Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:35

Ötən il 155 milyon nəfər kəskin aclıq içində yaşayıb


Budapeştdə restoran pandemiya dövründə pulsuz yemək paylayır
Budapeştdə restoran pandemiya dövründə pulsuz yemək paylayır

Hesabatda deyilir ki, ötən il 17 ölkədə 40.5 milyon nəfər pandemiyanın fəsadları daxil “iqtisadi şok” səbəbindən kəskin ərzaq təhlükəsi yaşayıb

Ötən il münaqişələr, COVID-19 pandemiyasının iqtisadi fəsadları, aşırı hava şəraiti azı 155 milyon nəfərin kəskin aclıq keçirməsinə səbəb olub. Bu il üçün proqnozlar eyni dərəcədə kəskin və pisdir. 16 təşkilat mayın 6-da hesabat açıqlayıb.

Belə böhran həddinə çatanların üçdə ikisi 10 ölkədə – Əfqanıstan, Yəmən, Suriya, Sudan, Konqo, şimali Nigeriya, Efiopiya, Cənubi Sudan, Zimbabve və Haitidə yaşayır.

Say artır

Sözügedən 155 milyon nəfərin ərzağa ehtiyacı “böhran”, “fövqəladə vəziyyət”, “fəlakət/aclıq” səviyyəsində dəyərləndirilib. Bu rəqəm 2019-cu ildəkindən 20 milyon çoxdur.

“Kəskin ərzaq təhlükəsizliyi ilə üzləşən, təcili ərzağa, qidalanmaya, yaşayış yerinə ehtiyacı olanların sayı artır”, – BMT-nin Baş katibi Antonio Quterres 307 səhifəlik “Ərzaq Böhranlarına dair Qlobal Hesabat”a ön sözündə yazır.

“21-ci əsrdə acından ölmək məsələsi olmamalıdır. Biz aclıq və münaqişə ilə mübarizə apararaq hər ikisini yoluna qoymalıyıq”, – Quterres vurğulayıb.

Hesabat humanitar yardımın 97 faizinin ayrıldığı 55 ölkəni əhatələyir. O da qeyd olunur ki, ötən il Burkina-Faso, Cənubi Sudan və Yəməndə 133 min nəfərin acından ölməmək üçün təcili ərzağa ehtiyacı yaranıb.

17 ölkədə 40.5 milyon nəfər...

Dünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseynin deməsinə görə, ərzaq böhranlarının əsas səbəbi münaqişələrdir, ötən il 23 ölkədə 99 milyon nəfər bu səbəbdən ərzaq böhranıyla üzləşib.

“Münaqişələr siyasi həllini tapmayanacan”, humanitar yardıma ehtiyacı olanların sayı artacaq, Hüseyn vurğulayıb.

Hesabatda deyilir ki, ötən il 17 ölkədə 40.5 milyon nəfər pandemiyanın fəsadları daxil “iqtisadi şok” səbəbindən kəskin ərzaq təhlükəsi yaşayıb.

55 ölkədə yaşı 5-dən aşağı 75.2 milyon uşaq isə inkişafdan qalıb, 15.8 milyon nəfər “zəifləyib”, yaxud boyuna görə çəkisi azalıb.

Sənəddə bu il ərzaq böhranlarının uzandığı, yeni mənfi tendensiyalardan özünə gəlməyin getdikcə çətinləşdiyi vurğulanır.

Bu il 40 ölkədə 142 milyondan çox insanın ərzaq böhranları, fövqəladə vəziyyət, yaxud fəlakətlə üzləşəcəyi vurğulanır.

Hüseyn deyib ki, əsas problemlər maliyyə və humanitar çıxışla bağlıdır. Onun sözlərinə görə, bir il ərzində 34 milyon nəfərin gündə bir dəfə yeməyi 5 milyard dollara başa gəlir.

XS
SM
MD
LG