Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:44

Şikayət: '...əsgərlər yaralananda, yolun ortasında UAZ-da keçinməsinlər'


Yolsuzluq
Yolsuzluq

«İlham Əliyev pulu, əsasən, cənub zonasının yollarına ayırır. Bu yaxınlarda yenə xeyli pul ayırdı. Halbuki, döyüşlərin içində olan bizik, yol daha çox bizə lazımdır ki, əsgərlər yaralananda, yolun ortasında UAZ-da keçinməsinlər».

Tovuzun Ağdam kəndinin sakinləri ikinci dəfədir ki, AzadlıqRadiosuna yolla bağlı şikayət edirlər.

«O YOLU TRAKTOR DA GƏLMƏZ»

Ağdam kəndi cəbhə xəttinə yaxın yerləşir. Kəndlə rayon mərkəzi arasında 12 kilometrlik yol var. İllərdir ki, kəndlilər bu yolun təmir-bərpası üçün dövlət qurumlarına müraciət edirlər. Tovuz sakini Allahyar İmanov:

***Buna da bax-Biləvərlilər: 'Yollara ayrılan pullar məmur balalarının bahalı həyatına xərclənir'

«Övladlarım o kənddə yaşayır. Kəndlə erməni hərbçiləri arasındakı məsafə vur-tut yarım kilometrdir. Kəndlilər güllələrin altında taxıl əkir, elə vaxt olur, məhsul yığımı çatanda əkin sahələrini atəşə tuturlar, adamlar məhsulu yığa bilmir. Deməyim odur ki, cəhənnəmin dibində Allahın ümidinə yaşayan adamlardır. Birini ağrı tutanda 12 kilometrlik yolu aparıb xəstəxanaya çıxara bilmirlər».

Kənd sakini Lətifə Ağayeva deyir, kənd yolunda UAZ-dan başqa heç bir maşın irəliləyə bilmir. Susuz qalanda kəndə su maşını gəlmir, xəstə olanda təcili yardım yetişə bilmir:

«Diabetdən əziyyət çəkirəm, hər ay dərman üçün rayonun mərkəzi xəstəxanasına getməliyəm, gedə bilmirəm. Heç bilmirəm dərmanımı kimə satırlar. Dəfələrlə müraciət etmişəm ki, vəziyyətim ağırdır, dərmanlarımı kəndə göndərsinlər, deyirlər, «o yolu traktor da gəlməz». Bax belədir vəziyyətimiz...».

***Buna da bax-'Cənab prezident, əvvəl yolu düzəlt...'

«GÜNLƏRLƏ ÇÖRƏK MAŞINI YETİŞƏ BİLMİR»

Kənddə problem çoxdur. Ancaq kəndlilər deyir, heyvan saxlamaqla, əkinlə birtəhər başlarını dolandırmağa çalışırlar. Əsas əziyyət yolla bağlıdır. Əsasən də yağışlı, qarlı günlərdə kəndin rayon mərkəziylə əlaqəsi kəsilir. Kənd sakinləri deyirlər, erməni hərbçiləriylə yaxın məsafədə olan kəndin ətrafdan təcridi yolverilməzdir. Mətanət Xəlilova:

«Bizə daha çox diqqət ayrılmalıdır. Hər an hücum, hər an atışma mümkündür. Qışda qar yağanda 12 kilometrlik yolu, ümumiyyətlə, gedib gəlmək mümkün deyil. Elə vaxt olur ki, qarlı, şaxtalı havalarda kəndə günlərlə çörək maşını yetişə bilmir».

Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, barəsində danışılan yol «Azəravtoyol» ASC-nin 26 saylı Yol İstismarı MMC-nin balansındadır. Yolda aradabir yüngül təmir işləri aparılır, ancaq ağırtonnajlı avtomobillər yenə yararsız vəziyyətə salıb. Qurumdan MMC ilə əlaqə yaratmağı məsləhət gördülər.

«Azəravtoyol» ASC-nin 26 saylı Yol İstismarı MMC-dən açıqlama almaq isə mümkün olmadı.

XS
SM
MD
LG