Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:15

Zelenski: Qara dənizdəki adanı qoruyan bütün sərhədçilər həlak olub


Volodimir Zelenski
Volodimir Zelenski

İlkin məlumata görə fevralın 24-də Ukraynanın 137 sakini və hərbçisi həlak olub

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 25-ə keçən gecə daha bir videomüraciətlə çıxış edib.

O bu çıxışda müharibənin ilk gününə yekun vurub.

Onun sözlərinə görə ölkəsinin silahlı qüvvələri düşmənin hücumlarını fədakarlıqla dəf etməyə çalışır.

İlkin məlumata görə fevralın 24-də Ukraynanın 137 sakini və hərbçisi həlak olub.

Zelenski deyib ki, Qara dənizdəki Zmeyinı adasını mühafizə edən sərhədçilərin hamısı həlak olub.

Prezident bildirib ki, “düşmənin bir nömrəli hədəfi olmasına baxmayaraq” paytaxt Kiyevdə qalır.

Zelenski deyib ki, Kiyevdə çox sayda diversiya qrupları fəaliyyət göstərir və buna görə də kommendant saatına riayət etmək vacibdir.

Prezidentin dediyinə görə o NATO liderləri ilə Ukraynanın alyansa üzvlüyü məsələsini müzakirə edib, “amma onlar çəkinirlər”.

O deyib ki, Rusiya ilə, hətta ölkəsinin neytral statusu barədə danışıqlardan qorxmur, amma Ukrayna üçün təhlükəsizlik qarantiyası tələb edir.

Zelenskinin sözlərinə görə o danışıqlara hazırdır, amma indi ölkənin taleyi tamamilə silahlı qüvvələrdən asılıdır.

***

Ukraynanın Müdafiə Nazirliyi Xarkov istiqamətində və ölkənin şərqində separatçıların əlində olan ərazilərə yaxın regionlarda “ağır döyüşlər” getdiyini bildirir.

“Düşmən əsgər və avadanlıq itkisi verib. Əsgərlərimiz Mariupol və Şastya şəhərlərinə nəzarəti yenidən ələ alıb... Düşmənin azı altı təyyarəsi, iki vertolyotu, onlarla zirehli texnikası məhv edilib”, – nazirlik bildirir.

Amma bu məlumatları müstəqil təsdiqlətmək mümkün olmayıb.

***

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvayla diplomatik münasibətləri kəsdiyini elan edib. O, Ukrayna vətəndaşlarını ölkəni Rusiyanın hücumundan qorumağa çağırıb, onlara döyüşməyə silah veriləcəyini deyib.

Zelenski fevralın 24-də televiziya ilə çıxışında “şərəfini itirməmiş” rusiyalıları irəli çıxaraq hökumətlərinin Ukraynaya hərbi hücumuna etiraz etməyə səsləyib.

Zelenski Ukraynanın Rusiyanın hücumunda “ciddi itkilər” verdiyini deyib, qan verməyə çağırıb.

Prezidentin bir müşaviri hücumun ilk saatlarında 40-dək ukraynalının öldürüldüyünü, azı 10 nəfərin yaralandığını bildirib.

Ukrayna rəsmiləri ordunun Rusiyaya qarşı vuruşduğunu deyərək Qərbdən müdafiə yardımı istəyib.

Qərb mediasında yayılmış videoda isə Kiyevi tərk edən avtomobil görüntüləri yer alıb.

Qonşu ölkələr Ukraynadan minlərlə qaçqını qəbul etməyə hazır olduqlarını bildiriblər.

Ukraynada yaralılar, ölülər, vurulan təyyarələr barədə bir-birinə zidd məlumatlar gəlir və onların çoxunu müstəqil təsdiqlətmək mümkün olmur.

Ukraynanın Daxili İşlər Nazirliyi ilkin raket zərbələrində 7 əsgərinin öldürüldüyünü, 15 nəfərin xəsarət aldığını, 19 əsgərin isə itkin düşdüyünü bildirir. İnqulets çayı üzərində bir körpünün dağıdıldığı xəbər verilir.

***

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın hava bazalarında hərbi infrastrukturun vurulduğunu, havadan müdafiə siistemlərinin “susdurulduğunu” bildirir.

***

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət elan edib, eyni zamanda vətəndaşları panikaya düşməməyə çağırıb.

Bu arada Xarkov, Kramatorsk, Dnepr, Mariupol, Odessa, Zaporojye şəhərlərində partlayışlar baş verir.

Rusiya ordusu Ukraynada əhali yaşayan yerləri deyil, hava bazaları və digər hərbi obyektləri hədəfə aldığını bildirir.

“RIA Novosti” xəbər agentliyi fevralın 24-də Rusiyanın Müdafiə Nazirliyinə istinadla xəbər verib ki, Ukraynanın hərbi infrastrukturu, havadan müdafiə sistemləri və hava qüvvələri yüksək dəqiqlikli silahlarla vurulur.

Nazirlik şəhərlərə zərbə endirilmədiyini bildirir.

Putin hərbi əməliyyat elan edəndən sonra Kiyevdən avtomobil axınə
Putin hərbi əməliyyat elan edəndən sonra Kiyevdən avtomobil axınə

Bayden və Conson Zelenski ilə danışıblar

Zelenski Moskvanın Ukraynaya qarşı tammiqyaslı hücuma başladığını, bir sıra şəhərlərdə “hərbi infrastruktura”, sərhədçilərə raket zərbələri endirildiyini bəyan edib.

Ukrayna Baş Qərargahının bəyanatına görə, Rusiya “şərqdə bölmələrimizi intensiv atəşə tutub, altı aeroporta raket-bomba zərbələri endirib”.

