Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:44

Rusiyada müşahidəçilər çoxsaylı seçki pozuntularını qeydə alıblar


Moskvada seçki məntəqəsi
Moskvada seçki məntəqəsi

Ötən gecə ölkə boyunca “Google Doc” tətbiqini qısa müddəti bloklamaqla siyahının yayılmasını dayandırmağa cəhd göstərilib

Rusiyada Dövlət Dumasına seçkilərdə iştirak Moskva vaxtı ilə saat 20.00-a olan məlumata görə 16.85 faiz olub.

Bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyası verib.

Söhbət seçki dairələrində ənənəvi səsvermədən gedir.

Moskva üzrə seçkinin ilk günündə onlayn səsvermədə 58 faiz iştirak edib.

Rusiyada Dövlət Dumasına seçki sentyabrın 17-də başlanıb və üç gün davam edəcək.

***

Bu arada seçki müşahidəçiləri seçki məntəqələrində baş verən qanun pozuntuları barədə məlumat verirlər.

AzadlıqRadiosunun Rus xidmətinin yazdığına görə Peterburq qanunvericilik orqanında deputatlığa namizəd İrina Fatyanova məlumat verib ki, 1615 nömrəli seçki məntəqəsində bülletünlərin qutulara topası ilə doldurulması halları olub.

Müşahidəçilərin videoya çəkdikləri gənc 4 bülleten götürüb, lakin kabinədən 8 bülletenlə çıxıb.

Fatyanovanın çəkdiyi başqa bir videoklipdə həmin gənc deyib ki, bülletenləri ona Avtovo metro stansiyasının yanında bağlı zərfdə veriblər.

Bundan əvvəl Dojd telekanalı bildirmişdi ki, Peterburqun Mərkəzi rayounda üstündə saxta bülletenlər olan qadın saxlanıb. Qadın həmin bülletenləri Mərkəzi rayondakı məntəqələrdən birinə gətirib.

Yabloko partiyasından olan müşahidəçilər Balaşixin dairəsinin 3667 nömrəli məntəqəsində komissiya üzvünün hər seçiciyə seçkinin hər bir tipi üzrə bir neçə bülleten verməsinin şahidi olublar.

Bülletenlərin verilməsi müşahidə kameraları ilə qeydə alınıb. Xəbər verilir ki, Yabloko partiyasının bu kameralara çıxışı var.

Xəbər verilir ki, seçiciyə birdən çox bülletenin verilməsi cinayət əməli hesab olunur.

Moskvada Dövlət Duması deputatlığına namizəd Mixail Lobanov qutuya bülletenlərin topa ilə doldurulması barədə məlumat verib.

Başqa xəbərlərə görə seçicilərin seçki məntəqələrinə maşınla gətirilməsi və uzun növbələrin yaranması müşahidə edilib.

Yakutskda “Saxatransneft” və “Polyarnıye avialinii” şirkətlərindən seçicilərin məntəqəyə maşınlarla gətirilməsini müşahidə ediblər.

Krasnoyarskdakı TBK telekanalı səsvermə məntəqələrində yaranan anormal növbələri əks etdirən süjet yayıb.

***

Kremlin sözçüsü də "Ağıllı Səsvermə" tətbiqinin silindiyini təsdiqləyib. Ancaq Rusiyadan kənarda tətbiqə çıxış, onu yükləmək mümkündür.

Navalnı ilə işləyən vəkillərdən biri İvan Jdanov Apple şirkətinin tətbiqin silindiyini təsdiqləyən məktubundan skrinşot paylaşıb. Məktubda Rusiya hakimiyyətinin bu il Navalnını və Antikorrupsiya təşkilatını “ekstremist” hesab olunması qərarına istinad edilir. Bu qərar onları siyasi fəaliyyətdən məhrum edib.

“Antikorrupsiya Təşkilatının ekstremist sayılması məhkəmə deyildi, sağlam məntiqin ələ salınması idi. Google və Apple böyük səhv edirlər”, – Jdanov Twitter-də yazıb.

Amma Navalnının müttəfiqləri “Ağıllı Səsvermə”ni digər şəbəkələrdə – Telegram-da və Github-da yaymaqda davam ediblər.

Rusiya hakimiyyəti hər iki şirkəti tətbiqi bloklamalayacaqları halda cərimələrlə hədələyib. Kremlin sözçüsü Dmitri Peskov da deyib ki, Google və Apple tətbiqi silməklə Rusiya qanunvericiliyinə əməl edirlər.

***

Seçkinin ilkin nəticələrinin sentyabrın 19-da açıqlanacağı gözlənir.

“Ağıllı Səsvermə” tətbiqinin Apple və Google-un onlayn mağazalarından yoxa çıxmasını müxalifətçinin həmkarları “nəhəng senzura aktı” adlandırıblar.

Navalnının sözçüsü Kira Yarmış sentyabrın 17-də tvitində yazıb ki, tətbiq sözügedən mağazalardan yoxa çıxıb.

“Bu əlbəttə ki, nəhəng senzura aktıdır. Vicdanlı adamlarla korrupsioner rejim arasında qarşıdurma anında bu şirkətlərin sonuncunun xeyrinə davranması təəssüfedicidir”, – Yarmış yazıb.

ABŞ texnologiya şirkətlərindən heç biri vəziyyəti şərh etməyib.

Navalnının digər müttəfiqi İvan Jdanov isə artıq tətbiqi yükləmiş seçiciləri sistemin tövsiyə etdiyi namizədlərin adlarını digərləri ilə paylaşmağa çağırıb.

***

Rusiyada üç günlük parlament seçkisi başlanıb. Prezident Vladimir Putinin dəstəklədiyi Vahid Rusiya partiyasının seçkidə üstünlük qazanacağı gözlənir.

