Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:16

Ən bahalı məmur maşını neçəyədir?


Mercedes Benz.Iran.İllüstrasiya
Mercedes Benz.Iran.İllüstrasiya

“Hansı məntiqlə məmurlar 220 minlik maşın almalıdır?”

İyulun 1-də KİV-lər büdcəyə “yük olan” məmurların bahalı xidməti avtomobillərindən, paytaxtdakı küçə alverindən, sosial islahatlarla bağlı gözlənilən növbəti addımlardan, “həmrəylik marafonu”ndan yazırlar.

“Yeni Sabah.az” iqtisadçı Qadir İbrahimli ilə məmurların xidməti istifadə üçün bahalı avtomobillərdən istifadə etməsi haqda söhbətləşib. Həmin yazı belə adlanır: “Hansı məntiqlə məmurlar 220 minlik maşın almalıdır?”-ekspertdən etiraz”.

Q.İbrahimli “Yeni Sabah”a bildirir ki, Azərbaycanda 77 rayon, 11 respublika tabeli şəhər var: “Sadə hesablama ilə bəlli olur ki, 88 rayon və şəhər icra başçılarının təkcə xidməti avtomobilinin toplam dəyəri 19,5 milyondur. Buraya avtomobillərə xidmət xərclərini nəzərə alsaq məbləğ daha da artır. Ancaq siyahı təkcə icra başçları ilə qapanmır. Hər bir icra başçısının ən azı 2-3 müavini var”. “Kəlbəcər rayon İcra Hakimiyyəti qurumun aparatı üçün Mercedes Benz S350 model minik avtomibilinin alınması üçün tender elan edib. Avtomobilin yeni modelinin satış qiyməti 130 min dollardan (221 min manat) başlayır. Təbii ki, bu yalnız Kəlbəcər icra başçısına tanınan hüquq deyil - hər bir rayonun icra başçısı eyni və ya oxşar avtomobildən istifadə edir”, - iqtisadçı söyləyir.

Ekspertə görə, ən minimal hesablamalarla icra başçıları və onun müavinlərinin xidməti avtomobillərinin toplam dəyəri 50 milyon manatı ötür.

Qadir İbrahimli üstəlik Nazirlər Kabinetinin tərkibinə 33 mərkəzi icra hakimiyyəti orqanının (nazirlik, dövlət komitəsi və xidməti, agentlik) daxil olduğunu da əlavə edir.

“Təbii ki, nazirlərin avtomobilləri icra başçılarından ucuz deyil. 33 mərkəzi icra hakimiyyəti başçısının xidməti avtomobilinin dəyəri ən azı 10 milyon manata yaxındır. Nazir müavinlərinin, baş idərə rəislərinin bahalı avtomobillərinin dəyərini də nəzərə alsaq, bu məbləğ bir neçə dəfə artmış olacaq. Üstəlik də bahalı avtomobillərə xidmət xərcləri də yüksək olur və büdcəyə yüklənir”.

Ekspert hesab edir ki, minimum əmək haqqı 250, orta aylıq əmək haqqı isə 581 manat olan ölkədə məmurların 220 minlik xidməti avtomobildən istifadə etməsi absurddur.

“Heç inkişaf etmiş ölkələrin nazirləri belə bahalı avtomobildən istifadə etmir. Yaxşı olar ki, məmurlar 10 dəfə ucuz, dəyəri 15-29 min manat olan xidməti avtomobildən istifadə etsinlər, qənaət olunan vəsait hesabına isə aztəminatlı ailələrə uşaq pulunu bərpa etmək olar. Bu həm ciddi bir sosial layihə olar”, -iqtisadçı təklif edir.

Növbədə hansı islahatlar olmalıdır?

“Yeni Müsavat” qəzetində isə “Sosial islahatlar paketinin davamında nələr var” adlı məqaləni oxumaq olar. ​

İqtisadçı Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında sosial islahatların davamı kimi uşaq pulunun və elektrik enerjisinin güzəştli qiymətlə istifadə limitinin artırılmasına ehtiyac olduğunu deyir. Əmək haqlarının, təqaüd və müavinətlərin artırılması, minimum əmək haqqının artımı ilə bağlı iki dəfə qərar verilməsi, problemli kreditlərin həllini tapması, təbii qazın güzəştli qiymətlə istifadə limitinin artırılması ilin “sosial islahatlarla yadda qalması kimi” dəyərləndirilir.

