Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:15

Svastika: rifah rəmzi, qız adı


Hinduizm fəlsəfəsində svastika 4 rəqəmi ilə ölçülən müxtəlif anlayışları təmsil edir.
Hinduizm fəlsəfəsində svastika 4 rəqəmi ilə ölçülən müxtəlif anlayışları təmsil edir.

Nasist svastikası kimi tanıdığımız fiqur (almanca digər adı "Hakenkreuz") nifrətin və Üçüncü Reyxin travmatik mirasının rəmzi hesab edilir. Ancaq ona çox bənzəyən fiqur həm də hinduizm, caynizm və buddizmdə müqəddəs rəmzlərdən biridir. Onu hətta islam memarlığında da görmək mümkündür.

BBC yazır ki, svastikanın uzun və mürəkkəb tarixi var. Bu tarix onun Nasist Almaniyası ilə assosiasiya olunmağa başlamasından çox-çox qədimlərə gedib çıxır. Əsasən rifah və uzunömürlülük rəmzi sayılan bu işarəni erkən xristianların məqbərələrindən tutmuş, Roma katakombaları, Lalibela qaya kilsələri və Kordoba Kafedral Kilsəsinə qədər bir çox yerdə görmək mümkündür. Holokost Ensiklopediyasında deyilir ki, bu motivdən ilk dəfə 7 min il bundan əvvəl Avrasiyada istifadə olunub.

4 ilə ölçülən anlayışlar

"Svastika" sözü sanskrit dilindəki "su" (yaxşı) və "asti" (üstün olmaq) köklərindən yaranıb və rifah, çiçəklənmə və yaxşı bəxt kimi tərcümə olunur. Bu sözdən ən qədim hinduist yazıları olan "Riqveda"da dualarında istifadə olunub. Hinduizm fəlsəfəsində svastika dörd rəqəmi ilə ölçülən müxtəlif anlayışları təmsil edir. Dörd yuqa və ya ilin dörd fəsli, həyatın dörd qayəsi, həyatın dörd mərhələsi və dörd vedanı. Hətta Hindistanın bəzi yerlərində "Svastika" qız adıdır.

Buddizmin iki əsas dindən biri olduğu Yaponiyada svastika "manci" kimi tanınır və Buddanın ayaq izlərini simvolizə edir. Buddizmlə təqribən eyni dövrdə yaranmış caynizmdə isə o, mənəvi müəllim deməkdir. Hindistanda saat əqrəbi istiqamətində olan svastika günəş tanrısının işarəsidir. Bu işarəni sarıköklə rəngləyib dükanların girişindən tutmuş, maşınların və dini yazıların üzərinə qədər bir çox yerə vururlar. Onu toy və digər şənliklərdə, evlərə xeyir-dua verilərkən, yeni şirkət açarkən və hətta yeni maliyyə ilinin başlanğıcında yeni maliyyə hesabına başlayarkən də önə çıxarırlar.

Şüurun dördüncü halı

"Lost Wisdom of the Swastika" (Svastikanın unudulmuş hikməti) kitabının müəllifi Acay Çaturvedi BBC-yə müsahibəsində deyib ki, svastika Hind fəlsəfəsində bütöv bir ruh halını – şüurun dördüncü halını təmsil edir. Şüurun digər üç halı isə oyaqlıq, yuxu və düşüncəyə dalmaqdır. Onun sözlərinə görə, Hitler bu rəmzin Hind fəlsəfəsində nə demək olduğunu bilmədən ondan siyasətdə istifadə edib və onu gözdən salıb. Məlum olduğu kimi, Hindistan fəlsəfəsində rəmzlər dərin məna və əhəmiyyət kəsb edir.

Müxtəlif sivilizasiyalarda bu rəmz işığı dörd istiqamətə yaymaq kimi başa düşülür. Tomas Uilson XIX əsrdə yazdığı "The Swastika: The Earliest Known Symbol, and Its Migrations" (Svastika: ilk bilinən rəmz və onun miqrasiyası) adlı kitabında svastikanın qədim dünyanın hər yerində olduğunu, tekstil örtüklərdən qalxan və zərgərlik əşyalarına qədər hər şeyin üstündə olduğunu göstərir. Onu formasının qədim bir kometdən qaynaqlandığını düşünənlər də var.

Qədim yunanlar svastikadan öz kuzə və vazalarını bəzəmək üçün istifadə edirdilər. Qədim kelt və druid mədəniyyətlərində svastika müqəddəs işarə idi. Skandinav mifologiyasında isə o, Tor (baş tanrı) çəkicinin rəmzi idi.

Uğur və dostluq rəmzi

XX əsrin əvvəllərində svastikadan uğur rəmzi kimi istifadə olunurdu. Bir-birinə taxılmış svastika təsvirlərini tekstil və memarlıqda çox görmək olurdu. Dizayn mütəxəssisi Stiven Heller deyir ki, Hitlerin bu işarəni mənimsəməsinə qədər ondan bərəkət, məhsuldarlıq, xoşbəxtlik, günəş rəmzi kimi çox yerdə, o cümlədən reklamlarda istifadə olunurdu. Svastika 1881 – 1930-cu illər arasında Danimarkanın "Carlsberg" pivə şirkətinin loqosu olub. 1930-cu ildə şirkət bu işarə nasistlərlə assosiasiya olunduğu üçün ondan imtina etməli olub.

Bu yaxınlara qədər Finlandiya Hava Qüvvələri öz nişanlarında svastikadan istifadə edirdi. İngilis şairi Radyard Kiplinq Hindistanla assosiasiya olunduğundan onu kitablarının üz qabığına yerləşdirirdi. Hətta Britaniya skautları da 1935-ci ilədək bu işarədən öz rəmzləri kimi istifadə ediblər. ABŞ-da yaşayan navaxo xalqı üçün sağa doğru hərəkət edən svastika dostluq rəmzi olsa da, onlar da İkinci Dünya müharibəsindən sonra ondan imtina ediblər.

Hinduist dini və mədəni qurumları dəfələrlə nasistlərin svastika deyil, buruq xaçdan istifadə etdiyini anlatmağa çalışıblar. Nasist svastikasının qolları 45 dərəcə döndərilib. Əsl svastikada isə aşağı və yuxarı qol tamamilə düzdür və bucaq təşkil etmir.

XS
SM
MD
LG