Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:23

Qubad İbadoğlu: 'Əhali kütləvi şəkildə cərimələnəcək və xərcə düşəcək'


Q.İbadoğlu
Q.İbadoğlu

İqtisadçı, Demokratiya və Rifah Hərəkatı Partiyasının sədri, hazırda ABŞ universitetlərinin birində dərs deyən Qubad İbadoğlu AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Qubad bəy, Siz hazırda ABŞ-dasınız, koronavirusun tüğyan etdiyi ölkələrdən birində. Orda durum necədir?

- Burda durum gərgindir, həm infeksiyaya yoluxanların, həm də ölənlərin sayı çox sürətlə artır. Təşəbbüslər olsa da, iş görülsə də, hələlik, bu artım tempini aşağı salmaq mümkün deyil. Yeni qaynar nöqtələr meydana gəlir. Əvvəl ABŞ-da 3 ştatda durum təhlükəli idi, indi daha iki ştatda artım müşahidə olunur. Prezident Donald Trampın açıqlamasına görə, ən yaxşı halda 100 min nəfər vəfat edəcək, ən pis ssenari üzrə 200 mindən yuxarı insanın dünyasını dəyişəcəyi gözlənilir. Hazırda vəfat edənlərin sayı 5 mindən çoxdur, bu o deməkdir ki, daha çətin dövr qarşıdadır. ABŞ məhdudiyyətlər tətbiq edir. Burda da karantin rejimidir, evdə otururuq. Axşam saat 8-dək nəsə almaq, harasa getmək olar. Axşam saat 20-dən səhər 5-dək evdən çıxanlar cərimələnir. Televiziya məsələni yüksək səviyyədə diqqətdə saxlayır. Prezident, vitse-prezident, qubernatorlar bu haqda danışırlar. Dərslər onlayn keçirilir. Amma əhali rahatdır, çünki onun qayğısını çəkən dövlət var. Həm işləyənlər, həm də işsizlər üçün sosial paket hazırlanıb. İşsizlər həftədə 600, ayda 2500 dollar alacaqlar. İşsizlərin sayı artıb. Müavinət əldə etmək üçün son zamanlar işsiz kimi qeydiyyata duranlar var. İşləyənlərə də dəstək var. Bundan başqa, birbaşa əhaliyə dəstək göstərilir. Aprelin 6-dan yaşlı şəxslərin hesabına 1200 dollar keçiriləcək, hər uşağa 500 dollar ödəniləcək. Burda iqtisadiyyatın tənəzzül tempinin azalmasına çalışırlar. ABŞ prezidenti özəl sektorla çox yaxından işləyir. Tramp süni tənəffüs aparatlarının istehsalı ilə bağlı həm "Ford"a, həm də "General Motors"a tapşırıq verdi. Hətta kütləvi istehsal üçün vaxt verdi.

- Nə qədər vaxt verildi onlara?

- Bir həftə. Artıq onlara istehsala başlayıblar.

- Yəni, bu qədər qısa vaxtda həll etmək mümkün oldu? Ancaq Azərbaycanda maskanın yerli istehsalının təşkili haqda anons çoxdan verilsə də, ancaq indi reallaşdı.

- Süni tənəffüs aparatının istehsalı sadə məsələ deyil. Kifayət qədər texnoloji proseslər tələb edir. Ancaq "General Motors" və "Ford"un imkanları böyükdür. Eyni zamanda, prezident internet provayderlərin, mobil operatorların başçıları ilə görüşdü. İnternet əhəmiyyətli məsələdir, onun olmaması iqtisadiyyata ciddi zərbə vura bilər. Prezident onlardan xahiş etdi ki, müştərilərinin borclarına görə xətti bağlamasınlar. Onlar bunu etdilər və hətta bildirdilər ki, sürətli internetə ehtiyacı olanlar pulsuz istifadə edə bilərlər. Bundan başqa, banklar, sığorta şirkətləri müştərilərinə mesajlar göndərirlər. Məsələn, kreditlərin ertələndiyini bildirirlər. Yəni, özəl şirkətlər korporativ sosial məsuliyyətdən çıxış edərək çalışır ki, müştərisinin yanında olsun. Ərzaq qıtlığı yoxdur. Qıtlıq tualet kağızı ilə bağlıdır, o da yoluna qoyulmalıdır. Onlayn sifarişlər artıb. "Amazon" şirkəti yaxın vaxtlarda 100 min işçiyə ehtiyacı olduğunu bəyan etdi. Neftin qiyməti düşəndən sonra bəzi ştatlarda benzinin qiyməti də düşüb, 1 qallon benzinin qiyməti 1 dollar olub. 1 qallon 3.7 litrdir. 1 litr benzin 30 sentə satılır. Dünya iqtisadiyyatında baş verənlərlə əlaqədar bəzi qiymətlər düşür.