Onun sözlərinə görə, başçılıq etdiyi “İqtisadi və Sosial inkişaf Mərkəzi” uşaq pulunun artırılması ilə bağlı mexanizm hazırlayaraq Azərbaycan hökumətinə təqdim edib: “Biz uşaqları 3 yaş qrupu üzrə ayırmışıq. 3 yaşınadək olan uşaqlara daha çox uşaq pulunun verilməsinin tərəfdarıyıq, çünki bu ailələr adətən gənc olur, həm də uşaqların səhiyyə və digər xərcləri çox olur. Daha sonra 7 yaşınadək olan uşaqlara və 7 yaşından 17 yaşınadək uşaqlara aylıq ödənişin həyata keçirilməsi bu təkliflərdə öz əksini tapıb”.

İqtisadçı bildirir ki, təklif edilən mexanizm həm “rasional məbləğ çərçivəsində” uşaq pulunun bərpasına imkan verir, həm də dövlət büdcəsinə böyük yük yaratmır.

Elektrik enerjisindən istifadə limitinin artırılmasına gəlincə, ekspert hesab edir ki, onun “vətəndaşların sosial vəziyyətinə müsbət təsir göstərəcək səviyyədə” artırılmasına ehtiyac var.

İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, minimum istehlak zənbilinin və yaşayış minimumunun yenidən hesablanması məsələsi gündəmə gələ bilər: “Sonuncu dəfə bu sahədə yenilənmə 2014-cü ildə olub, bu hətta devalvasiyadan da öncə idi. Sonuncu dəfə 5 il öncə atılan bu addım artıq bugünkü qiymətlər, vətəndaşların tələbatına, dünya praktikasına və yenilənmiş minimum istehlak zənbili anlayışına cavab vermir”.

N.Cəfərlinin sözlərinə görə, bu, sosial paketin davamı baxımından çox mühümdür: “Payız aylarında minimum əmək haqqı və minimum pensiyanın artırılması da gözlənilir. Minimum istehlak səbəti də buna uyğunlaşdırılmalıdır. O baxımdan növbəti addımın bu sahədə olacağını gözləyirəm”.

“Azərbaycansayağı marketinq - küçə alveri”

“Azərbaycan” qəzeti “Azərbaycansayağı marketinq” adlı məqalədə paytaxtdakı küçə ticarətindən haqda yazır. Yayın gəlişiylə Bakının mərkəzi küçə və prospektlərindən aralanan kimi “sanki kolxoz bazarına düşməkdən, hansı küçə, hansı məhəlləyə dönsən gözə dəyən “meyvə-tərəvəz yeşikləri, "ucalan” yemiş-qarpız "təpələrin”ndən giley olunur.

“Bazar iqtisadiyyatına keçsək də, bazar təfəkküründən keçə bilmirik. Bilsəydik, havalar isinincə çobanlar sürülərini yaylağa qaldırdıqları kimi biz də dükanlardakı yeşik-yeşik malları, özü də ərzaq məhsullarını küçələrin, məhəllələrin ortasına çıxarmazdıq, daha doğrusu, tökməzdik. Guya bununla müştəri tutulur, alver artır, qazanc çoxalır. Nə deyək, görünür, bu da bir azərbaycansayağı marketinqdir”, - qəzet yazır.

Məqalədə deyilir ki, belə alış-veriş “yöndəmsiz yerlərdə, səkiləri zəbt etməklə” aparılmaqla sakinlərin rahat gediş-gəlişinə narahatlıq yaradır. Amma bu problemin “daha ciddi və daha ağır fəsadlara yol açan tərəfləri”nə diqqət çəkilir: “Söhbət küçədə satılan meyvə-tərəvəz və bostanın insan sağlamlığı üçün təhlükəsindən, həmin ərazidə yaratdığı antisanitariyadan gedir. Bu üzdən ilk növbədə küçədə toz-torpağın basdığı ərazidən gün altında, istidə qalmış meyvə-tərəvəz alanları qınayırıq. İndi nə zəmanədir ki, belə bir şəraitdə alış-veriş edək?!”.

Yazıda bu cür ticarətin şəhərin onsuz da təmiz olmayan ətraf küçə və məhəllələrinin daha da zibillənməsinə rəvac verdiyi vurğulanır. “Amma olmaya bilərdi. Əgər bu işi qaydasına salan demirik, qarşısını almalı olan müxtəlif təyinatlı qurumlar öz vəzifə borclarına məsuliyyətlə yanaşsaydılar”.

Məqalənin sonunda isə deyilir: “İnanmırıq ki, belə halların qarşısını almalı olan çoxsaylı mərkəzi nəzarət və yerli icra qurumlarının gözyumuqluğu, hərəkətsizliyi humanistlikdən, dövlətin sahibkarlığın inkişafı siyasətinə dəstək vermək və ya yeni iş yeri açmaq istəklərindən irəli gəlir, əks halda haqdan yox, ədalətdən, fəaliyyətdən danışardıq”.

XS
SM
MD
LG