Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:09

«Azərbaycana dempinq mallar yox, keyfiyyətsiz mallar gətirilir»


Vahid Məhərrəmov
Vahid Məhərrəmov

-

Azərbaycan parlamenti «Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında» qanununu qəbul etməyə hazırlaşır.

Daxili bazarın qorunmasına hesablanan bu qanun ölkə iqtisadiyyatına nə verəcək?

Aqrar məsələləri üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna müsahibəsində sözügedən qanunu şərh edir.

-Vahid bəy, öncə «dempinq nədir» sualını cavablayın, lütfən…

-Əvvəlcə onu deyim ki, bəzi ölkələr digər ölkələrin bazarlarına rəqabətədavamlı mal və məhsul çıxarmaq üçün xüsusi tədbirlər görürlər. Tutalım, məhsul istehsalına daha çox subsidiya ayırır və yaxud dolayısı ilə dövlət dəstəyi göstərirlər. Beləcə, istehsal edilən malın digər ölkənin bazarında ucuz qiymətə satılması mümkün olur. «Dempinq» ölkənin bəlli mal qrupu üzrə digər bazarda süni yolla çatdığı qiymət üstünlüyü kimi anlaşıla bilər. Məsələn, deyək ki, bir ölkə özünün kartofa tələbatını yüksək səviyyədə ödəməklə yanaşı, bu məhsulun ixracını da artırmaq istəyir. Bundan ötrü fermerə birbaşa və ya dolayı dəstək verilir ki, onun istehsal etdiyi məhsul digər ölkələrin idxalçı sahibkarlarının diqqətini çəksin.

-Bu gün Azərbaycana belə dempinq mallar gətirilir?

-Gətirilmir. Araşdırıb görmüşük ki, ölkəyə gətirilən məhsulların qiyməti gömrükdə süni şəkildə aşağı salınır. Beləcə, mənimsəmə, vergidənyayınma hallarına yol verilir. Yəni biz belə halları daha çox görürük, nəinki ölkəyə dempinq malların gətirilməsini. Araşdırmalarımız göstərir ki, son zamanlar əksər ölkələrdə dempinq malların istehsalına önəm verilmir. Artıq bir çox hökumətlər bu məqsədlə hər hansı sahənin istehsalçısını birbaşa və ya dolayı yolla dəstəkləmir. Çünki Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğun olaraq, bir sıra ölkələrdə dempinq malların idxalı qəbul edilmir.

-Statistikaya görə, Azərbaycan ərzaq və qeyri-ərzaq məhsullarına görə idxaldan asılıdır. Antidempinq qanunu bunu necə tənzimləyəcək?

-Ərzaq məhsulları üzrə Azərbaycan idxaldan 50 faiz asılıdır və bir çox kənd təsərrüfatı mallarına olan ehtiyacını özü ödəyə bilmir. Alıcılıq qabiliyyəti də aşağıdır. Minimum və orta aylıq əməkhaqqı da imkan vermir ki, vətəndaşlar nisbətən bahalı mal və məhsul alsınlar. Ancaq ölkədə təklif edilən mal və məhsulun dəyəri digər ölkələrlə müqayisədə xeyli yüksəkdir. Dünya bazarında təzə südün topdansatış qiyməti 30 sent olduğu halda, bizdə bu qiymət yüksəkdir. Ətin qiyməti də iki dəfə yüksəkdir. Taxıl, yumurta bizdə 50 faiz bahadır. Əgər ölkədə ərzaq mallarının qiyməti həddindən artıq bahadırsa, başqa ölkələrdən mal, məhsul gətirməklə onların qiyməti endirilə bilər. Ancaq bu baş vermir, çünki idxal və bazar inhisardadır. İnhisarçılıq olan yerdə belə bir qanunun qəbulu və tətbiqi indiki halda mümkün deyil.

-Ancaq hökumət bu qanunun qəbulundan sonra ölkədə daxili istehsalın stumullaşdırılacağına inanır...

-İstehsalı necə stumullaşdıracaqlar? Ölkədə bir çox emal sahəsi də - un, süd, o cümlədən, çörəkbişirmə inhisardadır. Artıq heyvandarlıq da inhisara keçir, yəni, fermalarda mal-qaranı kökəldib, süd və ət istehsalını monopoliyaya alırlar.Daxili bazarı qorumaq üçün idxal və bazar inhisardan azad olmalıdır. Bu zaman ölkəyə nisbətən ucuzmal və məhsul gələr və daxildə rəqabət mühiti yaxşılaşar. Yoxsa idxal oliqarxların əlindədir, istehsal da bunların əlinə keçir. Monopolistlər aşağı keyfiyyətli ucuz malları ölkəyə gətirib yenə də baha qiymətə satacaqlar. Əslində, bu heç dempinq mallar deyil, aşağı keyfiyyətli mallardır. Məsələn, ucuz qiymətə yetişdirilən texniki və yemlik sort kartofu gətirib baha qiymətə satırlar. Bu, dempinq mal kimi görünür, amma elə deyil. Həmin məhsulun istehsal qiyməti ona görə ucuzdur ki, maya dəyəri aşağıdır.

-Tutalım, İran kartofu bazarda yerli məhsuldan 10-15 qəpik ucuzdur. İndi bu qanunun qəbulundan sonra İrandan kartof idxalı yasaqlana bilər?

-Bu məhsulun dempinq mal olduğunu, İran hökumətinin bu məhsulun daha ucuz başa gəlməsi üçün fermerə həddindən artıq subsidiya verdiyini sübut etmək lazımdır. Bu isə çox çətin məsələdir. Hətta dempinq mallarla bağlı Ümumdünya Ticarət Təşkilatına üzv ölkələrin də çoxsaylı məhkəmə çəkişməsi var. Bunu sübut etmək illərlə vaxt aparır.

-Bəs Azərbaycan öz daxili bazarını necə qorusun?

-Azərbaycanın bu dəqiqə keyfiyyətli mal və məhsula ehtiyacı var. Bunu da nə özü istehsal edir, nə də idxal vasitəsilə gətirir. Bu gün Azərbaycanda Ümumdünya Ticarət Təşkilatının normalarına uyğun sənədlərin mərhələ-mərhələ qəbuluna ehtiyac var. Çünki biz, gec-tez, bu quruma üzv olacağıq və o zaman hazır olmalıyıq. Həm normativ qanunlar o qurumun tələblərinə uyğun olmalıdır, həm də istehsal, idxal və ixracla bağlı vacib addımlar atılmalıdır. İndi qanun qəbul olunandan sonra oradakı maddələrin beynəlxalq standartlara uyğun gəlib-gəlmədiyinə baxacağıq. Ancaq bir daha vurğulayıram ki, idxal və istehsalın inhisarda olduğu, inhisarçılarınsa qanundan üstün tutulduğu bir vaxtda belə bir qanun qəbulunun əhəmiyyəti yoxdur.

XS
SM
MD
LG