Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:02

İctimai-siyasi fəalların daha bir vəkili cəzalana bilər


F.Namazlı
F.Namazlı

Mayın 3-də Vəkillər Kollegiyasının İntizam Komissiyasında vəkil Fariz Namazlının cəzalandırılması üçün Penitensiar Xidmətdən daxil olan şikayətə baxılıb. Vəkillər Kollegiyasından AzadlıqRadiosuna bildirilib ki, İntizam Komissiyası vəkilin cəza məsələsinə baxılması üçün bu işin Vəkillər Kollegiyasının Rəyasət Heyətinə göndərilməsinə qərar verib. Rəyasət Heyətinin isə məsələyə nə vaxt baxıb qərar verəcəyi məlum deyil.

Penitensiar Xidmətin rəhbərliyi Vəkillər Kollegiyasına müraciətində iddia edib ki, F.Namazlı Qobustan həbsxanasında saxlanılan müvəkkilləri ilə görüşə gedəndə onun üzərində yoxlama aparmaq istəyən həbsxana əməkdaşlarını təhqir edib, təxribat xarakterli ifadələr işlədib. Məsələn, «bu diktatura rejimi gedəcək, bizə qoşulun» və s. ifadələrdən istifadə etdiyi iddia olunur. Ona görə də əməkdaşlar vəkilin barəsində akt tərtib edib.

«Videokameraların yaddaş qurğusu yoxdur»

F.Namazlı AzadlıqRadiosuna haqqında intizam icraatı başlandığını təsdiqləyib. Qobustan həbsxanasının əməkdaşlarını təhqir etməsi, vəkilə yaraşmayan ifadələr işlətməsi iddialarına gəlincə, vəkil deyir ki, haqqında yazılanlar həqiqətəuyğun deyil: «Penitensiar Xidmət məndən şikayət göndərən kimi, mən də dərhal onlara müraciət edib, buraxılış məntəqəsindəki videogörüntüləri istədim. Ona görə tez elədim ki, sonra deməsinlər, görüntülər bir ay ərzində saxlanılır, artıq yoxdur. Üç dəfə müraciət elədim, cavab yazdılar ki, «həbsxanada nəzarət buraxılış məntəqəsindəki videokameraların yaddaş qurğusu yoxdur».

F.Namazlı deyir ki, onun haqqında şikayətdə göstərilən hal ümumiyyətlə, baş verməyib və haqqında Akt tərtib olunmasından da, onun səbəbindən də xəbərsiz olub: «O aktın özü yalan olmaqla, mənə qarşı təxribatdır. Videogörüntülərin verilməməsi də bunu təsdiqləyir».

F.Namazlı bu şikayətdən öncə Qobustan həbsxanasını məhkəməyə vermişdi. Vəkil hər dəfə həbsxanaya daxil olarkən və çıxarkən yoxlamaya məruz qalmasının, sənədlərə bir-bir baxış keçirilməsinin, bəzi hallarda müvəkkillərinin müdafiəsi üçün zəruri sənədlərin müsadirəsinin qanunsuz hesab olunmasını istəyib. Amma 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu iddianı mümkünsüz sayıb.

F.Namazlı Qobustan həbsxanasında saxlanılan ilahiyyatçı Taleh Bağırovun, Nardaran məhbusu Abbas Hüseynovun, hazırda həbsdə olan AXCP üzvü Aqil Məhərrəmovun və başqa ictimai-siyasi fəalların vəkilidir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov AzadlıqRadiosuna bildirib ki, bu məsələni şərh etmək istəmir.

Xatırlatma

Son bir neçə ildə Vəkillər Kollegiyasında xeyli vəkilin fəaliyyəti dayandırılıb, bəzilərinin fəaliyyətinə birillik məhdudiyyət tətbiq olunub.

Vəkillər barəsində cəza qərarları, əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir.

Vəkillər Kollegiyası bu iddiaları rədd edir, onları qanunvericiliyin tələblərini pozmaqda günahlandırır.

XS
SM
MD
LG