- Azərbaycanla bağlı suallara keçməzdən öncə Sizin əhvalınız necədir, koronavirusa yoluxmamaq üçün nə edirsiniz?

- Qorunmağa çalışırıq. Hiss olunur ki, o qədər asan olmayacaq. Ətrafda virus daşıyıcılarının sayı kəskin artır. Bu sürətlə gedərsə, bir azdan 3-5 nəfərdən biri infeksiyaya yoluxa bilər. Risklər çoxdur. Daha çox evdə qalmağa üstünlük veririk. Mənim universitet qarşısında öhdəliyim var. Dərsləri onlayn aparmaq, internet üzərindən təşkil etməklə bağlı bir həftəlik seminarlara cəlb edildik. Hazırda müəyyən proqramlar vasitəsilə dərslərimizi keçirik.

- Azərbaycanda hökumətin atdığı addımları necə dəyərləndirirsiz?

- Hökumət bəzi məsələlərdə vaxt itkisinə yol verdi və məsuliyyət hissini gec qəbul etdi. Biz həyəcan təbili çalanda – fevralın sonunda bəzi addımlar atılmalı idi. Biz məktəblərin bağlanmasına, metronun fəaliyyətinin dayandırılmasına nail olduq. Azərbaycan hökuməti o zamandan karantin rejiminə keçməli idi. Sosial paketin, biznesə dəstək paketinin təqdimatı daha öncə keçirilə bilərdi. Bu, astagəllikdir. Sistemli yanaşma yoxdur. Sosial ehtiyacını ödəməli olan şəxsi evdə oturmağa məcbur etmək düzgün deyil. İdarəçilikdə də problemlər var. Qərargahdan deyirlər ki, maska taxmaq vacib deyil, amma daxili işlər orqanları maska taxmadan küçəyə çıxanları cərimələyəcəyini bildirir. Bu da onu göstərir ki, vahid mərkəzdən idarəetmə yoxdur. Bəzi addımlar Rusiyadan gələn texnologiyalar əsasında həyata keçirilir. Məsələn, SMS məsələsi, cərimələnmə və s. Sosial paket isə çox gecikdi. Öz ailəsini ehtiyatlar, rezervlər hesabına təmin edənlər gələn həftə daha ciddi çətinliklərlə üzləşəcəklər.

- Artıq belə çətinliklər var. AzadlıqRadiosunun əməkdaşı çəkiliş edərkən bir qadınla rastlaşıb. 3 uşaq anası olan həmin qadın əvvəllər bir sexdə işləyirmiş, amma pandemiyaya görə artıq işləmir və o, dilənməyə məcbur qalıb. Hələ də "qul bazarı"na çıxmağa cəhd edənlər var və s. Sosial paket açıqlandı və məlum oldu ki, burdan çox az adam bəhrələnəcək. Sizcə, bu işin düzgün qurulmaması ilə bağlıdır, ya rəqəmlər yoxdur?

