tanıyır.

Yəni kofenin Azərbaycanda çay qədər hörməti, izzəti, vesi, blatı yoxdur. Bir də ki, kofenin məmləkətimizdə geniş istifadəsi əsrin müqaviləsindən sonra oldu.

Xaricilər gəldikləri ölkəyə öz məvalarından bir dəb də gətirdilər. Kofe içmək, suşi yemək, hellouini qeyd etmək ənənəsi.

Çayın Azərbaycanda statusu arağın Rusiyada, şərabın Gürcüstanda, viskinin Şotlandiyadakı statusundan yuxarıdır.

Kofenin ofislərdə, iş yerlərində quru südlə tandemdə müftə verilməsi onu proletar azərbaycanlının gözündə populyar etmişdi.

Amma buna baxmayaraq, bizlər çay manyakıyıq, çayın xəstəsiyik, dəlisiyik.

Çayın Azərbaycanda statusu arağın Rusiyada, şərabın Gürcüstanda, viskinin Şotlandiyadakı statusundan yuxarıdır, ucadır, əbədidir və sarzılmazdır. Lap müstəqilliyimiz kimi.

Çaya bizim gündəlik həyatımızın hər notunda, hər addımında rast gəlinir. Əgər süfrə açılırsa, ora ilk növbədə çay gəlir.

Yeməyin əvvəlində-axırında, xeyir-şərdə, həyətdə-bacada, kafedə-restoranda, dənizkənarı parkda-zooparkda, barda-saunada, qatarda-təyyarədə, bir sözlə, hər məkanda çay bizi kabus kimi izləyir.

Çay məclisləri, çay dəstgahları fonunda dirilər evlənir, ölülər yad edilir, dostlar görüşüb dərdləşir, sevgililər kabinetlərdə sevişir, qaqaşlar nəşə eşir, möminlər toplaşıb “Yusif peyğəmbər”, əyalət əhli isə “Kurtlar vadisi”, “Muhteşem yuzyıl” filmlərini seyr edirlər. Nə isə, qayıdaq mövzuya.

Deməyim odur ki, çayın bu ölkədə, bu cəmiyətdə devrilməz hegemoniyası var. Bu sarsılmaz avtoritetin qarşısında bir qrup insanın sosial şəbəkələrdə "Starbucks" kofe şirkətinin Bakıya gəlişinə əl açıb oynaması, yallı getməsi açığı, gözlənilməz oldu.

Əvvəla, onu deyim ki, hər hansı bir brend paltar mağazasının, restoran-hotel şəbəkəsinin Bakıda peyda olması mənim həyatıma rəng qatmır, rifahımı yaxşılaşdırmır, maliyyə durumumu zənginləşdirmir.

Əksinə, şəhərdə iri kitab mağazaları açılsaydı, onda mən sözün əsl mənasında şad-xürrəm olardım. Hətta bir iri qoç da kəsərdim o kitab dükanının qarşısında.

Buna baxmayaraq, sırf maraq xatirinə bu yeni açılmış bomond yuvasına baş çəkməyi qərara aldım. Düzü, mağazanın heç içərisinə belə girəsi olmadım. Qismət deyilmiş.

İnsanların qapı girəcəyində aplomb danışıqları, snobizmi məni həvəsdən saldı. Gözlərində xoşbəxtlik, səadət, simalarında eyforiya, əllərində üzərinə adları həkk olunmuş plastik stəkanlı millətlə birlikdə yolu adlayıb keçdim Starbucksla üzbəüz parka.

Orada da bir neçə insan, əliuşaqlı, əlistəkanlı. Həmin plastik qablarının üzərində isə kofe sahibinin adından savayı, nəm saçları çılpaq sinəsini örtmüş yaşılbaş Sirena.

İnsanlar rahat gəzişir, söhbət edir, arada bu stəkənların qapağındakı xırda deşikdən ehmalca kofe sümürürdülər.

Hər qurtum sonrası stəkanı qaldırıb emblemə baxır, gülümsünür, davranışlarında daha azad olurdular. Sanki topuqlarında gəzdirdikləri paslı zənciri qırmış kimi yüngülcə addımlayırdılar.

