Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:35

Qarabağda gərginlik və mübahisələr niyə azalmır?


Onlarla əsir Bakıya gətirilib, ya Rusiya sülhməramlılarına verilib
Gözlə

No media source currently available

0:00 0:09:55 0:00

Onlarla əsir Bakıya gətirilib, ya Rusiya sülhməramlılarına verilib

Kommersant qəzetinin müxbirləri Kirill Krivoşeyev və Ayk Xalatyan Yerevandan yazırlar ki, Hadrut rayonundakı vəziyyətin gərginləşməsinə səbəb tərəflərin 10 noyabr üçtərəfli razılaşmasını müxtəlif cür başa düşməsi və təfsir etməsidir.

Məqalədə deyilir ki, Rusiya sülhməramlıları Xtsaberd və Hin Tağlar kəndlərində baş vermiş insidenti Azərbaycanın xeyrinə çözüblər və münaqişə zonasının yeni xərtiəsində sözü gedən kəndlər Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındakı əraziyə düşüb.

Digər tərəfdən Telegram-kanallarda erməni əsgərlərin tərksilah edilməsini göstərən videolar yayılır.

Kommersant yazır ki, tərəflər Rusiya, Azərbaycan və Ermənsitan liderlərinin 10 noyabr tarixli bəyanatını müxtəlif cür təfsir edirlər.

Bakıda əmindirlər ki, erməni qoşunları Dağlıq Qarabağın bütün ərazisini tərk etməlidirlər. Yerevanda isə düşünürlər ki, bu şərt yalnız Dağlıq Qarabağ ətrafındakı rayonlara aiddir.

Xəritədə yeni xətt

Məqalədə deyilir ki, Rusiya Müdafiə Nazirliyinin dekabrın 14-də yenilədiyi xəritədə Xtsaberd və Hin Tağlar kəndləri, habelə bu kəndlərə gedən yol Azərbaycanın nəzarətinə düşüb.

Müəlliflər yazırlar ki, üstəlik xəritənin şərti işarələr hissəsində sülhməramlıların nəzarətində olan ərazinin hüdudlarını göstərən xətt verilib. Onun qarşısında “Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonası” yazılıb.

Kommersant müxbirlərinin fikrincə xəritədə bu yenilik o deməkdir ki, sülhməramlılar bu xətti keçə bilməyəcəklər.

Məqalədə bu da xatırladılır ki, dekabrın 11-12-də Hadrutun adı çəkilən kəndlərində Azərbaycan ordusu və bu ərazidən çıxmaq istəməyən erməni silahlı dəstələri arasında döyüşlər bərpa olunub.

Bakı bildirib ki, bu bölgədə “antiterror əmiyyatı aparmağa məcbur olub”.

Bunun ardınca Azərbaycanın Telegram-kanallarında silahlarını Azərbaycan hərbçilərinə təslim edən erməni əsgərlərini göstərən videolar yayılıb.

Qəzet yazır ki, Dağlıq Qarabağın separatçı nümayəndələri bu kəndlərdə hazırda vəziyyətin necə olduğunu şərh etmirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan hadisə ilə əlaqədar sülhməramlıları sərt tənqid edib:

“Nə üçün hücum olan vaxt sülhməramlılar orada yerləşdirilməmişdilər. Bu ayrıca bir müzakirə və təhlil üçün mövzudur”.

Erməni silahlılar niyə hələ də qalır?

Məqalədə deyilir ki, sülhməramlıların bu iki kəndin yaxınlığında peyda olması isə Bakının narazılığına səbəb olmuşdu.

Azərbaycan tərəfinin narazılığını parlamentin vitse-spikeri Adil Əliyev Facebook-da ifadə etmişdi. O iki kəndin sülhməramlıların nəzarətində qalacağı variantı nəzərdə tuturdu:

“Rusiya sülhməramlılarının təqdim etdiyi yeni xəritə tamamilə anlaşılmazdır. Bu xəritə razılaşmanın çərçivəsindən kənara çıxır. Üstəlik bu xəritələrdə bizim qədim torpaqlarımız başqa adlarla verilib. Sülhməramlıların fəaliyyəti beynəlxalq hüquqla tənzimlənir və bu fəaliyyət onların üzərinə qoyulmuş vəzifələr və məsuliyyətin çərçivəsindən heç bir halda kənara çıxmamalıdır. Onların hazırladıqları xəritənin heç bir hüquqi və siyasi əsası yoxdur”.

Kommersant xatırladır ki, Rusiya sülhməramlıalrı bu narazılığı nəzərə alaraq iki kəndi Azərbaycan tərəfinin nəzarətinə salıblar.

Valday beynəlxalq klubunun azərbaycanlı eksperti Fərhad Məmmədov Kommersant qəzetinin müxbirləri ilə söhbətində deyib:

“Azərbaycan ictimaiyyəti diqqəti 10 noyabr razılaşmasının 4-cü bəndinə çəkib. Bu bənddə deyilir ki, “Rusiya sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə parallel yerləşdirilir”. Amma indi biz görürük ki, sülhməramlı missiya tamamilə yerləşdirilib, hospital da açılıb, humanitar mərkəz də, amma silahlı adamlar hələ də qalır. Bizim fikrimizcə onlar təkcə azərbaycanlılar üçün yox, ilk növbədə Rusiya sülhməramlıları üçün təhlükə təşkil edirlər”.

Qarabağda tutulan yeni erməni əsirlər hara aparılıb?
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Erməni rəsmiləri məsələni açıq şərh etmək istəmirlər

Kommersant yazır ki, Yerevanda və Xankəndidə razılaşma mətnini başqa cür yozurlar.

Lakin qəzet bildirir ki, erməni rəsmilər bu mövzunu açıq şəkildə müzakirə etməkdən imtina edirlər. Amma onlar adlarının çəkilməməsi şərtilə iddia edirlər ki, guya 4-cü maddə yalnız dekabrın 1-dək Azərbaycana verilmiş üç rayona – Ağdam, Kəlbəcər və Laçına aiddir.

Onların fikrincə “sovet vaxtlarında” Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə düşən ərazilərdə isə 10 noyabr razılaşmasının 1-ci bəndi tətbiq edilməlidir.

Həmin bənddə deyilir ki, tam atəşkəsdən sonra “Azərbaycan Respublikası və Ermənistan tutduqları mövqelərdə qalırlar”.

Leyla Abdullayeva: “Rusca aydın yazılıb ki...”

Burdan belə bir məntiq yaranır ki, Hadrut yaxınlığındakı mövqelər də erməni qoşunlarının və silahlı dəstələrinin nəzarətində qalmalıdır.

Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Kommersant qəzetinə deyib ki, belə təsfir düzgün deyildir və erməni qoşunları Qarabağın bütün ərazisindən çıxmalıdır:

“Bəyanatın orjinalı rus dilində yazılıb və orda hər şey aydın göstərilib. Ermənilərin sizə dedilkləri yalnız yozumdur. Bizsə mətnə əsaslanırıq”.

Erməni politoloq Vigen Akopyan deyib ki, burada iki hal baş verə bilərdi.

Onun fikrincə əgər bu razılaşma Ermənistanın rəhbərliyi üçün sürpriz olubsa bir məsələ, yox əgər əsirlərin dəyişdirilməsini də ehtiva edən gizli razılaşmaya daxildirsə, başqa məsələdir.

Akopyan əlavə edib ki, “Ermənistan hakimiyyəti hazırda Rusiya sülhməramlılarına münasibəti dəyişəcək durumda deyil”.

XS
SM
MD
LG