Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:18

'Qusarda çobanın 2 mərtəbəli evi var, mənim isə 1...'


Rabitə və Yüksək Texnologiyalar nazirliyi
Rabitə və Yüksək Texnologiyalar nazirliyi

"Mən bu qədər uğurlu nəticə qoymuşdum ortaya. "Çox sağ ol" almaq əvəzinə bu cür nəticə ortaya çıxdı. Mənim adi bağım, heç bir obyektim yoxdu. Kağız yeyiləsi deyil ki, mən o pulu yeyəydim".

"Rabitə" voleybol klubunun prezidenti, “AzİnTelekom” MMC-nin baş direktoru olmuş Cəlil Cəfərov dekabrın 2-də məhkəmədə ifadə verərkən belə deyib. O, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin, eləcə də nazirliyin tabeliyindəki qurumların vəzifəli şəxslərilə bağlı cinayət işində təqsirləndirilənlərdən biridi.

Buna da bax:​ Gör nə günlərə qaldın, Voleybol...

Mütəşəkkil dəstənin üzvü olmadığını, heç bir cinayət törətmədiyini deyən Cəlil Cəfərov bildirib ki, 900-1000 manat maaşı ilə yanaşı, keçmiş nazir Əli Abbasov ona aylıq paket əməkhaqqı ayırıb. Dindirmə zamanı üzə çıxıb ki, aylıq paketin məbləği 50 min imiş.

“XƏRCLƏR 300 MİLYON AZALDI”

Aldığı vəsaiti təkcə özü xərcləmədiyini, voleybol komandasına da sərf olunduğunu vurğulayan Cəlil Cəfərov komandanın uğurlarından danışıb. Deyib ki, komanda 2014-cü ildə dünya çempionu olub, bundan sonra prezident klub üzvlərini qəbul edib: "Biz həbs olunandan sonra "Rabitə" Voleybol Klubu da dağıldı".

"AzİnTelecom"un rəhbəri kimi fəaliyyətindən danışan Cəfərov deyir ki, əvvəl Azərbaycan internet üçün beynəlxalq kanalı Rusiya üzərindən alırdı: "Onlar monopoliya qurmuşdular, bizi kənara çıxmağa qoymurdular. Biz Almaniyadan kanala qoşulduq və qiyməti 10 sentdən 2 sentə endirdik, xərclər 300 milyon azaldı".

Buna da bax:​ ‘Rabitəçilər işi’ndə Eldar Mahmudovun oğlunun adı çəkilib

Cəlil Cəfərov ittiham aktında keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun yaxın dostu kimi göstərilən Ayaz Kərimovun adına təsis edilmiş "Cartburg" şirkəti ilə əməkdaşlıqdan da danışıb. Bildirib ki, Eldar Mahmudovla Əli Abbasov arasında danışıqlar, razılaşma olub, bundan sonra "Cartburg" şirkəti ilə müqavilə bağlanıb: "Məqsəd həm də dövlətin təhlükəsizliyi, xaricdən edilən gizli zənglərin, danışıq trafikindəki qanunsuz şəbəkələri aşkarlamaq idi. Nazir qiymətlərə, trafikin aylıq həcminə və keyfiyyətinə daim özü nəzarət edib. "Cartburq" MMC-in işçisi Elmar Hüseynov hər ay gəlirdi, pulu gətirirdi. Ordan 50 mini klub üçün, 29 mini data sistemə görə götürürdüm. Qalan 300 min dollar civarında pulu isə Vidadi Zeynalova verirdim".

“BƏLKƏ TERRORÇULAR DA ZƏNG EDİR?”

Klub prezidenti vurğulayıb ki, heç bir qanunsuzluq eləməyib, nazirliyin rəhbərliyinin tapşırıqlarını yerinə yetirib: "İttiham aktında yazılıb ki, "Rostelekom" guya daha aşağı qiymətlər təklif edib. Orada cinayətkarlıq baş alıb gedirdi, bunu MTN də araşdırmışdı. Mağazalara pulsuz aparat verirdilər ki, guya wi fi gücləndirilir. Həmin aparatları açanda qapaqda xüsusi hissə vardı, orada mobil nömrə yerləşdirdilər. Yəni, mini mobil operator yaradırdılar. Sonra onun üzərindən insanlara zəng edirdilər. Həmin vaxt insanlara beynəlxalq nömrələrdən zəng gəlirdi, araşdıranda görünürdü ki, yerli nömrədir. Onlar elə peşəkar oğurluq edirdi ki, heç qeydiyyata da düşmürdü. Biz bunlarla mübarizə aparırdıq. MTN də bizi sıxışdırırdı. Çünki həmin nömrələrdən kimin zəng etdiyi bilinmirdi. Bəlkə terrorçular bu xətlərdən istifadə edirdi? Çünki terrorist də belə zəng edə bilərdi. Biz tutulandan sonra yenə də bunlar ortaya çıxdı və indi daha çoxdu.