Etiraf edək ki, "Starbucks" kofe mağazasının alıcıları arasında əyalətdən gəlib Bakıda kirayə evdə yaşayan tələbəyə, tikintidə işləyən fəhləyə və ya avtobus sürücüsünə çətin rast gələk. Bunun bir neçə səbəbi var.

İlk növbədə sözsüz ki, qiymət məsələsi. Bu şəhərdə nə ucuzdu ki, hələ bir kofe də baha olmaya.

İkincisi, insanların həyata baxışı. Məsələn, götürək elə mənim qonşum qəssab Qurbanı. Onun üçün kofenin və ya çayın harada içilməsi böyük əhəmiyyət kəsb etmir.

Həmin içkilərin brendi, markası, istehsal tarixi, belə onu maraqlandırmır. Yəni sabah dan yeri ağarmamış iribuynuzlu heyvanı yerə yıxıb, kəsib-soyub-doğrayan qəssab Qurban qurumuş boğazını islatmaq üçün Gürcüstandan min əzabla gətirdiyi mersedesinə minib (xalq dili ilə desək, “dörd gözünə”) üstü qanlı-nəcisli sürməyəcək şəhərin mərkəzinə ki, nə var-nəv ar bir istəkan kofe içim. Bu ona lazım deyil, heç onun marağında da deyil.

Yəni həmin kofenin öz alıcıları, müştəriləri, öz sosial çevrəsi var. Onların bəziləri mənə Stephen King'in eyniadlı əsəri əsasında Frenk Darabontun çəkdiyi “Şouşenkdən qaçış” filmini xatırladır, daha dəqiq, bir epizodu.

Baxanlar bilər. Filmin qəhrəmanı məhbus Endi Dyüfreyn (Andy Dufresne) “zona” yoldaşları ilə birlikdə dam qırlayır. İş zamanı məhbuslara nəzarət edən mühafizə rəisinin öz işçisi ilə söhbətinə qulaq şahidi olur.

Mühafizə rəisinin hüquq problemləri olduğunu anlayan Endi ona kömək etməyi qərara alır, əvəzində isə hərəyə, yəni hər məhbusa bir şüşə soyuq, buza basılmış pivə istəyir.

Sonda Endi rəisin işin düz-qoş edir. Mühafizə rəisi isə Endinin istədiyini reallaşdırır.

Və bir neçə məhbus, qızmar günəş altında, elə qırladıqları binanın damındaca, tərləmiş şüşələrdən soyuq pivə içərək özlərini tam hüquqlu, azad insan kimi hiss edirlər. Çox qısa bir müddətə olsa belə.

Əlbəttə ki, kənardan onları müşahidə edən mühafizə rəisinin və konvoyun nəzarəti altında. Tüpürəsən belə pivə içməyə.

Sovet dövründə insanlar cins şalvar, saqqız, rəngli jurnallar, kosmetika, siqaretlər və digər məişət malları almaq üçün əldən gedirdilər. Elə Bakının özündə Kubinka deyilən küçədə də bu cür mallar satılırdı.

Bu kontraband malı gətirən farçovşiklər isə yaxşı gəlir əldə edirdilər. Sovet vətəndaşının bu mallara həvəsi keyfiyyət və qiymət ilə bağlı deyildi.

Əksinə, Sovetdə istehsal olunan mallar zamanca daha dözümlü olurdu. Burada bir səbəb var idi. Azadlıq! Sovet insanı o əşyaları aldıqca ozünü şüuraltı azad hiss edirdi.

Coca-Cola içməklə, Marlboro çəkməklə, rəngli finski corab geyinməklə özünü azadlığa toxunmuş bilirdi. Dəmir darvazanı uçurmuş sanırdı.

Avtoritar ölkədən qırılıb bir anlıq Qərb sivilizasiyasına, kapitalist sisteminə qarışırdı. Özünü ağ adam hiss edirdi.

