Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:19

Zaxarova Ermənistan mediasına ‘ritorikanın dərəcəsini aşağı salmağı’ tövsiyə edib


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

Həkəri körpüsündəki insident Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiya olunmamasından doğub.

Bunu iyunun 21-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, Moskva dəfələrlə sərhədin delimitasiyası üzrə ikitərəfli komissiyanın işə salınmasına çağırıb.

Zaxarovanın sözlərinə görə Moskva sərhəddən keçid qaydasının müəyyənləşdirilməsində kömək etməyə hazırdır.

Sözçü Ermənistan tərəfindən Rusiya sülhməramlılarının ünvanına səslənən ittihamlara da reaksiya verib.

Zaxarova bu ittihamların əsassız olduğunu vurğulayıb:

“Biz mətbuatda bu barədə ritorikanın dərəcəsini aşağı salmağı israrla tövsiyə edərdik. Sülhməramlılar vəziyyətin normallaşdırılması üçün tərəflərlə sıx işləməkdə davam edir”.

Mariya Zaxarova jurnalistlərdən birinin sülhməramlıların “tərəf saxlamasına” dair replikasına cavab verib.

O deyib ki, sülhməramlıların vəzifəsi problemlərin hər iki tərəflə əlaqədə həllinə nail olmaqdır.

Qafanda Azərbaycan əsgərinə verilən 20 illik cəzaya etiraz: 'Qayıdıb qəhrəman kimi öyünəcək'
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

“Bakını Qarabağ əhalisini girov etməməyə çağırırıq”

Zaxarova bunu da deyib ki, Bakı Qarabağ əhalisini Yerevanla fikir ayrılığının girovu etməməlidir:

“Biz Yerevanı özünü üçtərəfli formatdan kənar tutmamağa çağırırıq. Bu formatın boş dayanması regionda vəziyyətə ziyanlı təsir edir və eskalasiyaya səbəb olur. Biz Bakını dəhlizin humanitar məqsədlər üçün tam açılmasına və Qarabağ əhalisini Yerevanla siyasi fikir ayrılığının girovu etməməyə çağırırıq”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, iyunun 15-də Azərbaycan Silahlı Qüvvələri Həkəri körpüsü yaxınlığında Ermənistan ərazisində bayraq qaldırmağa cəhd göstərib.

Bu zaman Ermənistan tərəfindən açılan atəş nəticəsində bir Azərbaycan sərhədçisi yaralanıb.

Bundan sonra Azərbaycan tərəfi Laçın yolunu tamamilə bağlayıb.

Azərbaycan Ermənistan ərazisində bayraq qaldırmağa cəhd göstərdiyinə dair iddiaları rədd edib.

Bakı Laçın yolunda qurulmuş yoxlama-buraxılış məntəqəsinin qanunsuz olduğuna dair Yerevanın iddialarını da rədd edir və bildirir ki, Azərbaycan suveren ölkə kimi öz sərhədində sərhəd postu qurmaq haqqına sahibdir.

Ermənistan iyunun 16-da Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkinə Həkəri körpüsündə baş vermiş insidentlə bağlı etirazını bildirib.

Azərbaycan aprelin 23-dən Laçın yolunda, Həkəri çayı üzərində birtərəfli qaydada yoxlama-buraxılış postu qurub.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.

XS
SM
MD
LG