Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:14

Yunis Səfərovun anası: 'Oğlumun ölü, yoxsa sağ olmasından xəbərim yox idi'


Y.Səfərov
Y.Səfərov

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələməkdə suçlanan Yunis Səfərovun anası deyir ki, oğlu həbs olunandan bu yana nə onun üzünü görüb, nə də səsini eşidib. Bu barədə AzadlıqRadiosuna danışan Leyla Səfərovanın sözlərinə görə, iki ildir ki, Yunisin ailə üzvləriylə görüş və telefon danışığı hüququ məhdudlaşdırılıb:

"Mən anayam, dözə bilmirəm artıq. Hətta özümü də bir kənara qoyuram, onun 11 yaşında qızı, 8 yaşında oğlu bir dəfə atasının səsini eşitsə, dünya dağılmayacaq ki?! İstintaq dövründə qoymurdular ki, istintaq sirrinin yayılması ehtimalı ola bilər. Altı aydan çoxdur ki, istintaq başa çatıb, indi niyə qoymurlar?".

"Demirəm, oğlum günahsızdır"

L.Səfərova bildirib ki, uzun müddətdir Moskvada yaşadıqlarına görə Azərbaycanla yanaşı, Rusiyanın da prezidentinə, dövlət orqanlarına şikayət edib. Məktublarında da oğlunun pozulan hüquqlarının bərpası üçün kömək istəyib. Həmin məktublarına cavab olaraq bildirilib ki, şikayətlərini Rusiyanın Bakıdakı səfirliyi vasitəsilə Azərbaycanın müvafiq orqanlarına çatdırıblar.

"Yunisin əvvəlki vəkili Elçin Sadıqovu prokurorluq uzaqlaşdırandan sonra təxminən üç ay vəkilsiz qaldı. İnanın, o müddətdə oğlumun ölu, yoxsa sağ olmasından xəbərim yox idi, ürəyim partlayırdı. İndi də vəkil gedib görüşəndən sonra vəziyyətindən xəbər tuturuq. Başqa vaxt xəbərim olmur. Mən demirəm, oğlum günahsızdır. Cinayət törədib, cəzasını da çəkəcək. Onun hüquqlarını pozmaq özü də qanunsuzluqdur. Qanunların işləmədiyi cəmiyyət, ölkə məhvə məhkumdur", – L.Səfərova belə deyir.

O, oğlunun icra başçısını terror, dövlət çevrilişi məqsədilə güllələməsi barədə ittihamda yazılanları da qəbul etmir: "Elmar Vəliyev bütün ölkənin rəhbəri deyildi, onu öldürməklə hakimiyyət ələ keçirilsin. Əgər ədalətli araşdırsaydılar, bilərdilər ki, Yunis bu işi Elmar Vəliyevin əhaliyə zülmünə görə tutdu".

Y.Səfərovun vəkili Bəxtiyar Hacıyev Y.Səfərovun ailə üzvləri ilə telefon danışığı və görüş hüququnun məhdudlaşdırılmasıyla əlaqədar Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət edib.

"Məhdudiyyət qoymayıb"

Y.Səfərov Bakı İstintaq Təcridxanasında saxlanılır. Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov vəkilə cavab məktubunda yazıb ki, təcridxana rəhbərliyi Y.Səfərovun görüş və telefon danışığı hüququna məhdudiyyət qoymayıb: "Yunis Səfərov təcridxanaya daxil olduğu gündən zəruri maddi-məişət şəraitilə təmin olunub. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanunda nəzərdə tutulmuş hüquqlarından tam qaydada istifadə edir".

Gəncə hadisələrinə görə 80-ə yaxın şəxs həbs olunub. Onların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Y.Səfərovun da daxil olduğu 12 nəfər istisna olmaqda, digər qrupların hamısının işi üzrə hökmlər çıxarılıb, təqsirləndirilən şəxslərə 18 ilə qədər həbs cəzası verilib. 20 il cəza alan Eşqin Quliyev hökmdən az sonra həbsdə vəfat edib.

Y.Səfərov və daha 11 nəfərin işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Bu işdə təqsirləndirilən şəxslərdən ikisi saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Lakin istintaq onları da təqsirləndirilən şəxs qismində prosesə cəlb edib.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantı Qasım Aşpazova silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Y.Səfərovun yaxınları isə bu iddianı təkzib edir.

Rəsmi məlumata görə, sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Həbs olunan 80-ə yaxın şəxsin əksəriyyəti 10 iyul aksiyasına, Y.Səfərov və daha 11 nəfər isə icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunur.

Həbs edilənlər məhkəmə ifadələrində həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edərək bildirib ki, onlar məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsiylə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG