Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:21

ATƏT-in Minsk Qrupunun həmsədri Robert Bradtke ilə eksklüziv müsahibə


Robert Bradtke, 20 mart 2012
Robert Bradtke, 20 mart 2012
Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun yaranmasından 20 il keçir. Qrupun ABŞ-ı təmsil edən həmsədri Robert Bradtke AzadlıqRadiosunun sualların cavab verir.


AzadlıqRadiosu: Geri, Minsk qrupunun (ATƏT-in) 20 illik fəaliyyətinə nəzər salsaq, onun əldə etdiyi hansı əsas nəticəni qeyd edərdiz?

Robert Bradtke: Məncə, Minsk qrupu aşağıdakı 3 vacib işi həyata keçirib.

İlk növbədə, sabitlik faktorunun təmin olunmasına kömək edib. Tərəflər arasında növbəti müharibənin qızışmasının qarşısını alıb. 1994-cü ildən başlayaraq atəşkəs rejimi pozulanda Minsk qrupu belə halların daha ciddi münaqişəyə çevrilməməsini təmin edə bilib.

Minsk qrupunun gördüyü ikinci iş, tərəflər arasında kommunikasiya vasitəsi roludur. Belə ki, ehtiyac yarandıqda tərəflərin danışıqları birbaşa öz aralarında aparmaq imkanları yox idi. Regiona səfərlər və ya liderlərlə görüşlərdə biz onların fikirlərini dinləyib kömək üçün həmin fikirləri qarşı tərəfə çatdırırıq. Yəqin ki, bu da onların bir-birini daha yaxşı başa düşmələrinə yardım edir.
Baza Prinsipləri Dağlıq Qarabağın ətrafında işğal olunmuş rayonların Bakının nəzarətinə qaytarılmasını, köçkünlərin evlərinə dönmələrini, Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə hüquqları verən aralıq statusun verilməsini, Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin yaradılmasını və nəhayət gələcəkdə bu regionun yekun statusunun müəyyən olunmasını əhatə edir.


Və nəhayət bizim mandatda nəzərdə tutulan 3-cü aspekt, danışıqların aparılması üçün biz ümumi bazanın yaradılıb inkişaf etdirilməsinə nail olduq. Xüsusilə son 5 ildə həmsədrlər diqqəti daha çox Baza prinsipləri adlanan sənədin işlənib hazırlanmasına yönəltmişdilər.

Bu prinsiplər də Dağlıq Qarabağın ətrafında işğal olunmuş rayonların Bakının nəzarətinə qaytarılmasını, köçkünlərin evlərinə dönmələrini, Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə hüquqları verən aralıq statusun verilməsini, Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin yaradılmasını və nəhayət gələcəkdə bu regionun yekun statusunun müəyyən olunmasını əhatə edir. Biz bu prinsiplərin inkişaf etdirilməsi üçün tərəflər arasında olduqca gərgin iş apardıq.

Hələlik buna nail olmasaq da istədim Ermənistan və Azərbaycan prezidentlərinin bu ilin yanvarında Soçidə görüş zamanı verdikləri bəyanatı xatırladım. Onlar həmin bəyanatlarında bildiriblər ki, bu sənəd üzərində işi gücləndirməyə hazırdırlar.

AzadlıqRadiosu: Sadaladığınız işlər onu deməyə əsas verirmi ki, Dağlıq Qarabağ danışıqları öz həllinə bu gün, 1992-ci il martın 24-də olan durumundan daha yaxındır?

Robert Bradtke: Şübhəsiz, biz indi daha yaxınıq, nəinki 20 il əvvəl. Məncə, tərəflər başa düşürlər ki, bu məsələ öz həllini hansı bazis elementi əsasında tapa bilər. Onlar, həm özləri, həm də bizimlə müzakirələrdə ötən il bizim ölkələrin prezidentlərinin birgə bəyanatlarındakı ifadələrdə öz əksini tapmış elementlər haqda danışırlar. Bu elementlər isə bu gün daha aydındır, nəinki 1992-də və ya atəşkəs əldə olunan 1994-də.

