Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:38

Rəisi prezident seçilərsə... – Qərb mediası


Tehranda yürüş, 16 iyun, 2021-ci il
Tehranda yürüş, 16 iyun, 2021-ci il

Hakim ruhanilər siyasi talelərinin ölkənin iqtisadi problemlərini yoluna qoymaqdan keçdiyini bilirlər

Sabah – iyunun 18-də İranda keçiriləcək prezident seçkisində sərt xətt tərəfdarının qalib gələcəyi gözlənir. “Reuters” bundan sonra belə ölkənin nüvə sazişini dirçəltmək və sanksiyaları qaldırmaqla bağlı apardığı danışıqların yavaşımayacağını yazır. Çünki hakim ruhanilər siyasi talelərinin ölkənin iqtisadi problemlərini yoluna qoymaqdan keçdiyini bilirlər.

İbrahim Rəisi kimi təhlükəsizlik qırğısının qələbəsi yeni hökumətə imkan verəcək ki, 2015-ci il sazişinin bərpasından hər hansı iqtisadi faydanı öz adına çıxarsın. Baxmayaraq ki, vəzifədən getməkdə olan administrasiya bir neçə həftəyə hansısa razılaşmaya nail ola bilər.

Sazişin dirçəldilməsi isə neft ixracını kəskin azaltmış sərt ABŞ sanksiyalarının qaldırılması deməkdir. Beləliklə, yeni hökumətin ilkin dövründə ölkəyə yeni gəlirlər axa bilər.

Sanksiyalar

Ancaq antiqərb hökuməti İranın ABŞ-ın Körfəzdəki müttəfiqləri olan ərəb ölkələri ilə regional rəqabətinə son qoyana oxşamır. Buna yalnız Ali dini lider Ayətulla Əli Xameneyi qərar verə bilər.

Xameneyi Rəisini dəstəkləyir. Sonuncu İranın dünya gücləri apardığı nüvə danışıqlarına dəstəyini ifadə edib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Bundan sonra İran da saziş öhdəliklərindən tədricən uzaqlaşmağa başlayıb.

Saziş bərpa olunarsa, İranın sanksiyaların çoxundan azad olacağı gözlənir.

“Reuters” yazır ki, İran liderlərinin 1979-cu il inqilabından bəri “Böyük Şeytan” adlandırdığı Birləşmiş Ştatlarla əlaqələrin bərpası müzakirə mövzusu deyil.

“Seçkidə kim qalib gəlirsə-gəlsin, ABŞ sanksiyalarından azad olmaq əsas iqtisadi məqsəddir. İqtisadiyyat cümə günü seçkisində qalibiyyət gözləyən sərt xətt tərəfdarları üçün Axilles dabanıdır. İsteblişmentin qızğın tərəfdarlarından tutmuş işçi sinif iranlıları və biznes elitasına qədər hamı şişən inflyasiyanı və artan işsizliyi müxtəlif dərəcələrdə hiss edir”, – məqalədə deyilir.

Küçə etirazları qorxusu

Agentlik yazır ki, İran ruhaniləri ölkədə 2017-ci ildən baş qaldırmış küçə etirazlarının yenidən püskürməsindən ehtiyatlanırlar. Rəsmilər hakimiyyətin yoxsulluqdan doğan qəzəb qarşısında zəif durumda olduqlarını etiraf edirlər.

“Rəisinin əsas işi iqtisadiyyat olacaq. O, ölkənin iqtisadi sancısını müalicə edə bilməsə, etirazlar qaçılmaz olacaq”, – hökumət rəsmisi deyib.

Namizədlər iş yerləri, rialın ucuzlaşmasını önləmək vədi veriblər. Amma heç bir detallı plan açıqlamayıb.

Agentlik çörək və düyü kimi vacib ərzaqların hər gün bahalandığını yazır. Ət çoxları üçün əlçatmazdır, bir kiloqramı 40 dollardır. Minimum aylıq maaş isə 215 dollara yaxındır.

Ötən il 36.5% olan inflyasiyanın bu il 39 faizə qalxacağı proqnozlaşdırılır. İşsizlik ötən il 10.8 faiz idi, bu il 11.2 faizə qalxacaq, Beynəlxalq Valyuta Fondu bildirir.

Seçici fəallığı və rəqabət

“Associated Press” isə seçkiylə bağlı əsas narahatlığın seçici fəallığı ilə əlaqədar olduğunu yazır.

Ali dini lider Əli Xameneyi seçkiyə zərbə vurmağı hədəfləyən xarici konspirologiya sarıdan xəbərdarlıq edib. Daxili İşlər Nazirliyi isə seçkidə rəqabətin olmadığını bildirib.

İranın Qəyyumlar Şurası ötən ay xeyli tanınmış mötədil və mühafizəkar namizədi seçkiyə buraxmadı, cəmi 7 nəfərin namizədliyi təsdiqləndi. İyunun 16-da isə bir islahatçı və iki sərt xətt tərəfdarı seçki marafonundan çəkilib və cəmi 4 namizəd qalıb.

Dövlətə yaxın ISPA agentliyi 50 milyon seçicinin cəmi 42 faizinin səsverməyə gedəcəyini proqnozlaşdırır və bu tarixi aşağı göstərici sayılır.

Xameneyinin çağırışı

Daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli seçkidə rəqabətin ciddi olmadığını deyib, səbəbləri zəif rəqabət və koronavrirus pandemiyası ilə əlaqələndirib.

Agentlik yazır ki, nəticədə Xameneyi və digər rəsmilər qarşısında məyus olmuş ictimaiyyəti seçkiyə getməyə şirnikləndirmək vəzifəsi dayanır.

Xameneyi adamları seçkiylə bağlı həvəsdən salan “düşmənləri” qınayıb. O, “Amerika və Britaniya mediası və onun muzdlularını”, “seçkilərə şübhə oyatmaq və xalqın iştirakını zəiflətmək üçün özlərini öldürdüklərini” vurğulayıb.

Ali dini lider illərlə Amerika sanksiyaları altında əzilən sıravi iranlıların siyasi iştirakdan faydalana bilməyəcəyini etiraf edib. “Amma iqtisadi gileylərə görə səs verməmək doğru deyil”, – Xameneyi söyləyib.

XS
SM
MD
LG