Hakimiyyət Ukrayna sakinlərini evdən çıxmamağa çağırıb.

Britaniyanın Baş naziri Boris Conson “Ukraynada dəhşətli hadisələri” pisləyib, Putinin “bu təhrik edilməyən hücuma başlamaqla qan axıdılması və dağıntı yolunu seçdiyini” bildirib.

“Böyük Britaniya və müttəfiqlərimiz qətiyyətlə cavab verəcəklər”, – o, Twitter-də yazıb.

Conson və Bayden Zelenski ilə telefonla danışıblar.

***

Kiyevdə və Ukraynanın digər şəhərlərimdə partlayış, atışma səsləri eşidilir. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın “hərbsizləşdirilməsi” üçün “xüsusi əməliyyat” elan edib.

Bu, 2-ci Dünya müharibəsindən sonra Avropada ən böyük savaş ola bilər.

Yanvarın 24-də Qərb xəbər agentliklərinin verdiyi xəbərlərə görə, çoxsaylı şəhərlər hücum altındadır, Rusiya və Belarusdan müxtəlif mövqelərdən Ukraynaya quru qüvvələri daxil olur.

CNN canlı yayımda paytaxt Kiyevin müxtəlif yerlərində partlayışların baş verdiyini göstərir. “Reuters” bir şahidə istinadla Kiyevdə partlayışlar eşitdiyini xəbər verir.

CNN azı yeddi şəhərdə partlayışlar olduğunu xəbər verir.

Kiyevin əsas Borispol aeroportu yaxınlığında atışma eşidilir.

“Interfax” yerli mediaya istinadla Rusiyanın əməliyyat elan etdiyini yazır.

İndilik, yaralılar, itkilər haqda məlumat yoxdur. Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü artıq tammiqyaslı işğalın başlandığını bildirib.

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba Twitter-də yazıb ki, “Putin indicə Ukraynanın tammiqyaslı işğalına başladı. Ukraynanın dinc şəhərlərinə zərbələr endirilir. Bu, təcavüz müharibəsidir”.

Bayden: Rusiya buna görə cavab verəcək

ABŞ Prezidenti Co Bayden əməliyyatı dərhal pisləyib, bunu Ukraynaya “təhrik edilməmiş və əsaslandırılmamış” hücum adlandırıb, dünyanın “Rusiyanın buna görə cavab verəcəyini .”

Baydenin sözlərinə görə, Rusiya baş verəcək “fəlakətli həyat itkisi və insan əzabları” üçün məsuliyyət daşıyır.

“Bütün dünyanın duaları bu gecə Ukrayna xalqıyladır, onlar Rusiya hərbi qüvvələrinin təhrik edilməyən və əsaslandırılmamış hücumundan əziyyət çəkirlər”, - Bayden vurğulayıb.

“Rusiya bu hücumun səbəb olacağı ölüm və dağıntı üçün təkbaşına məsuliyyət daşıyır. Birləşmiş Ştatlar, müttəfiqləri və tərəfdaşları ilə birlikdə buna birgə və qətiyyətlə cavab verəcək. Rusiya buna görə cavab verəcək”, – o əlavə edib.

Bayden fevralın 24-də xalqa müraciət edəcək.

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqində iki separatçı region müstəqil dövlətlər kimi tanıyıb, oraya qoşun göndərəcəyini deyib. Bundan sonra Qərb ölkələri, Avropa İttifaqı Rusiyaya sanksiyalar açıqlamağa başlayıblar.

NATO müzakirə edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya hücumunu pisləyib, NATO müttəfiqlərinin “Rusiyanın yenilənmiş hücumu”nun müzakirəsi üçün bir araya gələcəyini deyib.

Ukrayna NATO üzvü olmasa da, Qərblə müttəfiqdir.

“Rusiyanın Ukraynaya bu avantürist, saysız dinc insanın həyatına risk yaradan hücumunu kəskin qınayıram. Bu, beynəlxalq hüququn pozulması, Avro-Atlantik təhlükəsizliyə ciddi təhdidir”, – Stoltenberq Twitter-də yazıb.

Putinin iddiası

Putin fevralın 24-nə keçən gecə televiziya ilə çıxışında hücumu əsaslandırmağa çalışıb, Ukraynanın nüvə silahı əldə etməsini dayandırmaq istədiyini deyib. Ukrayna indiyədək nüvə silahı əldə etmək niyyətini açıqlamayıb.

“Şərait bizdən qətiyyətli və təcili tədbir görməyi tələb edir”, – deyən Putin Ukraynanın Donbas regionundakı separatçıların yardım üçün xahiş etdiyini iddia edib.

Putinin iddiasına görə, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Kiyev və Qərb təhdid iddialarını rədd edir.

Putin Ukrayna ordusunu silahı yerə qoymağa çağırıb. Onun iddiasına görə, Rusiya Ukrayna ərazisini tutmaq istəmir.

Rusiya Ukrayna ilə sərhəd yaxınlığına 150 mindən çox döyüş qüvvəsi, ağır texnika yerləşdirib. NATO bunu Soyuq Müharibə bitəndən bəri Avropa qitəsində ən böyük hərbi qüvvə cəmləməsi adlandırıb.

Putin Ukraynanı işğal etmək planları olmadığını deyirdi. O, niyyətinin Ukraynanın NATO-ya üzv olmasını önləmək, Qərb alyansının şərqə doğru genişlənməsini dayandırmaq olduğunu bildirib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib.

XS
SM
MD
LG