Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:04

Belaruslu siyasi məhbusların 'uşaqlığı əlindən alınmış' övladları


Andrey və Palina Şarenda övladları ilə
Andrey və Palina Şarenda övladları ilə

2021-ci ilin yanvarında polis belaruslu müxalif siyasətçi Palina Şarenda-Panasyukun Brest şəhərindəki evinin qapısını sındıraraq onu 4-yaşlı oğlunun gözü qarşısında əli qandallı aparıb.

48-yaşlı Şarenda-Panasyuk polisə hücum və Belarusun diktator prezidenti Alyaksandr Lukaşenkanı təhqir etmək ittihamları ilə 3 il həbs cəzasına məhkum olunub. Bu ay həbsdən çıxmasına az qalmış ona yeni ittihamlar irəli sürülüb. Bunun siyasətçini qeyri-müəyyən müddətədək həbsdə saxlamaq niyyəti ilə olunduğu güman edilir.

Uşaq danışmağı dayandırıb

Bu insident onun oğlu Staxı travmaya məruz qoyub. Uşaqda nitq çətinlikləri yaranıb və hazırda anasının həbsindən dərhal sonra atası Andrey Şarenda ilə birlikdə pənah gətirdiyi Litvada müalicə alır.

"O sadəcə, danışmağı dayandırıb. Ona nitq ləngiməsi diaqnozu qoyulub. İki ildir ki, bu diaqnozla yaşayıb onun öhdəsindən gəlməyə çalışırıq. Xoşbəxtlikdən Vilnüsdə olduğumuz müddətdə psixoloq və nitq terapevtinin köməyilə yoluna qoya bilmişik”, – Şarenda “Nastoyaşeye Vremya”ya deyib.

"Stax normal məktəbə gedəcək. Ancaq anlamalısınız ki, uşağın demək olar, bütün uşaqlığı əlindən alınıb”, – deyə o əlavə edib.

Şarenda-Panasyuk Lukaşenkanın 2020-ci ildə keçirilən ziddiyyətli prezident seçkilərində özünü qalib elan etməsinin ardınca tənqidçilərinin kütləvi həbsi zamanı tutularaq həbsdə saxlanılan 1400-dən artıq siyasi məhbusdan biridir.

Bu məhbusların həbsxanaya salınması və ailələri ilə birlikdə ola bilməməsi onların yaxınlarına travma yaşadır. Bu, özəlliklə də uşaqlara aiddir.

Kiçik oğul anasını unutmağa başlayır...

Psixoloq Natalya Stankeviç “Nastoyaşeye Vremya”ya deyib ki, bu dövrdə uşaqlar üçün yanlarında onları dəstəkləyən böyüyün olması son dərəcə vacibdir.

"Ağlaya, ancaq eyni zamanda uşaqla danışa bilən bir böyük: “Hə, mən Ana üçün çox narahatam. Gəl birlikdə ona məktub yazaq”. … Özünü toparlamış bir adam. 24 saat, 7 gün ağlayan biri yox”, – Stankeviç deyir.

Andrey Şarenda Vilnüsdə yaşadıqları müddətdə Stax və böyük oğulları 14-yaşlı Slavomir üçün müəyyən qədər normallıq hissi yaratmağa çalışdığını deyir.

"Anlayıram ki, hazırda həyat yoldaşıma bundan qat-qat çətindir. Palina hər cür əzab-əziyyətə dözməli olur. Onu da anlayıram ki, sadəcə həyatdan gileylənib ümidsizliyə qapıla, yaxud depressiyaya düşə bilmərəm”, – Şarenda söyləyir.

Şarenda kiçik oğullarının anasını artıq unutmağa başladığını, uşaqlara analarının fotolarını göstərdiyini deyir.

Lukaşenkanın valideyn sevgisindən məhrum etdiyi digər uşaqlar

2021-ci ilin dekabrında AzadlıqRadiosunun Belarus xidmətinin müxbiri Ihar Losik kütləvi iğtişaşlar təşkil etmək, ictimai nifrəti qızışdırmaq və bir neçə başqa qeyri-müəyyən ittihamla 15 illik həbs cəzasına məhkum edilib.

Onun həbsindən sonra həyat yoldaşı Darya azyaşlı qızları Palinanın atasının şəkillərini görmək istədiyini deyirdi.

Bu ilin yanvarında Darya Losikin özü də həbs olunaraq iki illik həbs cəzasına məhkum edilib. Ona qarşı ekstremist fəaliyyətə yardım ittihamı irəli sürülüb. ABŞ və Aİ İhar və Darya Losiklərin həbsinin siyasi motivli olduğunu bəyan edərək qınayıb. Balaca Palina hazırda nənə-babası ilə yaşayır.

2022-ci ilin dekabrında belaruslu jurnalist Larısa Şçırakova həbs ediləndə onun yeniyetmə oğlu Svyatoslau uşaq evinə verilmişdi. Uzun zamandan bəri Rusiyada yaşayan atası sənədləri toplayıb onun qəyyumluğunu əldə edənədək uşaq bu müəssisədə yaşamalı olub.

Şçırakovanın ötən ay Homel şəhərində məhkəmə qarşısına çıxarılan digər yaxınlarına Svyatoslaunu uşaq evindən götürməsinə icazə verilməyib.

Ekstremist fəaliyyətə yardım və Belarusu gözdən salma kimi ittihamlarla üzləşməli olan Sçırakovanın məhkəməsi bağlı qapılar arxasında keçirilir. Təqsirli bilinərsə, onu yeddi il həbs cəzası gözləyə bilər.

XS
SM
MD
LG