Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:45

Gürcüstanda ‘xarici agent’ qanunu qüvvəyə mindi, amma...


Ba. nazir Irakli Kobaxidze və prezident Salome Zurabışvili
Ba. nazir Irakli Kobaxidze və prezident Salome Zurabışvili

Gürcüstanda minlərlə media qurumuna və vətəndaş cəmiyyətinə təhlükə yaradacağı gözlənilən, ölkənin özündə müxalifət, xaricdə isə ABŞ və Avropa İttifaqı ölkələri tərəfindən tənqid olunan ziddiyyətli “xarici təsirin şəffaflığı” qanunu avqustun 1-dən qüvvəyə minib.

Buna baxmayaraq prezident Salome Zurabışvili də daxil, çoxsaylı deputat və ictimai xadim qanundan Konstitusiya Məhkəməsinə şikayət ediblər.

Ədliyyə naziri Rati Breqadze deyib ki, nazirlik maliyyələşdirilməsinin 20 faizi xaricdən gələn təşkilatların qeydiyyatına hazırdır. Onun sözlərinə görə bu qanunu pozanlar cərimə olunacaqlar.

Gürcüstanda 10 mindən artıq QHT-nin əksəriyyəti xaricdən maliyyələşir.

Onlardan bəziləri artıq indidən qeydiyyatdan keçməyəcəklərini bəyan ediblər.

Üç rəsmi şikayət

Xəbər verilir ki, hazırda Konstitusiya Məhkəməsinə üç rəsmi şikayət daxil olub. Şikayətlərdə məhkəmənin qanunvericilik aktını nəzərdən keçirdiyi müddətdə onun qüvvəsinin dayandırılması rica edilir.

Birinci şikayəti ölkə prezidenti Salome Zurabişvili təqdim edib. Onun bu qanuna qoyduğu veto 150 yerlik parlamentdə 84-4 çoxluğu ilə ləğv edilib.

İkinci şikayəti onlarca deputat verib. Hər iki şikayətdə Gürcüstan Konstitusiyasının 78-ci maddəsinin pozulduğu göstərilir. Bu maddədə Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyası üçün bütün mümkün addımların atılması tələb olunur.

Üçüncü şikayət 122 media və vətəndaş cəmiyyəti qurumu tərəfindən verilib.

Qanun Ədliyyə Nazirliyinə hədəflənən təşkilatlarla bağlı şəxslərdən siyasi baxışları, etnik mənsubiyyətləri, dinləri və cinsi həyatları ilə bağlı informasiyaları tələb etmək hüququ verir.

Konstitusiya Məhkəməsinin sədri Merab Turava deyib ki, üç şikayət bir vəsatətdə birləşdiriləcək.

9 hakimlik Konstitusiya Məhkəməsinin şikayətə baxması üçün ən azı bir ay vaxt lazım gələcək.

Qərb Gürcüstanın cəzalandırılmasına başlayıb

Bundan bir gün əvvəl ABŞ hökuməti Gürcüstan hökuməti üçün nəzərdə tutulan 95 milyon dollarlıq yardımın çatdırılmasına fasilə verdiyini bəyan etmişdi.

Reuters agentliyinin yazdığına görə dövlət katibi Antoni Blinken demişdi ki, bu, Gürcüstanda hakim partiyanın təşəbbüsü ilə “xarici təsirin şəffaflığı” adlı qanunun qəbul edilməsi ilə bağlıdır.

Xəbərdə deyilir ki, qərar iki ölkə arasında münasibətlərə yenidən baxıldıqdan sonra qəbul olunub.

ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətinin hərəkətini “antidemokratik” adlandırıb.

Blinken bəyan edib ki, “Gürcüstan hökumətinin antidemokratik hərəkətləri və yalan bəyanatları Avropa İttifaqı və NATO üzvlüyü ilə bir araya sığmır”.

Sözü gedən qanunun imzalanmasından bir neçə gün sonra ABŞ bildirmişdi ki, Gürcüstanın onlarca vətəndaşına qarşı viza qadağanları tətbiq ediləcək. Bunların əksəriyyəti hakim partiyadan olan deputatlar və hökumət nümayəndələridir.

Bundan əvvəl Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Gerçinski demişdi ki, Aİ Gürcüstanın bloka inteqrasiyası prosesini dayandırıb və Gürcüstana ayrılmış 30 milyon avroluq yardımı dondurub.

XS
SM
MD
LG