Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:20

Məhkumlar arasında koronavirusa yoluxma artıb?


Keçmiş məhbus: "Həbsxanada koronavirusdan sağalmaq imkanı sıfırdır"
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Keçmiş məhbus: "Həbsxanada koronavirusdan sağalmaq imkanı sıfırdır"

Azərbaycanda cəzaçəkmə müəssisələrində məhkumlar arasında koronavirusa yoluxma hallarının kəskin artdığı bildirilir. Nardaran hadisələrinə görə həbsdə olan Ağəli Yəhyayevin bacısı Elnarə Eldar AzadlıqRadiosuna həbs yerlərində vəziyyətin gərgin olduğunu bildirib. Onun sözlərinə görə, söhbət təkcə qardaşının saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsindən getmir: "Başqa cəzaçəkmə müəssisələrində saxlanılan məhbusların yaxınlarıyla da əlaqəm var. Onlardan eşitdiklərim, öz bildiklərim də göstərir ki, vəziyyət acınacaqlıdır".

"Xeyli sayda vəfat edənlər var"

E.Eldar virus daşıyıcısı olan məhkumların təcrid olunmadığını, nəticədə digərlərinə də yoluxduğunu deyir. Onun bildirdiyinə görə, vəziyyəti çox ağırlaşan məhkumlar Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülür.

"Məndə olan məlumata görə, məhkumlar arasında koronavirusdan xeyli sayda vəfat edənlər var. Bəzi cəzaçəkmə müəssisələrində məhbuslar xəstəliyi elə müəssisənin daxilində - başqa dustaqlarla təmasda ola-ola keçirirlər. Nəticədə virus daha çox yayılır. Lap ağır xəstələri "tubzon"a köçürürlər. Məhkumlar arasında şəkərli diabet xəstələri çoxdur, onlar da koronavirus məsələsində risk qrupuna daxildir. Bu üzdən ölüm sayı da çoxdur", – E.Eldar belə deyir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, məhkumların müayinə və müalicəsi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin həkimlərinin səlahiyyətindədir. Onlar da kimliyindən asılı olmayaraq, cəzaçəkmə müəssisələrindəki hər bir məhkuma ehtiyac olduğu halda tibbi yardım göstərirlər: "İstənilən halda, ola bilməz ki, məhkumun müayinəyə, müalicəyə ehtiyacı olsun, amma ona tibbi yardım göstərilməsin. Çünki hər bir məhkumun sağlam olması, virusun yayılmaması Penitensiar Xidmət olaraq bizim də, Tibb Baş İdarəsinin də marağındadır. Ona görə də hansısa məhkumun səhhətində problem yaranan kimi dərhal zəruri addımlar atılır".

"Profilaktik müayinələr üçün nümunələr götürülür"

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov da virusa yoluxan məhkumlara vaxtında lazımi tibbi yardım göstərilməməsi haqda iddiaları təkzib edib.

İ.Qurbanov AzadlıqRadiosuna bildirib ki, hazırda heç bir cəzaçəkmə müəssisəsində epidemioloji baxımdan gərgin mühit yoxdur. Rəis müavininin sözlərinə görə, əksinə, koronavirusa yoluxma hallarıyla bağlı cəmiyyətdəki azalma tempi həbs yerlərində də müşahidə olunur.

"Virusa yoluxma halı aşkar edildikdə dərhal şəxs müalicəyə cəlb olunur. Hətta profilaktik müayinələr üçün nümunələr götürülür ki, xəstəlik varsa da, vaxtında aşkarlansın. Bütün lazımi tədbirlər müntəzəm aparılır, profilaktik işlər həyata keçirilir. Bütün bu işlər həm Ədliyyə Nazirliyinin, həm Penitensiar Xidmətin, həm də Tibb Baş İdarəsinin nəzarətindədir", - İ.Qurbanov bildirib.

Rəis müavini məhkumlar arasında koronavirusa yoluxma hallarıyla bağlı statistika aparıldığını söyləsə də, rəqəmi açıqlamayıb.

Amnistiya "verilsin"

Hüquq müdafiəçisi Anar Məmmədli deyir ki, Azərbaycandakı həbsxana, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının əksəriyyətində saxlanma şəraiti çox pisdir. Onun sözlərinə görə, məhkumlara verilən yeməklərin keyfiyyəti aşağıdır, sanitar-gigiyenik normalara əməl olunmur. Üstəlik, hər bir müəssisədə məhkumların sayının da normadan xeyli artıq olduğunu deyən hüquq müdafiəçisi belə bir şəraitdə virusun yayılma riskinin də daha çox olduğunu vurğulayıb.

A.Məmmədlinin fikrincə, hazırda çıxış yollarından biri amnistiya və ya əfv sərəncamı vasitəsilə məhkumların sayının azaldılmasıdır: "Vətəndaşı riskə atmağın, təhlükə altında saxlamağın heç bir mənası yoxdur. İndiki vəziyyətdə Amnistiya aktının qəbul olunması məqsədəuyğundur".

Yanvarın 4-nə olan məlumata görə, Azərbaycanda indiyədək ümumilikdə 220 min 599 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 196 min 734 nəfər sağalıb, 2 min 761 nəfər vəfat edib, aktiv xəstə sayı 21 min 104 nəfərdir.

XS
SM
MD
LG