Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:22

Sarkisyana və Koçaryana təzyiqlər davam edir


Ermənistanın keçmiş prezidentləri Ser Sarkisyan (solda) və Robert Koçaryan
Ermənistanın keçmiş prezidentləri Ser Sarkisyan (solda) və Robert Koçaryan

Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Serj Sarkisyanın dövlət sirlərini açması iddiaları ilə bağlı ona qarşı cinayət işinin qaldırılması məqsədilə hərbi polisə müraciət edib.

Bu barədə məlumatı AzadlıqRadiosu Erməni xidməti – Azatutyuna Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arevik Xaçatryan verib.

Azatutyun xatırladır ki, Serj Sarkisyan Armnyuz telekanalına müsahibəsində iqtidarı müharibə vaxtı ordunu qarət etməkdə günahlandırmışdı.

Məsələn o deyib ki, müharibə günlərində hökumət Müdafiə Nazirliyinin məlumatı olmadan zirehli jiletlər alıb. Onun dediyinə görə jiletlərin qiyməti bazar qiymətindən dəfələrlə çox göstərilib.

Sarkisyan deyib ki, hökumət hər bir jiletə 600 dollar xərcləyib.

İki ay əvvəl verilmiş müsahibə

Keçmiş prezident bunu da deyib ki, onun hakimiyyətdə olduğu vaxt maliyyə mənbələri dəqiq göstərilməklə müasir silahların alınması planı təsdiqlənibmiş.

Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri də daxil bu silahlar – 2500 PUA 2024-cü ilədək alınmalıymış. Döyüş dronlarından 1000 ədədi Ermənistana 2020-ci ilədək verilməliymiş, lakin Nikol Paşinyanın hökuməti bu proqramı dəyişib.

Keçmiş prezidentin vəkili Amram Makinyan Azatutyuna deyib ki, üçüncü prezidentə qarşı cinayət işləri idarə olunan prosesdir:

“Mən bütün bu prosesi absurd kimi qiymətləndirirəm. Serj Sarkisyan dövlət sirləri ilə 20 illik iş təcrübəsinə malikdir. O informasiyanın və dövlət sirrinin nə olduğunu yaxşı bilir. Mən bir ritorik sual verəcəyəm: İki ay əvvəl verilmiş müsahibə niyə onların yadına indi düşüb?”

Qardaşoğlu yenidən həbs olunub

Azatutyun xəbər verir ki, bu arada Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan yenidən həbs edilib.

Bu qərar aprelin 12-də kassasiya məhkəməsində qəbul olunub.

Məhkəmə Narek Sarkisyanın 25 milyon dram (48 min dollar) müqabilində zaminə buraxılmasına dair apellyasiya məhkəməsinin qərarını ləğv edib.

Apellyasiya məhkəməsinin qərarından şikayəti baş prokurorun müavini Gevork Bağdasaryan vermişdi.

Narek Sarkisyanın vəkili Artur Pivazyan Azatutyuna deyib ki, kassasiya məhkəməsinin qərarı hələ ona verilməyib.

Narek Sarkisyan
Narek Sarkisyan

33 yaşlı Narek Sarkisyan narkotik vasitələrin dövriyyəsində və qanunsuz silah saxlamaqda ittiham olunur.

Bundan başqa Sarkisyan bir qrup şəxslə əvvəlcədən razılaşdırılmaqla Aram Karapetyanın oğurlanmasında ittiham olunur.

Bu da xəbər verilir ki, Narek Sarkisyan 2018-ci ildə Interpolun və Çexiya polisinin əməkdaşları tərəfindən Praqadakı mənzillərdən birində saxlanıb.

O həmin ilin iyulundan axtarışa verilmişdi.

Polisin verdiyi rəsmi məlumata görə keçmiş prezidentin qardaşı oğlu Qvatemala vətəndaşı Franklin Qonzalesin adına saxta pasportla saxlanıb.

Bu ilin iyununda Çexiya məhkəməsi Narek Sarkisyanın Ermənistana ekstradisiyasına dair Yerevanın ricasını təmin edib.

Koçaryanın da cinayət təqibi davam edir

Ermənistanın əslən qarabağlı daha bir keçmiş prezidentinin də cinayət təqibi davam edir.

İki həftə bundan əvvəl Robert Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ittihamı üzrə cinayət işi bağlanıb.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, beləliklə, Robert Koçaryan artıq “1 mart” işi üzrə müttəhim sayılmır.

Bundan iki həftə əvvəl Ermənistanın Konstitusiya Məhkəməsi ölkə Cinayət Məcəlləsinin konstitusiya quruluşunu devirmək ittihamını nəzərdə tutan 300.1 maddəsinin konstitusiyaya uyğunsuzluğu barədə qərar çıxarmışdı.

Lakin prokuror Petros Petrosyan Azatutyunun suallarına cavab verərkən demişdi ki, baş prokuror Cinayət Prosessual Məcəlləsinin (CPM) iki maddəsinin konstitusiyaya uyğunluğu məsələsinə baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

CPM-in bu maddələri Koçaryana qarşı ittiham maddəsinin dəyişdirilməsinə imkan vermir.

Petrosyanın sözlərinə görə, Konstitusiya Məhkəməsi sözü gedən maddələri də ləğv etsə, Koçaryan və başqa müttəhimlərə qarşı yeni ittiham irəli sürüləcək.

Bu həftə məhkəmədə Koçaryana qarşı rüşvət ittihamına baxılmalı idi.

XS
SM
MD
LG