Dövlət Dumasındakı 450 yerin hamısı səsverməyə çıxarılır. Onlarla regionda yerli seçkilər, o cümlədən regional və qubernator yerlərinə seçki keçirilir.

Seçki rəsmiləri üçgünlük səsverməni COVID-19 pandemiyasını önləməklə izah ediblər. Rusiya xəstəliyə qarşı vaksini təsdiqləyən ilk ölkə olmasına baxmayaraq koronavirusdan böyük ziyan görüb.

Müxalifət fəalları və bəzi deputatlar isə üçgünlük səsverməni Kremlin seçici fəallığı ilə manipulyasiya cəhdlərinin tərkib hissəsi sayır.

Hakim partiyanın reytinqi

Hakimiyyət həbsdə olan müxalifətçi Aleksey Navalnının dəstəklədiyi “Ağıllı Səsvermə” təşəbbüsünü bloklayıb. Bu layihənin məqsədi Vahid Rusiyanın ölkə siyasətində dominantlığını azaltmaqdır.

Müstəqil Levada Mərkəzinin keçirdiyi rəy sorğuları rusiyalıların çoxunun Dumanın işindən məyusluğunu üzə çıxarıb.

Vahid Rusiya Dumada üstünlüyə malik olsa da, son 20 ildə populyarlığı ən aşağı həddə düşüb. Hətta dövlətin idarə etdiyi VTsIOM sorğu mərkəzi Vahid Rusiyaya dəstəyin 29 faiz civarında olduğunu ortaya qoyub.

Partiya üzvü olmayan Putinin populyarlığı isə 60 faiz civarındadır və real siyasi rəqibi yoxdur. Ancaq son illər onun da populyarlığı azalıb, 2018-ci ildə təkrar seçiləndən sonra gerçəkləşdirdiyi islahat pensiyalarının bunda böyük rolu olub. Daha bir səbəb hökumət məmurları arasında korrupsiyanın kök salması, onların nəzarətsiz qalmasıyla bağlı fikirlərdir.

Seçki kimə lazımdır

“Rusiyada seçki ictimaiyyətdən çox rejimə lazımdır. Seçkilər rejimin leqallığını və legitimliyini təsdiqləyir, çoxluğu nisbətən səfərbər edir”, – Moskva Karnegi Mərkəzinin təhlilçisi Andrey Kolesnikov yazır.

Putin seçki öncəsi rusiyalıların seçkiyə getməyə çağırıb. O, videomüraciətində deyib ki, Dumanın “yeni tərkibi şübhəsiz ki, cəmiyyətimiz və ölkəmizin həyatında ən vacib hadisədir”.

Hazırda Dumada daha üç partiyanın təmsilçiləri var, iki yeri isə o qədər də tanınmayan partiyalar tutur.

Kommunist Partiyası güclü hesab olunur, yaşlı rusiyalılar arasında dayağı böyükdür. Digər partiyalar qalmaqallı açıqlamaları ilə tanınan Vladimir Jiinovskinin başçılıq etdiyi millətçi Rusiya Liberal Demokratik Partiyası, digəri isə Ədalətli Rusiyadır. Sonuncu bu il tanınmış millətçi yazıçının başçılıq etdiyi nisbətən az tanınan partiya ilə birləşib.

Müxalifət, yoxsa..?

Bu üç partiya əslində Vahid Rusiyaya müxalif hesab olunsalar da nadir hallarda çoxluğun irəli sürdüyü, yaxud Kremlin lobbiçilik etdiyi təşəbbüslərə qarşı çıxırlar.

Vahid Rusiyanın Dumada superçoxluğu itirməsi konstitusiyaya dəyişikliklər kimi böyük qanunvericilik layihələrini həyata keçirməsini çətinləşdirə bilər. Bu isə Putinin hazırkı prezidentlik müddətinin başa çatacağı 2024-cü il prezident seçkisi öncəsi durumu mürəkkəbləşdirə bilər.

Ötən il Dumanın qəbul etdiyi konstitusiya dəyişiklikləri Putinin 2024-cü ildən sonra da hakimiyyətdə qalmasına yol açır. Amma o, hələlik niyyətini açıqlamayıb.

“Kreml istədiyini alacaq: Duma siyasi sistemə dəstək institutudur. Bu sistem isə 2024-cü ildə keçid mərhələsinə deyil, daha bir yenidən başlamaya keçəcək”, – Kolesnikov vurğulayıb.

1234 nəfərlik siyahı yayılıb

“Ağıllı səsvermə” təşəbbüsü isə Vahid Rusiyanı məğlub etmək şansı olan namizədlərin dəstəkləyir. Hətta bu namizəd Kommunistlər kimi digər böyük siyasi partiyalardan olsa belə.

Tənzimləyici orqanlar bu təşəbbüsün qarşısını alıb, onlayn app mağazalarına rusiyalıların tətbiqi yükləməsini önləmək göstərişi verib, həmçinin serverləri bloklayıb.

Ancaq Navalnının komandası seçkidən öncə “Ağıllı Səsvermə”nin dəstəklədiyi namizədlərin siyahısından bir hissəni – 1234 nəfərin adını yaya bilib. Həmin namizədlərin çoxu Kommunist Partiyasındandır.

Ötən gecə ölkə boyunca “Google Doc” tətbiqini qısa müddəti bloklamaqla siyahının yayılmasını dayandırmağa cəhd göstərilib.

Navalnı yanvardan həbsdədir, özü və tərəfdarları ona qarşı ittihamları siyasi motivli hesab edir.

XS
SM
MD
LG