Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:36

Generalın əmisi oğlu onun adıyla adamlardan pul toplayıb


Yaşar Aydəmirov
Yaşar Aydəmirov

Ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun adı dələduzluqla bağlı cinayət işində keçir.

Cinayət işinin materiallarından aydın olur ki, keçmiş korpus komandirinin adından istifadə edilib, "işə düzəltmə" vədiylə müxtəlif adamlardan pul toplanıb. Diqqətçəkən ayrıntı odur ki, bu dələduzluqda suçlanan general-leytenantın əmisi oğlu David Aydəmirovdur.

67-yaşlı David Aydəmirovun Quba-Qusar zonasında yaşayan adamları övladlarını işə düzəltmək vədiylə aldatdığı iddia edilir. Cinayət işinin materiallarında göstərilib ki, o, həmin şəxsləri Fövqəladə Hallar Nazirliyinə (FHN), yaxud bu nazirliyin tabeliyindəki idarələrə işə düzəldəcəyinə söz verib. danışıqlarda general-leytenantın əmisi oğlu olduğunu, FHN-də tanışlarının çalışdığını söyləyib, bağlantılarından faydalanacağını bildirib.

FHN idarəsində görüş

Araşdırmalar zamanı o da məlum olub ki, David Aydəmirov işdən ötrü pul verənləri ayrı-ayrı vaxtlarda metronun "20 Yanvar" stansiyasının yaxınlığında FHN-in idarəsində bir nəfərlə görüşdürüb. Həmin şəxsi məsələni çözəcək adam kimi tanıdaraq pulun da ona çatacağını söyləyib. Şahidlərsə deyir ki, David Aydəmirov həmin idarədə görüşdüyü şəxslə ümumi söhbət edib, iş adıyla apardıqlarını da öz qohumu kimi təqdim edib. Bir qədər söhbətləşəndən sonra iradədən çıxaraq rayona qayıdıblar. Yəni orada işə düzəltmək, pul verilməsi haqda söhbətlər olmayıb.

David Aydəmirov ona qarşı irəli sürülmüş ittihamları qəbul edir, özünü təqsirli sayır. O etiraf edib ki, övladını işə düzəlmək adıyla birindən 6 min, başqasından 8 min manat alıb.

Aydəmirov işə düzəltməyə söz verdiyi adamları FHN-in idarəsinə aparmasını belə izah edib: "Məsələn, Zauru ora aparmaqda məqsədim ona və atası Maluddinə onların işiylə məşğul olduğunu yalandan göstərmək idi. Həm də Maluddinin verdiyi pulu xərcləmişdim, pulu qaytarmaqdan ötrü vaxt qazanmağa çalışırdım".

Ona dələduzluqla yanaşı, həm də rüşvət verməyə təhrik ittihamı irəli sürülüb. Ancaq o, kimsəni rüşvət verməyə təhrik etmədiyini, əməlindən də çox peşman olduğunu deyir.

Alınan pullar geri qaytarılıb

İş üçün pul verən şəxslər zərərçəkmiş yox, şahid kimi tanınıb, çünki verilən pullar rüşvət kimi dəyərləndirilib. Onlar məhkəmədə ifadə verərkən deyiblər ki, David Aydəmirov aldığı pulları geri qaytarıb, ona görə şikayətçi deyillər.

David Aydəmirov bundan öncə - 2017-2020-ci illərdə Bakı Hərbi Məhkəməsinin, Quba və Qusar rayon məhkəmələrinin hökmüylə üç dəfə məhkum edilib. Dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə suçlandığından ona iki dəfə cərimə cəzası kəsilib. Sonuncu dəfə azadlığı 2 il 6 ay məhdudlaşdırılıb. Son cəzası tam ödənilməyib.

Bu dəfə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan David Aydəmirovun çəkilməmiş cəzası da nəzərə alınmaqla, ona 6 il həbs cəzası kəsilib.

Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov 2014-cü ildə ehtiyata buraxılıb.

XS
SM
MD
LG