- Hər ikisi də var. Hökumət hazırlıqlı deyildi. İndiyə qədər hökumətdə dəqiq məlumat yoxdur ki, bizim əsas ərzaq məhsulları üzrə təminetmə əmsalımız nə qədərdir. Prezident özü şikayətlənirdi ki, hər bir nazirlik fərqli rəqəm səsləndirir. Bunu bilmədən idxalla, daxili istehsalla bağlı düzgün siyasət yeritmək olmaz. İndiyə qədər biz bilmirik işsizlərin sayı nə qədərdir. 81 min qeydiyyatda olan işsiz var. Onların da 6.6 faizinə işsiz kimi sığorta haqqı ödənir. Amma bu, işsizlərin sayını əhatə etmir. Bu məsələ əvvəldən hesablana bilərdi. Bu olmalı deyildi. Azərbaycana bu bəla bir az gec gəldi, Azərbaycandan qabaq bunu keçənlərin aqibətindən dərs çıxarmaq olardı. İranla sərhəd daha erkən bağlanmalı idi. Eyni zamanda, biznes paketində təqdim olunan təkliflər arasında qeyri-məşğul, gizli məşğul əhalinin, qeyri-leqal çalışanların maraqları nəzərə alınmayıb. Sizin misal çəkdiyiniz o xanım kimi. Azərbaycanda milyonlarla belə adam var. Əməkqabiliyyətli insanların sayı 5,2 milyon nəfərdir. Amma biznes paketində cəmi 304 min muzdlu işçinin maraqlarından çıxış edən təkliflər veriblər. Düşünürəm ki, bizim bu halda edə biləcəyimiz işlər həm ləngidi, həm də əhalinin vəziyyətinə mənfi təsir göstərdi. Mütləq adambaşına nağd transferlər edilməlidir. Bu günlərdə məlum oldu ki, bu ilin birinci rübündə dövlət büdcəsinin icrasında 2.5 milyard manatlıq profisit yaranıb. Bunun, heç olmasa, 2 milyardını 8 milyon əhali arasında bölsələr adambaşına təxminən 250 manat vəsait düşür. Birbaşa transferlər olmasa, evdə oturanlara dəstək olmasa, onda karantin rejiminin tətbiqi çətinliklərə gətirəcək. Əhali kütləvi şəkildə cərimələnəcək və xərcə düşəcək.

- Ötən həftə iqtisadiyyat naziri Mikayıl Cabbarov əmlak və ya kapital amnistiyası haqda danışdı. Realdırmı onun gerçəkləşməsi?

- Eyni şeyi 2015-ci ildə də gündəmə gətirmişdilər. O zaman vergi amnistiyası tətbiq etdilər. Postneft söhbətidir, amnistiya söhbətidir, devalvasiya söhbətidir, neft ucuzlaşanda müzakirə mövzusuna çevrilir. İndiki halda Banklar Assosiasiyasından gələn təklif kimi təqdim olunur. Amma düşünmürəm ki, bugün əmlak və kapital amnistiyası ciddi nəticələrə gətirsin. Çünki kapital ölkədən kənardadır. Onu ölkəyə gətirmək üçün hakimiyyət yeni istiqamətlərdə islahatlara getməlidir. Bunların arasında məhkəmə hakimiyyətindən tutmuş, biznes şəraitinin yaradılmasına, vergi qanunvericiliyində dəyişikliklərə qədər kompleks yanaşmaya ehtiyac var. İndi bu islahatı aparmaq imkanı məhduddur. O baxımdan, bu amnistiya haqda təklif təşəbbüs kimi dəyərləndirilə bilər. Amma istənilən halda mən hər zaman amnistiya tərəfdarı olmuşam. Bu vəsaitlər Azərbaycan iqtisadiyyatında qaynaq olaraq istifadə edilə bilər. Həmin pullar büdcədən oğurlanaraq ölkədən çıxarılıb. Amma bunu indiki halda gətirmək asan görünmür, xüsusən indiki şərtlər çərçivəsində. Sadəcə olaraq, neftin ucuzlaşdığı şəraitdə hökumətin daxili qaynaqlara ehtiyacı var. Təəssüflər olsun ki, daxili qaynaqlar məhduddur, işgüzar fəallıq aşağı düşüb, gömrükdən, vergidən daxilolmalar azalacaq. Buna görə amnistiya elan olunacaq və ya devalvasiyaya gediləcək. Çox güman hakimiyyət hər ikisinə də gedəcək.

- Bunlar yaxın dövrə gözlənilir?

