Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:56

Türkiyənin 5 əsgəri öldürülüb. Ankara və Dəməşq toqquşma həddindədir


Türkiyə İdlibə ağır texnika göndərir
Türkiyə İdlibə ağır texnika göndərir

The Telegraph qəzeti yazır ki, fevralın 10-da Suriyanın İdlib qəzasında Suriya hökumət qoşunları ilə qiyamçılar arasında toqquşmalar nəticəsində 5 Türkiyə əsgəri öldürüləndən sonra, indi Ankara və Dəməşq açıq qarşıdurma nöqtəsinə yaxınlaşıblar.

Bashar al-Assadın hökuməti İdlibdə hücumu dayandırmaq barədə Ankaranın tələblərinə məhəl qoymur.

Suriya lideri fevralın 9-da bildirib ki, hücum kampaniyası onun bütün ölkə üzərindəki nəzarəti bərpa olunanədək davam edəcək.

Bashar al-Assad deyib ki, hücumu dayandırmayacaq
Bashar al-Assad deyib ki, hücumu dayandırmayacaq

Hazırda Suriya rejiminə loyal qüvvələr İdlibdə paytaxt Dəməşq və Hələb şəhərinə gedən yollar qovşağı üzərində nəzarəti ələ almağa çalışırlar.

Bundan əvvəl Suriya qoşunları bir neçə şəhər və kəndi Türkiyənin himayəsi altında olan qiyamçılardan geri alıb.

Fevralın 10-da Taftanaz bölgəsində baş vermiş ağır toqquşmalarda Türkiyə hərbi postunun 5 əsgəri öldürülüb və daha 5 əsgər yaralanıb.

Qəzet yazır ki, bu hadisə iki qonşu ölkə arasında açıq toqquşmaya səbəb ola bilər.

İndiyədək Ankara və Dəməşq belə qarşıdurmadan çəkinməyə çalışıblar.

Erdoğan vaxt qoysa da...

Ötən həftəsonu ərzində Türkiyə Suriyanın şimalına çox sayda hərbi maşın, tank və artilleriya qurğuları göndərib.

Bu, Türkiyənin İdlibdə qurduğu 12 hərbi postun möhkəmləndirilməsi məqsədini güdür.

Belə postların qurulması barədə razılaşma 2018-ci ildə Ankara və Moskva arasında əldə edilib.

Lakin bu razılaşma Türkiyənin nəzarəti altında olan əraziyə Suriya hökumət qoşunlarının hücumunu dayandıra bilməyib.

İdlibdə Suriya və Rusiyanın hava zərbələrindən çox sayda dinc sakin həlak olub
İdlibdə Suriya və Rusiyanın hava zərbələrindən çox sayda dinc sakin həlak olub

Suriya qoşunları Türkiyənin postlarına məhəl qoymadan irəliləyir və bir neçə post artıq Suriya hökumətinin nəzarətində olan ərazidə qalıb.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Suriya qoşunlarına İdlibdən çıxması üçün fevralın sonunadək vaxt verib.

Bundan başqa Türkiyə Suriyanın “ipini çəkməsi” üçün Rusiyaya müraciət edib.

Ankara narahatdır ki, artıq indinin özündə 4 milyon Suriya qaçqınına öz ərazisində sığınacaq vermiş Türkiyə qaçqınların yeni böyük dalğası ilə üzləşə bilər.

Türkiyənin B və C planları var

Türkiənin müdafiə naziri Hulusi Akar fevralın 9-da deyib ki, Rusiya və Türkiyə arasında İdlibə dair razılaşmaların pozulması davam edərsə, Ankaranın vəziyyəti çözmək üçün başqa planları da var.

O yerli mediaya müsahibəsində deyib ki, “bizim B və C planlarımız var”.

Nazir Suriya tərəfini Türkiyəni bu planlara əl atılmasına məcbur etməməyə çağırıb.

Suriyada Türkiyə əsgərlərinin öldürüldüyü gün Rusiya nümayəndə heyəti İdlibdə yaranmış vəziyyəti müzakirə etmək üçün Ankara gəlib.

Lakin bu danışıqlarda heç bir razıalşma əldə oluna bilməyib.

Türkiyənin Suriyaya ötən apreldə başlanmış müdaxiləsindən sonra İdlibin 3.5 milyonluq əhalisinin 1 milyona yaxını evlərindən didərgin düşərək Türkiyə sərhədi bölgəsinə doluşub.

Bu da xəbər verilir ki, Rusiya və Suriya rejiminin bombardmanı nəticəsində son 24 saatda 29 dinc sakin öldürülüb.

Fevralın 10-da Abin Seman kəndi üzərinə hava reydi zamanı öldürlümüş 9 nəfərdən 6-sı uşaqlardır.

Beynəlxalq Böhran Qrupu bildirir ki, əgər Assad İdlibdəki hücumunu davam etdirərsə və Rusiya ona dəstək verərsə, Dəməşq bütünlüklə İdlibi ələ alacaq və qiyamçıların bu qarşıdurmada demək olar, heç bir şansı olmayacaq.

XS
SM
MD
LG