Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:02

Lukaşenka və oğlu ‘qara siyahıya’ salındılar


Viktar Lukaşenka
Viktar Lukaşenka

Avropa İttifaqı Alyaksandr Lukaşenka, onun oğlu Viktar və daha 13 Belarus rəsmisi üzərinə sanksiyalar qoyub.

Onlar Belarusda prezident seçkisindən sonra etirazçılara qarşı “zorakılıqda, əsassız həbslərdə və saxtakarlıqda” ittiham olunurlar.

Avropa İttifaqının rəsmi bülleteninin 6 noyabr sayında sanksiya siyahısına salınmış daha 15 Belarus məmurunun adı var.

Bu siyahıda olanların Avropadakı aktivləri dondurulacaq və onların ittifaq ərazisinə səfərləri qadağan olunacaq.

Bundan əvvəlki sanksiya siyahısında Belarusun 40 rəsmisinin adı vardı.

Avropa İttifaqı bildirib ki, “Belarusda seçkidən əvvəl və sonra dövlət aparatı tərəfindən törədilmiş zorakılıqlara görə məsuliyyəti şəxsən Lukaşenka daşıyır”.

Viktar Lukaşenka həm atasının milli təhlükəsizlik müşaviri, həm də Belarus Milli Təhlükəsizlik Şurasının üzvüdür.

Avropa İttifaqı sanksiyalarının ikinci siyahısına prezident administrasiyasının rəhbəri İhar Serqyaenka, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri İvan Tertel, İstintaq Komitəsinin rəhbəri İvan Naskeviç və Konstitusiya Məhkəməsinin başçısı Pyotr Miklaşeviç salınıb.

Kalesnikavanın həbs müddəti uzadıldı

Belarusun hakimiyyət orqanları müxalifət lideri Maryya Kalesnikavanın məhkəməyə qədər saxlanma müddətini 2 ay da uzadıb.

O ölkənin milli təhlükəsizliyinə hədə yaratmaqda ittiham olunur.

Həbs edilmiş müxalifət siyasətçisi Viktar Babarikanın mətbuat xidməti noyabrın 6-da bildirib ki, müstəntiqlər Kalesnikavanın saxlanma müddətini yanvarın 8-dək uzadıblar.

Kalesnikavanın vəkili Lyudmila Kazak bundan əvvəl bildirmişdi ki, onun zaminə buraxılmaq barədə vəsatəti rədd edilib.

Kalesnikava Belarusda prezident seçkisinin ardınca yaradılmış müxalifət qurumu – Koordinasiya Şurasının üzvüdür.

Müxalifət 9 avqust prezident seçkisinin nəticələrini tanımaqdan imtina edir.

Keçmiş bank meneceri Babarika bu seçkiyə namizədliyini vermişdi, lakin az sonra oğlu ilə birlikdə mənimsəmə ittihamları ilə həbs edildi.

Tərəfdarları ittihamların qondarma olduğunu deyirlər.

Baş tutmayan deportasiya

Belarusda 9 avqust seçkisinin rəsmi nəticələri elan ediləndən bəri kütləvi etiraz nümayişləri ara vermir.

Rəsmi nəticələrə görə Alyaksandr Lukaşenka 6-cı dəfə prezident seçilib.

Lukaşenka hökuməti etirazçılara qarşı zorakılıqdan istifadə edir. Minlərlə etirazçı saxlanıb.

Kalesnikava ötən sentyabrda Minskin mərkəzində naməlum şəxslər tərəfindən oğurlanaraq Ukrayna sərhədinə aparılmışdı.

Hakimiyyət onun Ukrayna ərazisinə keçməsinə çalışırdı. Bundan əvvəl müxalifət lideri Svyatlana Tixanovskaya Litvaya sığınmağa məcbur olmuşdu.

Kalesnikava sərhədə çataçatda pasportunu cırmış və beləliklə də zorakı deportasiyasının qarşısını almışdı.

Bunun ardınca onu təkrar Minskə gətirmiş və ona qarşı ağır ittihamlar irəli sürmüşdülər.

Təqsirli bilinərsə müxalifətçini 5 ilədək həbsxana cəzası gözləyir.

ABŞ və Avropa İttifaqı ölkələri Lukaşenkanı legitim prezident kimi tanımaqdan imtina ediblər.

XS
SM
MD
LG