Devalvasiyanın karantin dövründə elan olunacağını gözləmirəm. Ancaq karantin uzun çəkərsə, elan edilə bilər. Amnistiya qərarını isə tez zamanda verə bilərlər, kapital vaxtilə hakimiyyətdə təmsil olunmuş adamlardadır. Hakimiyyət onları vəsaiti ölkəyə gətirməyə məcbur edə bilər.

- Prezident hər gün Göygöldə, Qusarda, Füzulidə su təchizatının yaxşılaşdırılmasına, yol çəkiliməsinə dair sərəncamlar verir və bu işlərə milyonlar ayrılır. Bu indiki halda normaldır, ya israfdır?

- İşgüzar fəallığın aşağın düşdüyü, maliyyə məhdudiyyəti yarandığı dövrdə bu, kənardan normal görünmür. Prezident yenə də işinə davam edir, obyektlərin açılışında iştirak edir, vəsaitlərin ayrılması üçün sərəncam verir. Amma, əslində, bu səmərəsizdir, şəffaflıq yoxdur. Bir tərəfdən xüsusi karantindir, sərt qaydalar fonunda belə sərəncamların verilməsində məqsəd hiss olunur ki, ayrıdır, təyinatı üzrə istifadəsində problemlər yarana bilər. Hər bir halda düzgün yanaşma deyil.

- Karantin uzanarsa, Azərbaycanı hansı çətinliklər gözləyəcək? Bunun altından çıxmaq mümkün olacaqmı?

Dünya bundan keçməlidir. Mən obrazlı ifadə etmişdim ki, koronavirus insanlarla yanaşı, iqtisadiyyatı da xəstələndirib. Bu xəstələrin dərəcəsi müxtəlifdir, onlar hamısı reanimasiyadan keçməli, komaya düşməlidir. Biz hələ reanimasiyaya düşməyən iqtisadiyyatların sırasındayıq. Düşünürəm ki, bir müddət sonra reanimasiya dövrü başlayacaq. Bu dövr üçün vacib olan çevik qərarların qəbuludur. Azərbaycan hakimiyyəti bu qərarların qəbulu üçün maliyyə təminatında xəsislik etməməlidir. Biz təklifi yaradan, tələbatı formalaşdıran istiqamətlərə nə qədər çox vəsait ayırsaq, iqtisadiyyat böhrandan bir o qədər tez çıxacaq. Təklifi yaradansa özəl biznesdir. Özəl biznesə dəstək olmaq lazımdır ki, istehsal qursun, xidmət göstərsin. Tələbatı formalaşdıran əhalidir, onların əmək haqları verilməlidir, sosial qayğı göstərilməlidir. O zaman biz böhrandan çıxa bilərik. Bunların hər ikisi vacibdir. Azərbaycanda durumu çətinləşdirən həm də əsas ixrac gəlirinin azalmasıdır. Neftin bahalanması yaxın zamanda gözlənmir. Azərbaycan hakimiyyəti nefti unutmalıdır, postneft dövrünün çağırışlarına uyğun davranmalıdır. Kənd təsərrüfatı sahəsində işləri dayandırmaq olmaz. Bu sahə daha əhəmiyyətli sektora çevriləcək. Burda pambıq öndə gəlir. Ötən il Azərbaycan pambıq ipi və mahlıc satışından 158 milyon manat qazanıb. Bu il onun artırılması istiqamətində işlər görülməlidir. Dövlətin diqqəti artıq aqrar sektora yönəlməlidir. Xidmət sektoru iflic halındadır. Pambıq, tütünçülük, meyvəçilik, tərəvəzçilik inkişaf etdirilməlidir. Dünyanı qıtlıq gözləyir. Ən azından, əhalinin meyvə-tərəvəz ehtiyacı ödənilməlidir, heyvandarlıq da unudulmamalıdır. Bu sahədə inhisarlaşma var, təəssüf ki, xüsusən pambıq əkin və tədarükündə. Bu aradan qalxmalıdır. Pambıq çatdırılmasında korrupsiya var. Bu da aradan qaldırılmalıdır. Bunun üçün şəffaflıq, hesabatlılıq təmin olunmalıdır, bütün bunlar böhrandan çıxmağımız üçün vacibdir.

XS
SM
MD
LG