Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:44

Putin Almaniya tarixçilərinə 'tarix dərsi' demək istəyir


AzadlıqRadiosunun müxbiri Matthew Luxmoore yazır ki, Almaniyanın Bavariya torpağındakı universitetlərdən birinin tarix professoru Julia Obertreis iyunun 22-də Rusiyanın Berlindəki səfirliyindən elektron məktub alanda bir xeyli heyrətlənib.

Məktubun qoşmasında Rusiya prezidenti Vladimir Putinin II Dünya Müharibəsi barədə yazdığı məqalənin almancaya tərcüməsi vardı.

Məktubda deyilirdi:

"Rusiya prezidentinin məqaləsi, heç şübhəsiz sizin oxucularınız arasında əhəmiyyətli maraq oyadacaqdır. Bunu nəzərə alaraq sizə gələcək mühazirələrinizdə Vladimir Putinin məqaləsindən isirfadə etməyi təklif edirik”.

Son dərəcə heyrətlənmiş xanım Obertreis Twitter hesabından onun müəllimlik fəaliyyətinə belə bir açıq-saçıq müdaxilə cəhdi barədə post yazıb.

Bundan sonra məlum olub ki, Berlindəki Rusiya səfirliyi eyni məzmunda məktubu çox sayda Almaniya tarixçisinə göndərib.

Onlar da öz növbəsində bu barədə fikrilərini sosial media platformalarında paylaşıblar.

Tarixçi bilmir, ağlasın, yoxsa gülsün…

Göttingen Universitetinin Şərqi Avropa üzrə tarixçisi Anke Hilbrenner səfirliyin məktubu barədə yazır ki, “bilmir, gülsün, yoxsa ağlasın”.

Bonn Universitetindən Martin Aust isə qeyd edir ki, “Putin yenə də tarixçilik edir”.

Putinin sözü gedən məqaləsi əvvəlcə ingiliscə Rusiyanın hakimiyyət orqanları ilə yaxınlığı olduğu iddia edilən The National Interest ABŞ jurnalında dərc olunub.

"İkinci Dünya Müharbəsinin 75 illiyinin real dırsləri” adlanan məqalədə bu müharibənin “Qərb tarixşünaslığında guya təhrif olunduğuna” dair Moskvanın son illərdə apardığı təbliğat təkrar olunur.

Putinin məqaləsində vurğulanır ki, Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsi 27 milyon insanın həyatı bahasına başa gəlib.

Qramamtik səhvlər, uydurma sitatlar

Məqalə istər Qərbdə, istərsə də elə Rusiyanın özündə bəziləri tərəfindən kəskin tənqidlərlə qarşılanıb.

Məqalədə çoxsaylı arxiv sənədlərindən istifadə edilsə də, çox sayda qramamtik səhvlərə, əcaib frazeoloji ifadələrə və açıq-açığına uydurma sitatlara rast gəlinir.

Məsələn məqalənin bir yerində Adolf Hitlerin əslində demədiyi fikirlərə istinad edilir.

Məqalə Baltik ölkələrində də sərt tənqid olunub və bu ölkələrin guya sovet qoşunları tərəfindən 1940-cı il işğalına özlərinin razılıq verdiyi barədə fikirlər dərin narazılıq yaradıb.

Polşa da məqalə ilə bağlı narazılığını ifadə edib. Məqalədə iddia edilir ki, Polşa Almaniya və SSRİ tərəfindən işğal olunmasına görə məsuliyyəti özü daşıyır.

Putin bu məqalədə Polşanın işğalına imkan vermiş Molotov-Ribbentrop məxfi protokolunu müdafiə edir və onu müdafiə məqsədli razılaşma adlandırır.

Tarixin təhrifi və təftişi

Almaniya Bonn Universitetinin tarixçisi Martin Aust AzadlıqRadiosuna göndəriyi email-də yazır ki, o Putinin məqaləsinə Şərqi Avropanın son illərdə Rusiyaya qarşı apardığı yaddaş müharibəsinin bir hissəsi kimi baxır və hətta Britaniya və Fransanın 1938-ci ildə Hitlerin qılığına girdikləri, Sovet xalqının müharibə zamanı çəkdiyi böyük iztirabları barədə Putinin bəzi nəticələrinə rəğbətli yanaşır.

Lakin alim qəti şəkildə bildirir ki, məqalə ümumilikdə tarixin təhrif edilməsi cəhdidir:

"Almaniyada heç bir tarixçi Polşanın II Dünya Müharibəsinin başlanmasında rolu olduğuna dair ittihamları qəbul etməz. Bu çox qəribədir. Ehtimal edə bilərəm ki, mənim həmkarlarım Putinin mətnindən tarixdən siyasətdə, habelə antaqonist yaddaşda istifadə edilməsinin nümunəsi kimi istifadə edə bilərlər”.

Vladimir Putin Parisdə II Dünya Müharibəsi ilə bağlı tədbirdə (2018)
Vladimir Putin Parisdə II Dünya Müharibəsi ilə bağlı tədbirdə (2018)

Xətrinə dəyilmiş ölkə obrazı

Lakin Rusiyada bir çoxları Putinin II Dünya Müharibəsində SSRİ-nin rolunun bilərəkdən danılmasına dair tənqidlərini dəstəkləyirlər.

Son illərdə Qərbdə bu müharibə ilə bağlı keçirilən bir sıra tədbirlərdə qələbədə SSRİ-nin rolu barədə ümumiyyətlə söhbət açılmayıb.

Putinin məqaləsindən əsas məqsəd həm də Qərbin Rusiyanın xətrinə dəydiyini, guya ona saymazyana yanaşdığını rusiyalılara çatdırmaqdır.

Rusiyanın Berlindəki səfirliyinin nümayəndəsi Ilya Rozhkov AzadlıqRadiosuna deyib ki, Almaniya tarixçilərinə məktub “sırf məlumat xarakteri daşıyır və oxuculara materiala obyektiv baxmaqda kömək etmək məqsədini güdür”.

Səfirlik xanım Julia Obertreisin tvitinə də cavab verib.

Səfirlik bildirib ki, Putinin məqaləsi alman cəmiyyətində debatlara səbəb olub və səfirlik də bunu Almaniya tarixçiləri ilə bölüşmək istəyib.

XS
SM
MD
LG