Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:41

‘Putin onların işinə baxmalıdır’. Bir təyyarə qəzasının ötürdüyü mesaj


"Vaqner" döyüşçüsü
"Vaqner" döyüşçüsü

“Vaqner” muzdlu döyüşçü qrupunun qurucusu Yevgeni Priqojinin bu yay Prezident Vladimir Putinin 24 illik hakimiyyətini ən ciddi təhdidə məruz qoyan qiyamından sonra ekspertlər onun öldürüləcəyini proqnozlaşdırmışdılar.

Cəbhədə ağır itkilər və ciddi uğursuzluqlar fonunda hərbi rəhbərliyin dəyişdirilməsini tələb edən Priqojinin qoşunları iyunun 24-də Moskvaya doğru irəliləyəndə Putin onların bu hərəkətini “xəyanət” adlandırmış və I Dünya müharibəsi zamanı baş verən, Rusiya imperiyasının süqutu ilə nəticələnən bəzi hadisələrlə müqayisə etmişdi.

Putin keçmişdə də bağışlaya bilməyəcəyi yeganə hərəkətin xəyanət olduğunu deyib. Bu sözlərini qiyam vaxtı təkrarlayan Putin "şüurlu şəkildə xəyanət yolunu seçənlər qaçılmaz cəzalarını çəkəcəklər” deyə xəbərdarlıq edib.

Avqustun 23-də Priqojinin özəl təyyarəsi Moskvanın şimal-qərbində qəzaya uğrayanda cəmiyyətdə təəccüb doğuran yeganə məsələ bunun belə tez baş verməsi oldu. Göyərtəsindəki 10 sərnişinin hamısının öldüyü bildirilən təyyarə Priqojinin başçılıq etdiyi qısamüddətli qiyamdan düz iki ay sonraya “təsadüf edib”.

“Vaqner”ə aid “Embraer Legacy 600” təyyarəsi Moskvadan Priqojinin vətəni Sankt-Peterburqa uçarkən axşam saat 6-dan az keçmiş alovlanaraq yerə düşüb. Qəzadan bir gün sonra 62-yaşlı Priqojinin ölənlər arasında olduğu hələ təsdiqlənməmişdi.

“Çox adam bunun qəza olmadığını düşünəcək”

Qəzanın səbəbi araşdırılır. İlkin olaraq xilasedicilərin təyyarənin qara qutusunu tapıb-tapmadığı barədə məlumat verilməmişdi.

Ancaq həqiqətin üstü heç vaxt açılmaya da bilər. Müşahidəçilər deyirlər ki, Putinin hakimiyyəti dövründə Rusiya hökuməti dəfələrlə Kremlin maraqlarına toxunan hadisələrin araşdırılmasından yayınıb, yaxud da nəticələri ört-basdır edib.

"Mənə elə gəlir ki, çox adam bunun qəza olmadığını, Putinin onu narahat edən adamlardan qurtulmasının daha bir nümunəsi olduğunu düşünəcək”, – Virciniyadakı Corc Metson Universitetinin siyasi elmlər professoru Mark Katz AzadlıqRadiosuna deyib.

İyunun sonlarında, “Vaqner”in üsyanından az sonra Katz AzadlıqRadiosuna Priqojinin yaxın aylarda qətlə yetiriləcəyi proqnozunu vermişdi.

“Kreml [hadisədə] əli olduğunu danacaq, ancaq bu qorxunc qəza Putinin Ukraynadakı müharibəni idarə etməsindən narazılara aydın mesaj ötürəcək”, – Katz avqustun 23-də söyləyib.

Putinin yaratdığı görüntü

Qiyamdan sonrakı günlərdə muzdluların başçısının Rusiya və Belarus daxilində sərbəst hərəkət etdiyi təəssüratı yaranmışdı. O hətta Putinin iyulun sonunda Sankt-Peterburqda keçirdiyi Rusiya-Afrika sammitində də görünmüşdü. Bütün bunlar bəzilərində Priqojinlə Putinin baş verənləri geridə qoyduğu təəssüratı yarada bilərdi.

