Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:05

İdlibdə döyüşlər gedir. Suriyanın helikopteri vurulub (VIDEO)


Arxiv fotosu
Arxiv fotosu

Suriyanın İdlib qəzasında Suriya silahlı qüvvələrinin helikopteri vurulub.

Bu barədə Reuters agentliyinə Assad rejiminə qarşı döyüşən silahlı müxalifət qüvvələri bildirib.

Xəbər verilir ki, Rusiya istehsallı Mi-8 helikopteri İdlib şəhərinin cənubunda qiyamçılar tərəfindən vurulub. Helikopterin pilotu həlak olub.

Bəzi şərhçilər helikopterin Türkiyə hərbçiləri tərəfindən vurula biləcəyini ehtimal edirlər. Lakin Assada qarşı döyüşən qüvvələrin nümayəndələri helikopterin onlar tərəfindən vurulduğunda israr edirlər.

Suriya mənbələrinin verdiyi xəbərlərə görə Rusiya təyyarələri fevralın 11-də İdlib şəhərinə zərbələr endirib.

İnternetdə bu hava reydləri nəticəsində dağıntıların və ölənlərin olduğu bildilir.

Əks-hücum

İdlibdə şiddətli döyüşlərin getdiyi xəbər verilir. Müxalifət bildirir ki, onun qüvvələri Türkiyə artilleriyasının dəstəyi ilə Assad qoşunlarının mövqelərinə əks-hücuma keçib.

Türkiyə son günlər ərzində İdlib qəzasında çox sayda hərbi texnika və canlı qüvvə cəmləşdirib.

Burada Türkiyənin qurduğu hərbi müşahidə postları tez-tez hökumət qüvvələri tərəfindən atəşə tutulur.

Həftəsonu İdlibdə Bashar Assad rejiminin qüvvələri ilə qiyamçılar arasında baş vermiş atışmalarda Türkiyənin 6 hərbçisi həlak olub.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, Suriya Türkiyə hərbçilərinin ölümünə görə “çox ağır bədəl ödəyib”.

Moskva və Ankara razılığa gələ bilmir

Rəsmən Türkiyə də Rusiya kimi İdlibdə atəşkəsin qarantı funksiyasında çıxış edir.

Buna baxmayaraq onlar bu münaqişədə qarşı duran tərəfləri dəstəkləyirlər.

Rusiya Assada, Türkiyə isə ona qarşı çıxan qiyamçılara dəstək verir.

Son bir neçə gün ərzində Rusiya nümayəndə heyəti İdlib mövzusunu müzakirə etmək üçün Ankarada olub. Lakin bu danışıqlar nəticəsiz başa çatıb.

Kreml bildirir ki, fevralın 11-də Erdoğan və Putin arasında bu mövzuda telefon söhbəti olmalıdır.

Suriya hökumət qüvvələri müxalifətin son istehkamı olan İdlib qəzasında nəzarəti ələ almağa çalışır.

Rəsmi Dəməşq də Moskva kimi buradakı müxalifət qüvvələrini “terrorçu” adlandırır.

XS
SM
MD
LG