Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:41

Əli Əhmədov: «Həmsədr dövlətlər bu məsələyə konkret münasibət bildirsəydilər daha yaxşı olardı»


Əli Əhmədov
Əli Əhmədov
-

«ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı narahatçılıq ifadə edən bəyanatlar səsləndirməsini ümumilikdə müsbət qiymətləndirmək olar».

Bunu iyunun 19-da jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov deyib. Məlumatı Trend yayıb.

Əli Əhmədovun qənaətincə, bu addım Minsk qrupunun həmsədri olan böyük dövlətlərin münaqişənin nizamlanmasını unutmadıqlarını göstərir: «Amma eyni zamanda, həqiqətin daha əhəmiyyətli hissəsi ondan ibarətdir ki, 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, münaqişə hələ də nizamlanmayıb. Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünlərinin vəziyyətində dəyişiklik baş verməyib. Onlar hələ də öz yurd-yuvalarına qayıda bilməyiblər. Beləcə, tarixi həqiqət bərpa olunmayıb».

Əli Əhmədov deyib ki, tarixi həqiqətin bərpa olunmamasının günahının böyük bir hissəsi Minsk qrupunun öz vəzifəsinin öhdəsindən gələ bilməməsidir:

«Mən təsəvvür edə bilmirəm ki, Minsk qrupu bu münaqişəni həll etmək missiyasını öz üzərinə götürəndən və 20 il ərzində bu vəzifənin öhdəsindən gələ bilməyəndən sonra axı kimləri günahlandırmaq istəyir? Bu məntiqi sadəcə olaraq başa düşmək mümkün deyil. İşğalçı nə qədər ki, öz adı ilə adlandırılmayıb, nə qədər ki, işğalçının işğal etdiyi torpaqlardan geri qayıtması tələbi Minsk qrupunun bütün həmsədr dövlətləri tərəfindən konkret şəkildə qoyulmayıb, münaqişənin nizama salınması yönündə irəliyə addım atmaq mümkün olmayacaq. Hesab edirəm ki, Minsk qrupunun həmsədr dövlətləri bu məsələyə konkret münasibət bildirsəydilər daha yaxşı olardı və münaqişənin tənzimlənməsi istiqamətində daha ciddi addım atılmasına nail olmaq mümkün olardı».

İyunun 18-də Minsk Qrupunun həmsədri olan dövlətlərin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyanat veriblər. Barack Obama, Vladimir Putin və François Hollande münaqişə tərəflərinin problemin həllinə nail ola bilməməsindən dərin təəssüf bildiriblər.

Onlar münaqişənin sülh yolu ilə həllində çərçivə razılaşmasının gecikdirilməsinin qəbuledilməz olduğunu bildiriblər.

XİN: BİZİM MÖVQEYİMİZ HƏMSƏDR ÖLKƏLƏRİN MÖVQEYİ İLƏ ÜST-ÜSTƏ DÜŞÜR

Azərbaycanın Xarici İşlər Nazirliyi də bəyanatla bağlı mövqeyini açıqlayıb. Nazirliyin mətbuat katibi Elman Abdullayev iyunun 19-da jurnalistlərə deyib:

«Biz hər zaman deyirdik ki, Azərbaycanın mövqeyi həmsədr ölkələrin mövqeyi ilə üst-üstə düşür. Dəfələrlə bəyan etmişik ki, mövcud status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu məqam həmsədr ölkələrin son 4 ildə verdikləri bəyanatlarda da əksini tapıb».

Elman Abdullayev hesab edir ki, gələcəkdə sülhün bərqərar olduğu bir bölgə yaratmaq istənilirsə, Ermənistan işğal siyasətinə son qoymalıdır: «Ermənistanın bugünkü siyasəti bölgədəki situasiyanı təhlükə altında qoyur və belə təsəvvür yaranır ki, bu ölkə status-kvonu qorumaq üçün hər şeyi edir».

XİN-in mətbuat katibi bildirib ki, Azərbaycan dəfələrlə münaqişənin həllinə dair yol xəritəsi təqdim edib: «Təəssüf ki, Ermənistan Azərbaycanın bütün təkliflərini, hətta həmsədrlərin yenilənmiş Madrid prinsiplərinə dair təkliflərini rədd edir. Bu səbəblə 2009-cu ildən bəri iki ölkə prezidentlərinin görüşlərində irəliləyiş olmur. Azərbaycan ilk gündən yenilənmiş Madrid prinsipləri ilə tanış olub və bunu münaqişənin həlli üçün baza sənədi kimi qəbul edib. Biz yenilənmiş Madrid prinsipləri üzrə işin davam etdirilməsinə tərəfdarıq».

Münaqişənin uzun illərdir həllinin tapmadığını xatırladan E. Abdullayev hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri erməni tərəfinin konstruktiv mövqe tutması üçün bu ölkəyə təzyiq göstərməlidir.

Mətbuat katibi Azərbaycanın mövqeyinin açıq və praqmatik olduğunu və ölkənin ədalətli həll yolunun tapılmasını istədiyini də vurğulayıb: «Beynəlxalq ictimaiyyət bu əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır. Biz ədalətdən danışırıqsa, bu ədalət Azərbaycan ərazilərinin işğaldan azad olunması və məcburi köçkünlərin öz evlərinə qayıtmasından sonra zəfər çalacaq. Prezidentlərin bəyanatında çox dəqiq bildirilir ki, güc tətbiqi konfrontasiya və qeyri-sabitlik mənbəyi olar. Bu konfrontasiyadan qaçmaq üçün işğal altındakı torpaqların azad olunması vacibdir. Ermənistan güc tətbiq etməmək prinsipinə əməl etməyib və bunun nəticəsi bizim torpaqlarımızın işğalıdır». /APA/
XS
SM
MD
LG