Buna da bax:​ Rabitəçilər işi: baş mühasib 10 milyonu tək necə mənimsəyib?

Biz işlədiyimiz müddətdə danışıq trafiki üzrə dövlət büdcəsinə zərər gəlməyib. Amma həbs olunandan sonra, araşdırmalar apartdırmışam. Məlum olub ki, həbsimdən sonra dövlətə hər ay 1 milyon manat zərər dəyib".

Bugünkü məhkəmədə təqsirləndirilən şəxslərdən "Optik Qurğular" İdarəsinin rəhbəri Namazalı Məmmədov da dindirilib. Prezidentin onu "Tərəqqi" medalı ilə təltif etdiyini deyən N. Məmmədov işlədiyi dövrdə bütün qayda-qanunlara əməl etdiyini vurğulayıb.

“ALACAĞIM VAR”

12 milyon manatlıq mənimsəmədə, təkcə özü 4 milyonu mənimsəməkdə suçlanan Namazalı Məmmədov bildirib ki, onun rəhbərlik etdiyi idarənin gördüyü işlərə görə hələ də "Aztelekom" MMC-dən 16 milyon alacağı var: "4 milyon mənimsədiyim yazılıb, 7,4 milyonu da mənimsəməyə cəhd etdiyim deyilir. Bu halda da mənim alacağım var. Mən niyə burda oturmalıyam?".

Buna da bax:​ Beytulla Hüseynov: 'Vergi əməkdaşlarına 11 milyon verilib'

Namazalı Məmmədov qeyd edib ki, istintaq da Maliyyə Nazirliyinin əməkdaşları yoxlamalar apararkən nöqsanlara yol veriblər: "Necə sərf edirdisə, elə də yoxlama aparılıb. Ezamiyyət, maşın-mexanika və bir çox məhsulların alınmasına xərclənən vəsaitlər nəzərə alınmayıb. Bəzi bahalı materiallar çox ucuz qiymətləndirilib. Bununla da mənimsənildiyi deyilən məbləği şişirdiblər".

Təqsirləndirilən şəxslərdən nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla da 2005-ci ildən Şamaxıda bağ qonşusu olduğunu, onu oradan tanıdığını deyən Namazalı Məmmədov söyləyir ki, nağdlaşdırılmış pullardan 8 milyon manat Vidadi Zeynalova verdiyi haqda ittiham aktında yazılanlar yalandı: "Mən bu fikirləri təkzib edirəm. Belə bir şey olmayıb".

Buna da bax:​ Vəkil: 'Keçmiş nazir 6 milyon 836 min manat ödəyib'

“1300 MANAT ALMAĞA BAŞLADIM”

Təqsirləndirilən şəxslərdən "Azərpoçt" MMC-in baş direktoru olmuş Qəmbər Bəybalayev də bu gün ifadə verib. O, "paket" sistemindən danışıb: "Əli Abbasov bizə "paket" verilməsini təklif edəndə, buna razı olmadım. Xahiş etdim ki, maaşlarımızı qaldırın. O da mənim xahişimi yerinə yetirdi, mərkəzi aparatın maaşını yüksəltdi. 300 manat alan mən 1300 manat almağa başladım. Mənə 74-dək idarə rəisi tabe idi. Onların biri də deyə bilməz ki, onlardan bir qəpik almışam. Onların özlərinə "paket" verilirdi. Bizim idarədən pullar aparıldı. Amma mən heç zaman bu işə qarışmamışam. Mənə milyonları mənimsəmə ittihamı verilib. Əmlaklara baxsınlar, Qusarda çobanın 2 mərtəbəli evi var, mənim isə 1 mərtəbəli evim var. Mən fikirləşirdim ki, prokurorluq məni buraxar, çünki heç vaxt mənimsəmədə iştirak etməmişəm".

Məhkəmə dekabrın 7-də davam edəcək.

Buna da bax:​ Vəkil keçmiş nazirin '300 min aylıq şəxsi xərcləri' barədə əlavə məlumatlar verir

Bu iş üzrə ittihama görə, Vidadi Zeynalov da daxil, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmədə suçlanır.

517 cildlik cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıq alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə edilib.

XS
SM
MD
LG