AzadlıqRadiosu: Minsk Qrupunun fəaliyyəti bu 20 ildə hansı dəyişiklərə uğrayıb, prosesdən hansı dərslər alınıb?

Robert Bradtke: Məncə Minsk qrupunun aldığı əsas və vacib dərs, Beynəlxalq ictimaiyyətin tərəflərə köməyinin necə böyük əhəmiyyət kəsb etməsini anlamaq oldu. Qrupun işində, xüsusilə də son illərdə həmsədrlərin bir-biri ilə daha sıx əməkdaşlığını qeyd etmək olar ki, indi bizdən birimiz tərəflərlə hamımızın adından danışa bilir.
Bu, aldığımız çox vacib dərslərdən biridir. İndi bizim daha sıx əməkdaşlığımız var, Birləşmiş Ştatlar, Fransa və Rusiya daha sıx əməkdaşlıq yaradıb tərəflərlə iş aparırlar.

İkinci dərs: ötən illər həm olduqca böyük ümidlər, həm də məyusluq dövrləri ilə müşahidə olunub. 2001-də Key Vestdə - Amerika, 2006-da Ramboulidə - Fransa, 2011-də Kazanda Rusiya təşəbbüsü ələ aldılar. Müxtəlif mərhələlərdə, müxtəlif tərkiblərdə həmsədrlər qrupu fəaliyyət göstərib, amma birmənalı olaraq onu demək mümkündür ki, həlledici məqam son nəticədə tərəflərin özündən asılıdır.

Tərəflər Minsk qrupu həmsədrləri ilə sülh bağlamırlar. Həmsədrlər ideyalar mübadiləsi apara bilər, biz ancaq təkliflər irəli sürə bilərik. Amma fundamental olaraq, çox çətin qərarları tərəflər özləri qəbul etməlidirlər.

AzadlıqRadiosu: Bəzi müşahidəçilər Qarabağ münaqişəsinin həllində nəticə olmayanda, "Minsk Qrupu yeni yanaşmalar tapmalıdır, yoxsa, özünün legitimliyini itirəcək" kimi fikirlər səsləndiri. Bu fikirlərə Sizin cavabınız nədir?

Robert Bradtke: Mən hesab etmirəm ki, sülh razılaşmasının əldə edilməməyinin səbəbi Minsk Qrupunun formatıdır. Problem ondadır ki, çox çətin məsələlər var. Tərəflər arasında fikir ayrılığı olduqca böyükdür. Açığı, onların arasında həm də inamsızlıq var. Formatın dəyişməsi bu problemlərin heç birini həll etmir.

Mən hiss edirəm ki, son illər davamlı irəliləyişlər əldə etmişik. Yenə də deyirəm ki, məncə, razılaşmanın ümumi müddəaları artıq var. Yekun nəticə üçün bəzi detalların razılaşdırılması və konkret addımların atılmasında çətinliklər var. Dediyim kimi, tərəflər arasında inamsızlıq var və bu da razılaşmanın əldə edilməsini daha da çətinə salır. Yeni formatla işə başlayıb yeni perspektivlər axtarmaqdansa, tərəflərin də qəbul etdiyi və özlərinin də dediyi kimi işləmək istədikləri indiki formatda davam etmək yaxşıdır.

AzadlıqRadiosu: Gələcəkdə ABŞ-ın prosesdə rolu dəyişəcəkmi? 2001-ci ildə olduğu kimi ABŞ bu münaqişənin həlli üçün hər hansı sammit keçirəcəkmi?

Robert Bradtke: Sözsüz ki, ABŞ sülh razılaşmasının əldə edilməsində tərəflərə əlindən gələn yardımı etmək öhdəliyinə sadiqidir. 2012-ci ildə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Mən konkret hansı görüşlərin olacağını əvvəlcədən demək istəməzdim.

