Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:20

'Nardaran işi-2': 'Biz insan kimi yaşamaq istəyirik...'


"Nardaran işi" gedən məhkəmə qarşısında.
"Nardaran işi" gedən məhkəmə qarşısında.

“Biz insan kimi yaşamaq istəyirik. Nə istəyirlər bu xalqdan?", - Nardaran hadisələriylə bağlı həbs olunan Ramil Əliyevin sözləridir.

"Nardaran hadisələri ilə əlaqədar iki yüzdən çox adamı həbs ediblər. Hətta yoldan keçənləri də tutmuşdular. İndi 68 nəfər qalıb. Biz insan kimi yaşamaq istəyirik. Nə istəyirlər bu xalqdan?", - bu olaylarla bağlı həbs olunub təqsirləndirilən Ramil Əliyevin sözləridir.

Buna da bax:​ Məhkəmə Nardaran məhbusunun işgəncə iddiasını rədd etdi

O, Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımov və daha on nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb.

Fevralın 24-də keçirilən məhkəmədə Ramil Əliyev işgəncələrdən şikayətlənib. Hakim Mayıl Bayramov işgəncələrlə bağlı şikayətin prokurorluqda araşdırıldığını deyərək, ona fikrini tamamlamağa imkan verməyib və hər dəfə dini mövzuda danışmağını da ona irad tutub.

Ramil Əliyev hakimin iradına belə cavab verib: "Düzdür, Azərbaycan tolerant ölkədir, lakin xaricilər üçün. Dövlət büdcəsindən erməni kilsəsinə qaz verilməsinə pul ayrılır, amma bizim məscidlər sökülür".

Buna da bax:​ 'Nardaran işi-3': 'Şeyxin gəlməsini gözləyirdik...'

"Söyülmək-döyülmək istəmirsənsə, dediklərimizi yaz"

O, əlində silah olsa, polis idarəsinə çağrılarkən, evin yanındakı çaya atmaq imkanına da diqqət çəkib: "İttihamda yazıblar ki, mən adamları hakimiyyətə tabe olmamağa çağırmışam. Belədirsə, niyə polisin bir zəngi ilə şöbəyə gedirdim? Cəlilabad Rayon Polis Şöbəsinə getdim. Orada dedilər ki, silahı zibillikdən tapdığımı yazım. İmtina edəndə dedilər ki, valideynlərinə hörmət edirsənsə, söyülmək-döyülmək istəmirsənsə, dediklərimizi yaz. Mən 20 il həbsə razı olaram, ancaq elə ləyaqətsiz adamların söyüşünü qəbul etmərəm. Buna görə yazdım".

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyini söyləyən Ramil Əliyev orada ondan Taleh Bağırovun əleyhinə ifadə almaq istədiklərini də sözlərinə əlavə edib: "Mən etiraz edəndə dedilər ki, səni zorlayacağıq. Elə günə qoyacağıq ki, “zon”a gedəndə dustaqlar sənə yer verməyəcəklər. Həmişə başın aşağı olacaq və qapının yanında yatacaqsan. Lakin mən dediklərini etmədim. Dedim öldürsəniz də, bunu etməyəcəyəm".

Buna da bax:​ 'Nardaran işi-2': 'Dedilər imzalamasan arvadını tutub, silahı onun adına yazacağıq'

Ramil Qafqaz Müsəlmanları İdarəsindən də gileylənib. Deyib ki, bu qurumun əməkdaşları Cəlilabada gələndə, icra hakimiyyətində oturub beş-on nəfərlə çay içib gedir, dindarlarla görüşmürlər.

"Polislər atamın əməliyyat pulunu da götürdülər"

Daha sonra təqsirləndirilən şəxslərdən Elgün Axundov ifadə verərək, özünü təqsirli bilmədiyini deyib. O, atasının ürək əməliyyatı borc alıb topladıqları 20 min dolları evdə axtarış aparan polislərin görürdüyünü də vurğulayıb. Dəfələrlə müraciət etsələr də, hələ qaytarmayıblar.

Məhkəmə martın 3-də davam edəcək.

Buna da bax:​ 'Nardaran işi-2': 'Rəis seyfdən başıqotazlı çubuq çıxardı, dedi 'diz çök...''

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Buna da bax:​ Nardaran məhbusunun işgəncə şikayəti təmin edilmədi

Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyərək, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

XS
SM
MD
LG