Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 17:58

Nazirlər Kabineti 44 üzvlə regionda liderdir


Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

-

Hökumətdə struktur islahatların aparılması yenə müzakirə mövzusuna çevrilib. Müstəqil ekspertlərin bir neçə dövlət qurumunun ləğv ediləcəyi və ya birləşdiriləcəyi barədə xəbər və təklifləri indi daha çoxalıb. Neftin ucuzlaşdığı indiki dönəmdə islahatlar qaçılmaz görünür.

Dövlət başçısının ötən il dekabrın 30-da Zirə Mədəniyyət Mərkəzi və Ekoparkın açılışında söylədikləri də bu fikri təsdiqləyir: «Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək. Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda, daha böyük səmərə ilə işləməliyik».

İlk addım ötən ilin əvvəlində atılıb - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib.

Qonşu ölkələrlə müqayisədə Azərbaycanda hökumətin struktur və tərkibi genişdir. Məsələn, Türkiyədə - 27; Gürcüstanda – 20; Ermənistanda - 25 nəfər hökumət üzvü var. Azərbaycanın Nazirlər Kabineti isə 44 nəfərdən ibarətdir.

«EFFEKTİV HÖKUMƏT QURMAQ ƏSAS ŞƏRTDİR»

Respublikaçı Alternativ Hərəkatının (REAL) icra katibi Natiq Cəfərli bu qurumun proqramındakı ayrıca bölməni xatırladır: «İslahat yolu - effektiv hökumət qurmaqdır. REAL minimum resurslarla maksimum nəticələr əldə etməyi bacaran hökuməti «effektiv hökumət» sayır. Yüksək funksionallığa, sayca məhdud təsisatlara və məmur aparatına malik, çox az məbləğdə büdcə vəsaiti hesabına saxlanılması mümkün olan hökumət qurmaq lazımdır. Belə hökumətdə nazirliklər yalnız siyasi tənzimləmə vəzifələrini həyata keçirəcəklər».

Natiq Cəfərlinin fikrincə, xərclənən pulların cəmiyyətin hər bir üzvünə yarar saxlaması başlıca məsələdir: «REAL-ın təklif etdiyi «effektiv hökumət» nəticəli büdcə mexanizmlərinə keçid sayəsində təmin olunacaq. Nəticəli büdcə mexanizmi hökumətin hər bir strukturu üçün dəqiq işlənmiş strateji hədəflərin və bu hədəflərə uyğun fəaliyyətlər üzrə büdcə ehtiyaclarının müəyyən olunmasıdır».

İSİM STRUKTUR İSLAHATLARINI BELƏ GÖRÜR

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) öz araşdırmalarına dayanaraq, struktur islahatları belə təsəvvür edir:

- «Azərsu», Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılması;

- «Azərenerji»nin Dövlət Neft Şirkətinə birləşdirilməsi;

- Dövlət Gömrük Komitəsinin ləğv edilməsi və ayrıca idarə kimi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməsi;

- Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilməsi və İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibinə verilməsi;

- Dövlət Sosial Müdafiə Fondunun ləğv edilməsi və departament şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi;

- İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılması, onun bazasında Rəqabətin Müdafiəsi Agentliyinin yaradılması;

- Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qismininsə İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi (bu nazirliyin bazasında Yanacaq Energetika Departamentinin yaradılması).

XS
SM
MD
LG