Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:11

Çin yoluxmalarla bağlı informasiya üçün pul vəd edir


Fransa, arxiv fotosu
Fransa, arxiv fotosu

Noyabrın 9-da Yeni Zelandiya parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib. Minlərlə insan COVID-19 vaksininin məcburi olmasına, lokdaunlara etiraza yığışıblar.

Çinin şimalında Rusiya ilə sərhəddə koronavirusa son yoluxmaların mənbəyinə aparacaq informasiyaya görə bir neçə min dollar təklif olunur. Son aylarda ilk dəfə ölkədə COVID-19-a yoluxmalar artır.

Noyabrın 9-da Çin 20 vilayət və regionda 43 yoluxma aşkarladığını bildirib. Milyonlarla insanı əhatələyən lokdaunlar tətbiq olunub, yerli səyahət qaydaları sərtləşdirilib, bir çox təyyarə və qatar reysləri təxirə salınıb.

Asiyanın bir çox ölkələrinin COVID-19 məhdudiyyətlərini qaldırmasına baxmayaraq, Pekin rəsmiləri sərt antivirus strategiyası yürütməkdədir. Sərhədlərin bağlanması, hədəfli lokdaunlar, uzunmüddətli karantinlər sayəsində yoluxmalar xeyli azdır.

100 min yuan mükafat

Ancaq son dalğa 40-dan çox şəhəri əhatələyir. Heihe şəhər rəsmiləri informasiyaya görə 100 min yuan (15 min 500 dollar) təklif edir.

“Virusun mənbəyini mümkün qədər tez aşkarlamaq və yoluxma zəncirini tapmaq üçün epidemiyanın önlənməsi və nəzarət üzrə xalq müharibəsi aparılmalıdır”, – şəhər hökuməti bildirib.

Rəsmilərin sözlərinə görə, qaçaqçılıq, qanunsuz ov, sərhədi keçərək balıq tutma haqda dərhal məlumat verilməlidir, onlayn yolla idxal məhsulları alanlar onları dərhal strelizə etməli, testə göndərməlidir.

Çində beş vaksin təsdiqlənib, amma onların 50-82 faiz arasında dəyişən effektivliyi ABŞ və Avropa şirkətlərinin hazırladığı vaksinlərdən geri qalır.

Rəsmi Sinxua agentliyi Çinin pandemiyaya yanaşmasını tənqid edənlərə xitabən yazıb ki, “sərt məhdudiyyətlər həyatları xilas etməyin ən yaxşı yoludur”, Pekinin cəhdləri “sual doğurmamalıdır”.

Avropa

Digər ölkələrə gəlincə, Bolqarıstanda dördüncü dalğa tüğyan edir, koronavirusa rekord gündəlik yoluxmalar qeydə alınır. Noyabrım 9-da açıqlanmış məlumatda 334 nəfərin virusdan vəfat etdiyi, 5 min 286 yoluxmanın qeydə alındığı bildirilir. Amma oktyabrın sonundakı pik həddən azalma müşahidə olunur.

Xəstəxanalarda 8 min 500-dən çox xəstə var, onların 734-ü reanimasiyadadır.

Almaniyada yoluxma səviyyəsi pandemiya başlanandan ən yüksək həddə çatıb. Həkimlər böhranın öhdəsindən gəlməkdən ötrü bir neçə həftəyə planlaşdırılan əməliyyatları təxirə salmalı olacaqlarını deyirlər.

Noyabrın 8-də Fransada COVID-19-dan hospitalizasiya son bir ayda ən yüksək həddə yüksəlib. Danimarkada isə qapalı bar və restoranlara giriş üçün “korona pasportu”nun tətbiqinin bərpası təklif olunur.

Ukrayna

Ukraynada koronavirusdan rekord ölüm qeydə alınıb. Brüsselin bu ölkəni səyahət üçün təhlükəsiz ölkələrin “ağ siyahı”sından çıxaracağı gözlənir.

Noyabrın 9-da yayılmış məlumata görə, son 24 saat ərzində koronavirusdan 833, bir neçə gün öncəki rekorddan 40 nəfər artıq ölüm aşkarlanıb.

Ukraynada indiyədək 3.1 milyon yoluxma, 73 mindən çox ölüm qeydə alınıb.

AzadAvropa/AzadlıqRadiosu-nun Avropa redaktorunun məlumatına görə, Ukraynada yoluxmalarda artım AB səfirlərini onu səyahətin təhlükəsiz hesab olunduğu üçüncü ölkələrin siyahısından çıxarmaq qərarıyla sonuclana bilər.

Siyahıdan çıxarılmaq o deməkdir ki, AB üzvlərinə Ukrayna vətəndaşlarına, özəlliklə xüsusi səbəbsiz vaksin vurdurmayanlara yenidən giriş qadağası tətbiq etməyi tövsiyə edəcək.

Yeni Zelandiya

Noyabrın 9-da Yeni Zelandiya parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib. Minlərlə insan COVID-19 vaksininin məcburi olmasına, lokdaunlara etiraza yığışıblar.

Vellinqtondakı nümayiş əsasən dinc keçib. Nümayişçilər hökumətdən məcburi vaksinasiyanın, qadağaların ləğvini tələb ediblər.

İlin əvvəlində Yeni Zelandiya delta ştammına yoluxmaları önləməyə çalışırdı. Baş nazir Casinda Ardern lokdaunlardansa daha yüksək vaksinasiyaya nail olaraq virusla yaşamaq strategiyasını seçdi.

Ardern əhalinin 90 faizi peyvənd vurdurandan sonra qadağaları qaldırmaq vədi verib. Hazırda bu rəqəm 80 faizdir.

Bir çox ölkələrdən yuxarı olan göstərici adamların daha çox azadlıq tələb etməsilə sonuclanıb.

Yeni Zelandiyada indiyədək COVID-19-a 8 mindən az yoluxma, cəmi 32 ölüm qeydə alınıb.

XS
SM
MD
LG