Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:49

Heydər Əliyevin vəkili 'işgəncələrin altını indi də çəkir'


Həbsxana
Həbsxana

Nardaran məhbuslarından Eldar Bünyadovun səhhətində ciddi problemlər olduğu bildirilir. Bu barədə AzadlıqRadiosuna onun yaxınları danışıb.

Ailə üzvləri deyir ki, uzun müddətdir 68-yaşlı Eldar Bünyadov hipertoniya və diabet xəstəsidir: «Bu gün dərmanların hesabına ayaq üstə dura bilir. O, həbs olunanda da ağır işgəncələrə məruz qalmışdı. Bu barədə məhkəməsində də danışmışdı. İşgəncələrin, qabırğalarından aldığı zədələrin altını bu gün də çəkir. Son vaxtlar böyrəklərində də kəskin ağrılar var. Kistalara görə ayaqlarında şişkinlik hər ötən gün artır. Şəkərin təsirindən bir gözü artıq görmür, o biri də zəifləyib. Eynəksiz görmür. Ürəyində də problemlər var. Çox çətinliklə yeriyir».

Yaxınlarının sözlərinə görə, E.Bünyadovun durumu ilə əlaqədar saxlandığı 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə müraciət olunub. Penitensiar Xidmətin Müalicə Müəssisəsindən cəzaçəkmə müəssisəsinə həkim çağrılıb: «Müayinə ediblər və gəldikləri qənaət belə olub ki, o, tezliklə xəstəxanaya köçürülməlidir. Ötən həftədən köçürülmə haqqında həkimin göstərişi var. Amma bu günə qədər heç bir səbəb göstərilmədən onun Müalicə Müəssisəsinə köçürülməsini gecikdirirlər. Hər ötən gün də durumu pisləşir».

Ailə üzvləri deyir ki, dörd ildir haqsız həbsdə saxlanması bir yana, artıq onun həyatına təhlükə yaranıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna bildirib ki, hansısa məhkumun müalicəsinə imkan verilməməsi, Müalicə Müəssisəsinə köçürülməsinin yubadılması mümkün deyil: «Həkimlər Penitensiar Xidmətə yox, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə tabedirlər. Həkimin göstərişi varsa, onun qarşısını almaqdan söhbət gedə bilməz. Penitensiar Xidmət olaraq, biz özümüz də xəstəliyin birinci mərhələdə aşkarlanıb müalicə olunmasında maraqlıyıq. Görünür, bu şəxsin köçürülməsiylə bağlı hələ ya həkim göstərişi yoxdur, ya da köçürülmə tarixi hələ çatmayıb. Gün bəllidirsə, onu heç kim yubandıra bilməz».

Xatırlatma

2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü, ilahiyyatçı Taleh Bağırov və digərlərinin həbs olunduğu əməliyyat E.Bünyadovun mərhum qardaşının evində keçirilib. Əməliyyatda ölənlərdən ikisi - Fərail və Rəfael Bünyadovlar onun digər qardaşının oğlanlarıdır.

E.Bünyadov Nardaran əməliyyatından beş gün sonra həbs olunub. O, dövlət çevrilişinə cəhd, ölkənin konstitusion quruluşunu dəyişmə, terrora çağırış kimi ittihamlarla 12 il 6 ay azadlıqdan məhrum edilib.

Amma E.Bünyadov ittihamları qəbul etmir. O, həbs olunandan sonra ağır işgəncələrə məruz qaldığını vurğulayıb.

Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə icra nümayəndəsi olmuş E.Bünyadov vaxtilə seçkidə mərhum prezident Heydər Əliyevin vəkili olduğunu da məhkəmədə yada salıb.

Daxili İşlər Nazirliyi Nardaran hadisələri zamanı və ondan sonra həbs olunan şəxslərin işgəncəyə məruz qalması haqda söylədiklərini təkzib edib. Nazirlik bəyan edib ki, bu barədə deyilənlər həmin şəxslərin məsuliyyətdən yayınma cəhdidir.

XS
SM
MD
LG