Bu mənzərə bir çoxlarına, o cümlədən Rusiya elitasının bir qisminə Putinin zəifliyinin əlaməti kimi görünürdü. Axı Putinin bəzi tanınmış tənqidçiləri güllələnərək, yaxud ekzotik maddələrlə zəhərlənərək öldürülüblər.

Ancaq bəziləri Putinin qisas almazdan öncə qiyamın mətbuatın gündəmindən düşməsini gözlədiyini deyirdilər. Putinlə Priqojin arasındakı barışıq görüntüsü isə Kremlin qəzada əli olmadığı təsəvvürü yaratmaq üçün idi.

Priqojin 2010-ci illərdə məhz Putinə yaxınlığı sayəsində şöhrət və nəhəng sərvət əldə edib. Ancaq onların şəxsi münasibətlərinin dəqiq detalları məlum deyil.

“Bloomberg News”un təyyarə qəzasından öncə yazdığı

2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi ard-arda uğursuzluqlarla üzləşəndə Priqojin öz “Vaqner” muzdlularını ön cəbhəyə gətirdi. Burada “Vaqner”in nizami ordudan daha çox uğur qazandığı təsəvvürü yarandı.

Bir neçə ay ərzində Priqojin Rusiyanın hərbi rəhbərliyini kəskin tənqid edərək bir çox müharibə tərəfdarının dəstəyini qazandı. Onların çoxu müharibə təbliğatçıları, blogerlər və millətçilər, yəni Ukraynaya müdaxiləni dəstəkləsələr də Moskvanın bu işi axsatdığını düşünənlər idi. Priqojin hətta siyasi ambisiyalar sərgiləməyə də cəsarət etmişdi.

Dəfələrlə Müdafiə Naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Valeri Gerasimovun vəzifələrindən çıxarılmasını tələb edən Priqojin iyunun 23-də qiyama başlayanda onun qoşunları, demək olar, heç bir müqavimət görmədən Moskvanın 200 kilometrliyinə yaxınlaşdı. Bu hadisə ordu və təhlükəsizlik qüvvələri daxilində Kremlə sədaqət və dəstəyin səviyyəsi ilə bağlı suallar doğurdu.

Təyyarə qəzasından bir neçə gün öncə “Bloomberg News” təhlükəsizlik qüvvələrinin daxilində Priqojinin irəli sürdüyü tələblərlə çıxış edən qrupların olduğunu yazıb. Amerika mətbuatı və beyin mərkəzləri müharibənin daha sərt aparılmasını və hərbi rəhbərliyin dəyişdirilməsini tələb edən bu qrupu “müharibə şahinləri” (war hawks) adlandırır.

“Onlar daha gülməli görünmürlər”

Putin ilk vaxtlar müharibəni təbliğ edən bloger və millətçilərin onun hərbi rəhbərliyini tənqid etməsinə bir söz demirdi. Ancaq Priqojinin qiyamı göstərdi ki, o bu cür tənqidçiləri çox başlı-başına buraxıb.

"Müəyyən nöqtədə millətçilər işə yarayırdılar, ancaq indi onlar daha gülməli görünmürlər və [Putin] onların işinə baxmalıdır”, – Katz deyir.

İqor Girkin adlı qızğın müharibə təbliğatçısı və millətçi özünün 800 min izləyicisi olan “Telegram” kanalında Putini “faydasız qorxaq” adlandırmışdı. O, ötən ay həbs edilib. Çoxları bu həbsin onun kimilərə dərs vermək məqsədi güddüyünü deyirlər. Priqojinin ölümü də bu qəbildəndir.

Ekspertlər eyni zamanda deyirlər ki, Putin Priqojinin ölümünün yaratdığı fürsətdən yararlanaraq “Vaqner” qrupunu demontaj edərək onun ayrı-ayrı hissələrini Kremlin daha ciddi nəzarətinə keçirə bilər ki, qrup bir daha onu təhdid edə bilməsin.

XS
SM
MD
LG