Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:09

Bir kənd var – Təngivan...


Təngivan kəndi
Təngivan kəndi

«Uşaq bağçası yox, məktəb yox, tibb məntəqəsi yox, yol yox, qaz yox... Hansını deyəsən, hansını sayasan? Uşaqlarımız qışın şaxtasında bərbad yolla yıxıla-dura qonşu kəndlərdəki məktəblərə gedib gəlir. Yayı bir zülm, qışı başqa zülm...».

«MAŞIN KEÇƏNDƏ YOLLAR DUMANA QƏRQ OLUR»

Lənkəranın Lerik istiqamətində ən sonuncu kəndi olan Təngivanın sakinləri AzadlıqRadiosuna bitib-tükənməyən sosial problemlərdən danışır. Kəndlilər uzun illərdir ki, işsizlik, qaz, yol, məktəb, tibb məntəqəsi, su və başqa çatışmazlıqlardan əziyyət çəkdiklərini dilə gətirirlər.

***Buna da bax-Mollakəndə yol çəkildi, amma yol dərdi bitmədi

Kənd sakini İxtiyar Nəsibov:

«Ən başlıca dərdimiz yolla bağlıdır. Bərbad yolla hər gün mərkəzə işə, bazara gedib-gəlirik. Maşın da dağılır, kənddə heç bir qapıda salamat maşın tapmazsan. Bura avtobus da gəlmir. Bir dəfə gələn avtobus ikinci dəfə təmir sexinə getməlidir çünki... Yolların asfaltı təmiz sıradan çıxdığı üçün maşınlar hərəkət edəndə hər tərəfi qalın toz-duman bürüyür. Təmiz havaya həsrət qalmışıq. Bir maşın keçəndə yolboyu bütün evlər, kəndlər toza-dumana qərq olur. Hətta evlərin içi, çölü, divarları tozdan qapqaradır bu kəndlərdə...».

Kənd iki hissədən ibarətdir- sakinlər öz aralarında Aşağı və Yuxarı Təngivan adlandırırlar. Kəndi iki hissəyə ayıransa Lənkərançaydır. Yuxarı təngivanlılar bu çaydan da şikayət edirlər.

Təngivanın yolları
Təngivanın yolları

«ÇAYI TULLANTILARLA ZƏHƏRLƏYİRLƏR»

Maşallah Səlimov deyir:

«Bu bədbəxt çayı, az qala, gecə-gündüz maniya qatına kimi qazıb daşları daşıyırlar. Çayın elə hissələri var ki, 15-20 metr dərinliyə qədər qazıblar. Bir də çayın ətrafında quşçuluq fermaları və başqa sexlər var. Çayı tullantılarla zəhərləyirlər. Məsələn, cücələr kütləvi kəsilir və qanı, cəsədi çaya buraxılır. Uşaq vaxtı o çayda çimərdik, indisə heç heyvan da oradan su içmir».

Kənddə adamlara sosial xidmət sıfırdır. Çünki nə tibb məntəqəsi var, nə məktəb, nə də başqa dövlət idarəsi var... Sakinlər tibbi xidmətdən ötrü rayon mərkəzinə, məktəbə qonşu kəndlərə üz tuturlar. Maşallah Səlimov davam edir:

***Buna da bax-Kəndlilər: 'Fındıq bağları əlimizdən alınır'

«Bura Lənkəranın sonuncu kəndidir. Bizdən sonra Lerikin Piran kəndi başlayır. Uşaqlar da məktəbə həmin kəndə gedirlər. Bu yolun kənarında bizim kimi əziyyət çəkən təqribən 10 kənd var. Ancaq ən bərbad vəziyyət bizdədir. Bizim kənddə heç ATS xidməti də yoxdur, halbuki, dağlıq kənd deyil».

«VƏZİYYƏTİ GÖZ ÖNÜNƏ GƏTİRİN»

Bir də kəndlilərin işsizlik dərdi var. Kəndlilərə məxsus örüş və pay torpaqları çayın qarşı tərəfində yerləşir. Deyirlər, dərin yarğanları nəinki heyvanlar, heç insanlar özləri də çətinliklə adlayır. Maşallah Səlimov danışır:

«Bizim ərazilər əkinə yararlı olmadığından ümidimiz təkcə heyvandarlığa qalır. Örüşlərimiz də çayın o tayında... Özünüz vəziyyəti göz önünə gətirin... Sovet dağılandan sonra işsizlik başladı və kəndlilər Talış dağlarındakı meşələrə darışıb ağac kəsib odun satmağa başladılar. İndi meşədə kəsməyə ağac da tapılmır».

Lənkəran rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Təngivanın təqribən 10-12 kilometrliyindən keçən İpək Yolunun çəkilişi başa çatdıqdan sonra həm o, həm də qonşuluqdakı digər kəndlərdin sosial durumunda ciddi dönüş olacaq:

«Orda yol var idi, bəli, İpək Yolunun çəkilişi ilə əlaqədar iritonnajlı avtomobillərin hərəkəti yolu dağıtdı. Kəndlilərə də dəfələrlə bildirilib ki, İpək Yolu layihəsi bitdikdən sonra kənd yolları da düzələcək. İndi o yolları təmir etmək mənasızdır, çünki iritonnajlı maşınlar yenə bərbad vəziyyətə salacaq. Məktəbə və başqa sosial xidmətlərə gəlincə, o kənddə vur-tut heç 200 nəfər yaşamır, bu səbəbdən də orda məktəb tikintisinə ehtiyac görülmür. Ümumiyyətlə isə, regionların iqtisadi və sosial inkişafı proqramına uyğun olaraq, başqa kəndlərdə olduğu kimi, Təngivanda da bir sıra işlər görülməsi planlaşdırılıb».

XS
SM
MD
LG