Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:46

Rezin qayıqla Yaponiyaya keçib sığınacaq istədi


Kunaşir adasının yaxınlığı
Kunaşir adasının yaxınlığı

Rusiya polisi onun evinin divarlarında yapon posterləri tapıldığını bildirib

Mübahisəli Kuril adalarından rezin qayıqda Yaponiyaya gedən rusiyalı həmin ölkədən siyasi sığınacaq istəyib.

Yaponiya mediasının həftəsonu yazmasına görə, adı açıqlanmayan 40 yaşlı kişi avqustun 17-də Rusiyanın nəzarətində olan Kunaşir adasından çıxıb. O, bir neçə gün sonra Yaponiyanın Hokkaydo adası yaxınlığında yapon sərhədçiləri tərəfindən saxlanıb. Kişinin 20 kilometrlik yolu rezin qayıqla getdiyi, sonra yolun axırında dalğıc geyimində suya atıldığı bildirilir.

Vaxtilə Udmurtiyada yaşayıb

Məlumatlara görə, həmin şəxs Sapporo şəhərində immiqrasiya mərkəzinə aparılıb. Orada ona sığınacaq verilməsi, yaxud Rusiyaya qaytarılmasına qərar veriləcək.

Rusiyanın Sapporodakı Baş Konsulluğu Yaponiya hakimiyyətinin onlara vəziyyətlə bağlı detallı bilgi vermədiyini açıqlayıb.

Rusiya mediası yazır ki, sözügedən şəxs üç il öncə Udmurtiya Respublikasından Kunaşirə köçüb. Bu, vətəndaşlara Yaxın Şərqdə pulsuz torpaq verilməsi üzrə dövlət proqramı çərçivəsində gerçəkləşib.

Yujno-Kurilsk şəhərinin rəsmi orqanları kişinin traktor sürücüsü işlədiyini deyiblər.

“Yapon mədəniyyəti aşiqi”

Rusiya polisi onun evinin divarlarında yapon posterləri tapıldığını bildirib. Yerli hakim orqanlar həmin şəxsin “yapon mədəniyyətini aşiqi” olduğunu açıqlayıb.

Onun siyasi, insan haqları fəalı olub-olmadığı bəlli deyil

Son illər Rusiyadan Avropaya, Birləşmiş Ştatlara çoxsaylı müxalifətçilər, fəallar, jurnalistlər, insan haqları fəalları qaçıblar. Kreml isə narazıları susdurmaq kampaniyasını gücləndirir.

Sovet ittifaqı 2-ci Dünya müharibəsinin son günlərində Kuril adalarını tutub. Yaponiya isə adaları Şimal Əraziləri adlandıraraq özününkü sayır. Bu mübahisədən dolayı Rusiya ilə Yaponiya müharibənin bitməsi üzrə sülh sazişi imzalamayıblar.

Onillər boyunca diplomatik cəhdlər nəticəsiz qalıb, məsələ yoluna qoyulmayıb.

XS
SM
MD
LG