Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:12

Bakıda keçmiş prokuror hakimi aldadıb mənimsəmədə ittiham olunur


Prokuror. Foto arxiv
Prokuror. Foto arxiv

Binəqədinin keçmiş prokuroru Mirələkbər Seyidov dələduzluq ittihamı ilə yenidən məhkəmə qarşısına çıxarılıb. Onun aldatdığı iddia edilən şəxs isə uzun illər elə bu rayonun məhkəmə sədri, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevdir.

Əliyev 2000-2007-ci illərdə Binəqədi Rayon Məhkəməsinin sədri, ardınca 2013-cü ilə qədər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. Cinayət işinin materiallarında iddia olunur ki, o, adi hakim olduğu dövrdə də məhkəmə sədri vəzifəsinə təyin edilmək istəyib. Seyidov bu məsələdə ona kömək edə biləcəyini deyib. Sabiq prokurorun buna görə ondan 200 min dollar pul aldığı iddia olunur.

Hər ikisi cinayət məsuliyyətinə cəlb edilib

Sonradan iş elə gətirib ki, 2013-cü ildə həm hakim, həm də prokuror ayrı-ayrı şikayətlər əsasında cinayət məsuliyyətinə cəlb edilib. Seyidov tələbə yoldaşı, lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı video və səs yazıları əsasında dələduzluqda təqsirləndirilib. O iddia edirdi ki, itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılması adıyla prokuror ondan pul alaraq aldadıb. Buna görə Seyidova 2 il sınaq müddəti olmaqla, 7 il şərti cəza verilib.

Lakin o, özünü təqsirli bilmirdi: "Elşad Abdullayev tələbə yoldaşım olub, yaxın olmuşuq. Onunla işbirliyim olmayıb. Bəxtim gətirməyib ki, onun rəhbərlik etdiyi ali məktəb mənim çalışdığım rayonun ərazisində yerləşib. Biz yalnız rayonun ümumi tədbirlərində bir araya gəlmişik. Yazıların hamısı böhtan xarakterlidir. İstəyirəm ki, bunu hamı bilsin ki, mən günahsızam".

Hakim Həsən Əliyev haqqında isə Ramazan Səlimov adlı tanışının şikayəti əsasında dələduzluq ittihamı ilə cinayət işi başlandı. İddia olunurdu ki, sabiq hakim tanışını icra başçısı təyin etdirmək adıyla ondan 600 min manat pul alıb. Bu ittihamla da keçmiş hakimə 7 il həbs cəzası verildi.

Əliyev həbsdən buraxılandan sonra...

Əliyev bir müddət öncə həbsdən buraxılandan sonra isə onunla sabiq prokuror Seyidov arasında 2013-cü ildə olan danışıqla bağlı məsələ hüquq-mühafizə orqanlarında araşdırılmağa başlayıb. Nəticədə Seyidov haqqında yenidən dələduzluq ittihamı ilə cinayət işi başlanıb.

Seyidovun keçmiş hakimlə yanaşı, Tahir Hüseynov adlı şəxsdən də 70 min dollar pul aldığı iddia olunur. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, sabiq prokuror keçmiş hakimdən aldığı 200 min dolları qaytarıb. Ona görə də Əliyev ondan şikayətçi deyil. Məhkəməyə də bu barədə barışıq ərizəsi təqdim edib.

Keçmiş prokuror həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib. Ona CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddədə 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG