Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:16

«YAP-ın monoloqu»


«Bizim pulsuz efirdən istifadə etmək şansımız yoxdur». Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyir. O, noyabrın 25-də bələdiyyə seçkilərində başlanacaq təbliğat-təşviqat mərhələsində efirdən istifadə edə bilməyəcəklərini düşünür. Çünki Seçkilər Məcəlləsinə görə, dövlət KİV orqanlarından pulsuz istifadə etmək hüququnu qazanmaq üçün siyasi partiya və ya siyasi blokun ölkə bələdiyyələrinin yarıdan çoxunda namizədi olmalıdır.

Azərbaycanda 1718 bələdiyyə var. Bu hüququ qazanmaq üçün siyasi partiyanın və ya blokun ən azı 860-dan çox bələdiyyə üzrə namizədi qeydə alınmalıdır. Ümid Partiyasının isə MSK-nın son məlumatına görə, cəmi 200-dən çox bələdiyyədə namizədi qeydə alınıb. İqbal Ağazadə:

- Hakimiyyət bütün inzibati resurslardan istifadə etdi ki, biz pulsuz efirdən istifadə etməyək. Bütün işimizi pulsuz efirdən təbliğat-təşviqat üçün istifadəyə nəzərdə tutmuşduq. Hakimiyyətn Ümid Partiyasına münasibəti çox kəskindir və pulsuz efir almaq imkanımız sıfıra bərabərdir.

«YAP-IN MONOLOQU»

Pulsuz efir hüququ seçki marafonuna qoşulmuş siyasi partiyalardan yalnız Yeni Azərbaycan Partiyasındadır. Ötən parlament seçkisində pulsuz efir vaxtı seçkiyə qoşulmuş partiyaların debatlarına ayrıldı. Bəs indi tək partiyayla debat olacaqmı və yaxut bu efir vaxtı necə istifadə olunacaq?

MSK namizədlərin qeydiyyat mərhələsi başa çatmadığı üçün hələlik bu sualları cavablandırmır. İTV-nin «Xəbərlər» departamentinin direktoru Anar Yusifoğlu da deyir ki, qərarı MSK verəcək. İqbal Ağazadəyə görə isə, efirdə YAP-ın monoloqu olacaq.

«ŞƏRAİTƏ UYĞUN DAVRANACAĞIQ»

Hakim partiyanın təmsilçisi Mübariz Qurbanlı da deyir ki, efir vaxtından necə istifadə edəcəklərini müəyyənləşdirməyiblər:

- Fikir mübadiləsi aparırıq ki, qanunla bizə ayrılacaq vaxtdan necə istifadə edək. Efirdən istifadə etmək hüququ əldə etmişik. Qarşı tərəflərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alıb şəraitə uyğun hərəkət edəcəyik.

«MÜXALİFƏTİN PULU VAR?»

Təbliğat-təşviqat mərhələsində ayrılan pullu efirdən isə hakim partiya da yararlanmaya bilər. Hərçənd Mübariz Qurbanlı bununla bağlı hələlik ortada qəti qərarın olmadığını deyir. Müxalifət partiyalarının isə pullu efirdən istifadə imkanları demələrinə görə yoxdur. İqbal Ağazadə:

- Nəyi var, Azərbaycan müxalifətinin? Hardadır müxalifətin pulu? Biz bu barədə düşünmürük. Buna vəsaitimiz yoxdur.

Bələdiyyə seçkisində ödənişli efir ayrılmasıyla bağlı isə yalnız İTV MSK-ya müraciət edib.

«İCTİMAİYYƏT ALTERNATİV FİKİR EŞİTMƏYƏCƏK»

«Pulsuz efirdən yalnız bir partiyanın istifadə eləyə biləcəyi göstərir ki, müxalifət namizədlərinin qeydə alınmasında bir sıra problemlər olub». Bunu deyən seçki məsələləri üzrə ekspert Hafiz Həsənovun sözlərinə görə, seçicilər efir vasitəsilə alternativ fikir eşitməkdən məhrum olacaqlar:

- Təəssuf ki, bələdiyyə seçkiləri əvvəlki seçkilərdən daha pis, qeyri-bərabər formada keçiriləcək. Yəni, YAP İTV-nin tribunasından həmişə dediyi fikirləri bir daha deyəcək. İctimaiyyət də alternativ fikir, alternativ mövqe eşitməyəcək.

Amma namizədlərin qeydiyyat mərhələsi noyabrın 23-də bitəcək. Buna görə də ekspertlər az da olsa, mənzərənin dəyişə biləcəyinə ümid eləyirlər.
XS
SM
MD
LG