Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:03

Çexiyada yoluxmalarda kəskin artım, vaksin həyəcanı, yeni maska


Çexiya sakinləri karantindən sonra
Çexiya sakinləri karantindən sonra

Çexiya respublikasında koronavirusa yoluxmalarda son dörd həftədə kəskin artım baş verib. Səhiyyə Nazirliyi bu ay ilk dəfə olaraq gündəlik yoluxmaların 100-ü keçdiyini bildirir.

Bazar ertəsi 111 yeni yoluxma qeydə alınıb və ölkə üzrə ümumi yoluxma sayı 8 min 586-ya çatıb. Ölü sayı dəyişməyib – 297 nəfər.

Çexiya da Mərkəzi Avropadakı digər ölkələr kimi martın ortasından məktəbləri, mağazaları sərhədləri bağlamışdı. Son vaxtlar isə virusdan sağalanların sayında artım vardı.

Çexiya Radiosu ölkənin şimalında mədən regionu sayılan Moraviyada böyük episentr yarandığını xəbər verir, yoluxanlar daha çox yaşı 65-ə qədər olanlardı. Amma paytaxt Praqada da yoluxma sayında artım var.

Uzunmüddətli böhran

“Reuters” agentliyi risk menecerlərinə istinadla koronavirus pandemiyası nəticəsində qlobal böhranın uzun müddət qalacağını xəbər verir. Dünya İqtisadi Forumunun (DİF) hesabatında belə deyilir.

Sorğuya qatılmış 347 respondentdən üçdə ikisi deyib ki, növbəti 18 ay ərzində qlobal iqtisadiyyatda uzunmüddətli azalma gözləyirlər.

Risk menecerlərinin yarısının fikrincə, iflaslar, sənaye konsolidasiyası baş verəcək, sənayelər özlərinə gələ bilməyəcək, özəlliklə gənclər arasında işsizlik yüksək səviyyədə olacaq.

“Böhran həyatları, yaşayışı alt-üst edib. Uzunmüddətli təsirləri olan iqtisadi böhrana səbəb olub və keçmişin çatışmazlıqlarını üzə çıxarıb”, – DİF-in direktoru Saadia Zahidi deyib.

Dinləmələr olacaq

“Reuters” onu da xəbər verir ki, bu gün – mayın 19-da ABŞ-ın Maliyyə naziri Steven Mnuchin və Federal Ehtiyatlar Sisteminin sədri Jerome Powell Senatın Bankçılıq Komitəsində ifadə verəcəklər. Onlar dünyanın ən böyük iqtisadiyyatını necə ayaqda saxlamaq, eləcə də indiyədək 3 trilyon dollarlıq yardımın paylanmasında nöqsanlarla bağlı sualları cavablandıracaqlar.

İki aydan çoxdur Birləşmiş Ştatlar nə səhiyyə, nə də iqtisadi müharibədə üstün mövqeyə çıxa bilir. Bəzi təhlilçilərin fikrincə, ölkə ən yaxşı halda ən pis ssenariləri önləməyi bacarıb.

Vaksin ümidləri

Bu arada Moderna Inc şirkətinin hazırladığı eksperimental COVID-19 vaksini sağlam könüllülərdən ibarət kiçik bir qrupda qoruyucu anticisimlər yaradıb. Vaksinin insan üzərində sınağının ikinci mərhələsinə yaşıl işıq yandırılıb ki, bu zaman vaksinin səmərəsi və optimal dozası sınaqdan çıxarılmalıdır. Moderna bildirib ki, 250 mcg deyil, 50 mcg-lıq dozanı sınayacaq.

İmmunitet yaradacaq dozanın azaldılması o deməkdir ki, bir dəfəyə istifadə olunacaq vaksin miqdarı azalacaq və sonucda şirkət daha çox vaksin istehsal edə biləcək.

Hava şirkətlərinin dilemması və idarə olunan maska

Hava səyahətləri bərpa olunduqca bir məsələ çox dartışılır – təyyarələrdə orta oturacaqlar boşmu qalmalıdır. Bu halda təyyarələr normal tutumunun üçdə ikisini istifadə edəcək və bir çox şirkətlər biletpulunu qaldırmadan qazanc əldə edə bilməyəcəklər.

İsraildə isə məsafədən idarə olunan koronavirus maskaları icad olunub, yəni onu çıxarmadan nahar etmək mümkün olacaq. İxtiraçılar bu halda restorana getməyin daha az risk yaradacağını deyirlər.

Yemək maskada açılan yarıqdan içəri ötürülür. “Reuters” dondurma və sous yeyərkən prosesin qəlizləşə biləcəyini yazır.

XS
SM
MD
LG