Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:14

‘ABŞ-dakı xeriyyəçilər’ İrana vaksin göndərəcəklər


İranın Qırmızı Aypara Cəmiyyəti bildirir ki, ölkəyə üç həftə ərzində Pfizer və BioNTech şirkətlərinin istehsalı olan vaksin yükü göndəriləcək.

Qırmızı Aypara Cəmiyyətinin direktoru Kərim Hemməti dekabrın 28-də Təsnim agentliyinə deyib ki, “ABŞ-da bir qrup xeyriyyəçi ilə əldə olunmuş razılaşma əsasında İrana 150 min Pfizer vaksini gətiriləcək.

O əlavə edib ki, vaksinlər Səhiyyə Nazirliyinin müəyyən etdiyi prioritetlə bölüşdürüləcək.

Hemməti dekabrın 26-da demişdi ki, onun təşkilatı 1 milyon doza vaksinin alınması üçün Çinlə danışıqlar aparıb.

Ötən həftə İran Mərkəzi Bankının başçısı bildirmişdi ki, ABŞ hakimiyyət orqanları Tehranın Dünya Səhiyyə Təşkilatının COVAX alyansından koronavirus vaksinlərinin almasına icazə verib.

Mərkəzi Bankın rəhbəri Əbdülnasir Hemməti İranın hansı vaksinləri alacağı barədə məlumat verməyib.

Sanksiyalar dərmanlara şamil edilməsə də

İran rəsmiləri bildirirdilər ki, ABŞ sanksiyaları onların COVAX-dan vaksin almasını əngəlləyir. COVAX vaksin alyansına 190 ölkə daxildir.

ABŞ prezidenti Donald Tramp 2018-ci ildə öz ölkəsini İranla imzalanmış 2015-ci il nüvə sazişindən birtərfəli qaydada çıxardıqdan sonra Tehran üzərinə ABŞ sanksiyaları bərpa olunub.

Tibb ləvazimatı və dava-dərman da daxil humanitar yüklər sanksiyadan azaddır.

Bununla belə ABŞ-ın sanksiyaları bəzi xarici bankların İranın sifarişi ilə maliyyə əməliyyatı aparmasına maneçilik törədir.

İran Yaxın Şərqdə koronavirus epidemiyasını ən ağır keçirən ölkələrdən biridir.

Bu ölkədə 55 minə yaxın insan COVID-19-dan ölüb. Virusa yoluxanların ümumi sayı 1.2 milyon nəfəri aşıb.

Səhiyyə rəsmiləri bildirirlər ki, real rəqəmlər bundan iki dəfə çox ola bilər.

Son günlərdə karantin qaydaları sərtləşdirildikdən sonra İranda yoluxma və ölüm sayı xeyli azalıb.

Dekabrın 27-də İranda koronavirus 119 ölümə səbəb olub.

Bu, son üç ayda ən aşağı günlük göstəricidir.

XS
SM
MD
LG