AzadlıqRadiosu: Keçən il Kazan görüşündən əvvəl Azərbaycan və Ermənistanın münaqişənin həllinə dair baza prinsiplərini razılaşdıra biləcəkləri barədə ehtiyatlı optimizm vardı. Prosesə orada nə qədər zərbə dəydi?
Əsas problemlərdən biri Baza Prinsiplərində nəzərdə tutulan addımların mərhələləri arasında əlaqələrdir. Hazırda ən mürəkkəb məsələ mərhələlərin ardıcıllığı və bir-biri ilə əlaqəsidir.


Robert Bradtke: Bəllidir ki, biz Kazanda daha çox uğur əldə ediləcəyini gözləyirdik, amma bu baş vermədi, məyus olduq. Lakin bu o demək deyil ki, hər şey artıq itirildi, biz əldə edilmiş mərhələdən o yana gedə bilməyəcəyik. Demək istəyirəm ki, biz dərindən nəfəs aldıq və irəliləmək üçün yollar axtarırıq.

Əsas problemlərdən biri Baza Prinsiplərində nəzərdə tutulan addımların növbəliyi və bu mərhələlər arasında olan əlaqələrdir. Mən detallara getmək istəmirəm, çünki danışıqlar çox həssasdır. Hazırda ən mürəkkəb məsələ mərhələlərin ardıcıllığı və bir-biri ilə əlaqəsidir.

AzadlıqRadiosu: Yanvarda prezident Əliyev və Sarkisianın Soçidə qəbul etdikləri bəyanata görə tərəflər təmas xəttində atəşkəsin pozulmasını ATƏT tərəfindən araşdırılmasına hazırdırlar. Belə araşdırma aparmaq üçün hər hansı mexanizm varmı?

Robert Bradtke: Doğru deyirsiz, Soçidə prezidentlər bizdən atəşkəsin pozulmasının araşdırılması mexanizminin formalaşdırılmasını istədilər. Onlar keçən il də bunu müzakirə etmişdilər. Biz prezidentlərə bunun üçün bəzi ideyalarımızı təqdim etdik. Bu, elə də sadə məsələ deyil. Monitorinq üçün hansı imkanlar lazımdır, tərəflər hansı qayadada əməkdaşlıq etməlidirlər? Bu haqda ideyalarımızı biz tərəflərə verdik və bu yaxınlarda regiona səfər zamanı onları müzakirə etdik.

Tərəflərdən bəzi fikirlər almışıq, amma yenə də hesab edirik ki, cəbhə xəttində və təmas xəttində sabitliyin möhkəmləndirilməsinə yardım mexanizmlərinin hazırlanması üçün daha çox iş görülməlidir. Biz bu həftənin sonunda ATƏT-in Parlament Assambleyasının görüşündən əvvəl həmsədrlər kimi yenidən bir araya gələcəyik. Bununla biz həm də ATƏT-in hərbi ekspertləri ilə məsələni müzakirə edib onların da bu mexanizmə fikirlərini öyrənəcəyik. Beləliklə, tərəflərin qəbul edə biləcəkləri mexanizmin yaradılması üçün işimizi davam etdirəcəyik.

AzadlıqRadiosu: Soçi bəyanatında həmçinin 2 xalq arasında birbaşa dialoqun vacib olduğu vurğulanır. Bu məqamın sülh prosesinə təsir imkanları nə qədərdir?

Robert Bradtke: Məncə, xalq diplomatiyası ideyası çox vacibdir. Ötən 20 illik tarixə baxsaq, Ermənistanda və Azərbaycanda böyüməkdə olan nəsil indiyə qədər heç vaxt yanaşı yaşamayıb. Onların arasında bir-biri haqqında stereotipləri dağıtmaq, bir-birinin fikirlərini öyrənmək üçün əlaqələr olmayıb.

Yəni, vətəndaşlar arasında ünsiyyətin də rolu ola bilər. Amma gərək bu təmaslar da konstruktiv olsun, içdən gəlsin. Əgər belə təmaslar siyasiləşərsə, onun heç bir faydası olmayacaq. Əgər bu görüşlər 20 il əvvəl kimin haqlı olduğunu, kimin yanlış iş gördüyünü sübut etməyə yönələcəksə, onun işə xeyri dəyməyəcək. Belə təmaslarda insanlar ümumi problemlərini müzakirə edə bilərdilər.

Belə ideyalardan biri son səfərimizdə Azərbaycanla Ermənistan arasındakı inzibati sərhəd boyu cəbhə xəttini keçərkən ağlımıza gəldi. Məlumat üçün deyim ki, təmas xətti ilə köhnə sərhədlər arasında fərq var. Təmas xəttində tərəflərin hərbi qüvvələri üz-üzə dayanıb, atəşkəs rejimi var, amma köhnə sərhədlər boyu cəbhə xətti olsa da, bu ərazilər mübahisə predmeti deyil.

Biz 2011-ci ilin sonlarında bu sərhədi keçdik və hər iki tərəfdə yerli hakimiyyət orqanları ilə müzakirələr apardıq. Su, kənd təsərrüfatı, elektrik kimi ümumi problemlərə dair həmin hakimiyyət təmsilçiləri arasında gələcəkdə görüşün mümkünlüyünü müzakirə etdik. Vətəndaşlar arasında ünsiyyətin daha məhsuldar forması bunlar ola bilər. Biz bu məsələlərin tərəflərlə daha geniş müzakirəsinə ümid edirik.
..tərəflər razılaşmaya özləri güman etdiklərindən daha yaxındırlar.


AzadlıqRadiosu: Yekun olaraq, 20 il əvvəllə müqayisədə Siz məsələləri nə yerdə görürsüz, Sizcə, Dağlıq Qarabağ münaqişəsi həll ediləcəkmi?

Robert Bradtke: Liderlərimizin Dovil görüşündə dedikləri kimi, biz də tərəflərə tez-tez deyirik ki, hazırkı status-kvo qəbuledilməzdir. Son 20 ildə münaqişə gərək həll ediləydi. Biz irəliləməliyik. 20 il əvvəlki situasiya olduğu kimi qala bilməz. Bir vacib məsələni qeyd etmək istəyirəm. Mən hiss edirəm ki, tərəflər razılaşmaya özləri də təsəvvür etdiklərindən yaxındırlar. Lakin aralarında inamsızlıq olduğundan konkret addımlar ata bilmirlər.

Sülh prosesinin vacib məqamlarından biri də tərəflərin özlərini tərəfdaş kimi nəzərdən keçrimələridir. Onlar qarşı tərəfə problemin həllinə çalışan tərəfdaş kimi baxmasalar, nəticə əldə etmək mümkün olmayacaq. Necə deyərlər, mən istədiyim hər şeyi əldə edim, qarşımdakı isə heç nəyi – belə yanaşma ilə heç bir uğur əldə olunmaz.

Məsələyə belə baxılmalıdır ki, "qarşıdakı da, mən də nəsə əldə etməliyik, yoxsa, sülh mümkün olmayacaq. Ona görə mən onun istədiyi şeylərdən nəyi verib, onun vermək istəmədiyi nəyi ala bilərəm". Məsələyə belə yanaşmaq asan deyil, və indiyə qədər də biz tərəflərdən məsələyə məhz bu cür yanaşma görməmişik.

Ona görə dediyim kimi, obyektiv yanaşsaq, tərəflər razılaşmaya özləri güman etdiklərindən daha yaxındırlar. Əgər biz tərəfdaşlıq mühiti yarada bilsək, sülh razılaşması naminə tərəflər bir-birinin qayğılarını nəzərə alsalar, məncə, bəzi uğurlar əldə edə bilərik.
XS
SM
MD
LG