Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:55

'Sovetski' sakinlərinə ev söz verdilər, özləri...


«Hamı bilir ki, «Sovetski»dəki evlər balaca-balacadır, kompensasiyanı da az verirlər. Ona görə istəyirdik ki, daha ucuz qiymətə ev alaq. O da ki, belə oldu, aldatdılar bizi, pulumuz da getdi...», – bunu AzadlıqRadiosuna «Sovetski»də evləri sökülmüş, verilən kompensasiyaya daha ucuz qiymətə ev almaq istəyən və son nəticədə illərdir prokurorluq və məhkəmə qapılarında qalan şəxslər deyir.

Bir neçə dəfəyə 80 min manat verib

Xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda suçlanan iki qadının – Yeganə Məmmədovaİradə Cəfərlinin işinə baxılırdı. İ.Cəfərli ixtisasca hüquqşünasdır, bir müddət əvvələ qədər mülki mübahisələrlə bağlı məhkəmə işlərinə nümayəndə qismində çıxıb, vətəndaşların hüquqlarını müdafiə edirdi. Aprelin 5-də isə özü məhkəmə zalından həbs olunub.

Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə İ.Cəfərli 7 il 7 ay, Y.Məmmədova isə 9 il azadlıqdan məhrum edilib. Onların hər ikisi CM-in 178.3.2 maddəsi ilə - dəfələrlə müxtəlif adamları aldadıb, onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirli bilinib.

İttihama görə, İ.Cəfərli və Y.Məmmədova evləri plana düşən «Sovetski» sakinlərinə söz verib ki, onlar üçün banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapıb alacaq.

Bu işdə 12 nəfər zərərçəkən kimi tanınıb. Amma onların hamısı ev almaq istəyənlər deyil. Aralarında Qarabağ müharibəsində həlak olmuş oğluna görə dövlətin verməli olduğu sığorta pulunu almaq, bacısını həbsxanadan çıxarmağa çalışan, mərhum həyat yoldaşının əmlakı ilə bağlı sənədləşməni yoluna qoymaq istəyənlərə qədər bir xeyli adam var.

Keçmiş «Sovetski» sakini Samirə Həsənova banklarda girov olan evlərdən birini dəyərindən ucuz qiymətə almaq üçün 120 min manat, anası Çimnaz Həsənova isə 100 min manat pul verdiyini iddia edir. Başqa bir zərərçəkən isə Rüfət Tağıyevdir. O, metronun «Qara Qarayev» stansiyası yaxınlığında yerləşən və bankda girov olan binadan ev almaq üçün bir neçə dəfəyə 80 min manatı İ.Cəfərliyə verdiyini söyləyir.

515 min manatlıq iddia

İ.Cəfərli ittihamlarla razı deyil. Bildirir ki, məbləğlər çox şişirdilib, pulların verilmə səbəbləri haqda deyilənlər də yalandır. O etiraf edir ki, banklardakı girov evlərdən almaq məqsədilə verilən pullar da olub. Təqsirləndirilən hüquqşünasın sözlərinə görə, bankların bəziləri bağlandığına görə verdiyi vədi yerinə yetirə bilməyib.

Zərərçəkən Fəxriyyə Məmmədova özü ucuz ev almaq üçün 52 min manatla yanaşı, həm də müharibədə həlak olmuş qardaşına görə ödəniləsi 11 min manat sığorta pulundan ötrü də İ.Cəfərliyə pul verdiklərini deyir. Onun sözlərinə görə, təqsirləndirilən hüquqşünas dövlətdən bu pulun alınmasına köməklik göstərəcəyinə söz verib, bundan ötrü onlardan 1000 manat alıb.

İ.Cəfərli isə bildirir ki, məsələ başqa cür olub: «Fəxriyyə Məmmədova Samirə Həsənovanın xalası qızıdır. Yeganənin xahişi ilə Fəxriyyə və bacısı Mehribanla görüşdüm. Söhbət əsnasında Fəxriyyə dedi ki, qardaşı şəhid olub, sığorta pulunun alınması üçün ona köməklik göstərməyi xahiş elədi. Mən də tələb olunan sənədləri toplayıb, poçt vasitəsilə sığorta şirkətinə göndərdim. Zəhməthaqqı olaraq, Fəxriyyə mənə 1000 manat pul verdi».

Məhkəmədə zərərçəkmişlərin 6-sı 515 min manatlıq mülki iddia qaldırmışdılar, onlar verdikləri pulun ödənilməsini tələb edirdilər. Məhkəmənin hökmünə əsasən, mülki iddialar da təmin olunub.

XS
SM
MD
LG