Azad fikir bildirmək, şablonluq çərçivəsindən çıxmaq, boz sosialist həyatını refreş etmiş olurdu. Bu mövzuda bir çox rus dissidentləri əsərlərində, məktublarında, xatirələrində dəfələrlə yazıblar.

Cənablar, mən sizə kofe içməyi qadağan edə bilmərəm. Elə kofe şirkətinin şərəfinə atəşfəşanlıq etməyinizi də. Bunun mənə isti-soyuğu yoxdur.

Amma iftixarla içdiyiniz qaynar kofe damlasının sizə azadlıq gətirməyəcəyini deməliyəm. Adlarınız yazılmış boş kofe qablarını üstümə atsaz belə, mən sizə xitab edirəm.

Hər biriniz azad olmadığınızı dərk edirsiniz. Bunu məndən və qəssab Qurbandan da aydın sezirsiniz və susqunluqla, məzlumluqla mumlayırsınız.

Amma kölə təfəkkürünüz, artıq alışdığınız qandallar və içinizdəki şouşenk məhbusu sizi xülyalar uydurmağa, narıncı eynək geyinməyə, illüziyalar içində uyumağa sövq edir.

Bu, azadlıq deyil, bu, azadlığın Çində qayrılmış replikasıdır.

Siz "Starbucks" kofesi içib, bulvarda gəzişib, "Papa-John's" pizzası yeyib özünüzü azad sanırsınız. Bunu öz ətrafınıza da inandırmaq meylindəsiniz.

Bu, azadlıq deyil, bu, azadlığın Çində qayrılmış replikasıdır. Sizə az porsiyada bu azadlıqdan dadmağa icazə verirlər ki, tam əqlinizi itirməyəsiz, boşboğazlıq etməyəsiz. Bu, akvarimu işıqlandırmaq, çay daşı, dekorativ otlarla bəzəməyə bərabərdir.

Marionetka kimi saplarınız boşalanda bir-birinizə dolaşırsız. Siz öz yazdığınız nağılda yaşamaq istəyirsiniz.

Sizin içinizdə özünüz ölçüdə xofunuz var. Hətta heykəlin belə, kölgəsindən çəkinirsiniz. Siz diri ikən, sizi ölülər diyarından idarə edirlər.

Özünüzü yuxarıdan seyr etməyə çəkinirsiniz, birdən həqiqəti ifşa edərsiniz. Karton qutunun içində olduğunuzu anlayarsınız. Bazarda satışa qoyulan qırmızıgöz, ağ xəzli bala dovşan kimi.

Cənablar, azadlıq siz girən kol deyil. İnanın mənə, ora çox tikanlı, dibi ilanlıdır. Azadlıq sevgi kimidir, onu yalnız yaşamaq olur, imitasiya burada yersiz və gülüncdür.

Azadlıq uğrunda vuruşmaq, çarpışmaq gərək, siz buna qadir deyilsiniz. Bunu mən deyirəm. Hər zaman sizin ətrafınızda olan.

Mən sizinlə bir küçədə yaşayıram, arabir liftə bir minirik, kinoteatrda yanbayan otururuq.

Bizim aramızda yalnız bir addımlıq məsafə var.

Mən avtomu sizin maşınlarınızın yanında park edirəm, siz bankomatdan pul alarkən mən sizin kürəyinizə baxıram, siz restoranda yeməklə selfi edərkən mən yandakı masada hesabı ödəyirəm. Mən sizinlə bir küçədə yaşayıram, arabir liftə bir minirik, kinoteatrda yanbayan otururuq.

Siz məni kütlədə seçməsəz də, mən sizi təqib edirəm. Qorxularınız mənə tanışdır, mətbəxdə pıçıltılı dialoqlarınızdan agaham, “biz siyasətə qarışmırıq” kəlmənizi eşitmişəm, somnambula tək yaşadığınıza öyrəncəliyəm.

Amma rica edirəm, bu yazını oxuyarkən qaynar kofeni tələm-tələsik içib sərt damağınızı yandırdığınız zaman ingiliscə söyüş söyməyin, həmin an çox gülməli və cılız görünürsünüz.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG