Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:18

Erməni döyüşçü: ‘Atəşkəs çox çəkməyəcək’ – Qərb mediası


Kəlbəcərdən çıxmağa hazırlaşan Ermənistan hərbi yük maşınları, 23 noyabr, 2020-ci il
Kəlbəcərdən çıxmağa hazırlaşan Ermənistan hərbi yük maşınları, 23 noyabr, 2020-ci il

Əksər Qərb təhlilçiləri münaqişənin bitmədiyini, sadəcə, fasilə verildiyini bildirirlər. Elə Qərbin aparıcı media orqanları da münaqişənin həllindən ötrü davamlı sülhə əsas yaranmadığını qeyd edirlər

Dağlıq Qarabağda noyabrın 10-da elan olunan atəşkəsdən sonra Azərbaycan işğaldan azad etdiyi ərazilərdə abadlıq işlərinə başlayıb. Erməni qaçqınlar isə separatçıların nəzarətində olan ərazilərə qayıtmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin artıq arxada qaldığını bildirib.

Ancaq əksər Qərb təhlilçiləri münaqişənin bitmədiyini, sadəcə, əməliyyatlara fasilə verildiyini bildirirlər. Elə Qərbin aparıcı media orqanları da münaqişənin həllindən ötrü davamlı sülhə əsas yaranmadığını qeyd edirlər. Məsələn, “Chatham House” beyin mərkəzindən Qafqaz regionu üzrə ekspert Lorens Broersin fikrincə, atəşkəs bəyannaməsi "münaqişənin uzunmüddətli həlli üçün əsas ola bilməz. Bu, daha çox fasilə verməyə bənzəyir".

“Əlbəttə ki, müharibə yenə olacaq”

“The Washington Post” qəzetinin Dağlıq Qarabağın mərkəzi Xankəndidən dərc etdiyi reportajda deyilir ki, Moskvanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs bəyanatının ağrısı buradakı hərbi postda kəskin şəkildə duyulur. Ermənistan əsgərləri artıq Azərbaycanın nəzarətində olan Şuşadan evlərdən qalxan tüstünü seyr edirlər.

48 yaşlı Seyran Karabeteyan deyib ki, ondan olsaydı, atəşkəsə getməzdilər. “Axıracan savaşıb qalib olardıq”, – 1990-cı illər müharibəsinin veteranı olan Karabeteyan həm də Şuşada döyüşüb.

“Əlbəttə ki, müharibə yenə olacaq, düşündüyünüzdən də tez və mən qayıdacağam. Arvadım buna hazır ola da bilər, olmaya da, ancaq mən erməni xalqı uğrunda öləcəyəm”, – o vurğulayıb.

“Atəşkəs bu formada saxlanan deyil. Çox çəkməyəcək”, – bunu isə müharibə veteranı Pavel Makunyan deyir. O, döyüşlər dayanandan sonra 150 könüllüdən ibarət dəstəsini Əskəranda cəbhə xəttindən geri çəkib.

“Onillər boyu vuruşmuşuq, yenə davam edəcəyik. Bu gün olmasa da, sabah”, – o söyləyib.

Amaras məbədi necə ermənilərin nəzarətində qaldı

Rusiyanın “Kommersant” qəzeti də Dağlıq Qarabağdan reportaj dərc edib. Yazıda deyilir ki, atəşkəs razılaşmasından sonra Azərbaycanın nəzarətinə keçən 121 yaşayış məntəqəsinin siyahısı bu bazar ertəsi – noyabrın 23-də dərc olunub. Ancaq Dağlıq Qarabağda yaşayanlara bunun da köməyi dəyməyəcək: ərazidə internet demək olar yoxdur, mobil rabitədə də böyük problemlər var. Müxbir Aleksandr Çernıx Xocavənd rayonunda Amaras monastırına getmək istəyib. Amma onun hansı tərəfdə qaldığını bilən olmayıb. Sən demə, hazırda monastır üzərində Rusiya bayrağı dalğalanır.

Məqalədə Dağlıq Qarabağın xəritəsinin indi çox qarışıq olduğu qeyd edilir. Xankəndidən uzaqlaşdıqca, ərazinin kimə məxsusluğunu dəqiqləşdirməli olursan. Elə 5-ci əsrdə tikildiyi bildirilən Amaras da yeni sərhədlərin düz kənarına düşüb. Ermənilər bu monastırı özlərinin bu torpaqlarda çoxəsrlik mövcudiyyətinin sübutu hesab edir. Azərbaycan isə abidənin “qədim Alban mədəniyyəti”nə aid olduğunu deyir.

Monastırda Slavik adlı gənc danışıb ki, abidədən hələ yarım kilometr o yana onların torpağıdır, sonra neytral zona gəlir, daha sonra Azərbaycan ərazisidir. “Dünən orada iki Azərbaycan əsgəri gördüm, bu gün heç kəsi görməmişəm”, – o deyib. O, monastıra köməyə göndərildiklərini, ancaq onlar çatana kimi müharibənin bitdiyini danışıb. “Bizim uşaqlardan ölən çox oldu, lap çox. Onlar həyatları bahasına xalq üçün müqəddəs olan yeri qoruyub saxladılar. Burada sərhədi cəbhə xətti boyunca çəkdilər. Onlar geri çəkilsəydilər, indi Amaras Azərbaycan ərazisində olardı”, – Slavik deyib.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-da döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından yayılmış atəşkəs bəyanatına görə, münaqişə tərəfləri hazırda tutduqları mövqelərdə qalırlar . Noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Dekabrın 1-dək Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

XS
SM
MD
LG