Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:48

Müstəqil müşahidəçi qrup: Rusiya tarixində ‘ən çirkli’ seçki


Seçki məntəqəsi
Seçki məntəqəsi

Seçkiyə real müxalifət qatılmayıb, hakimiyyət həbsdə olan müxalifətçi Aleksey Navalnıya yaxın təşkilatları “ekstremist” elan edərək onun şəbəkəsindən mümkün namizədlərin iştirakını əngəlləyib

Kremlin dəstəklədiyi Vahid Rusiya partiyası indiki seçkidə beş il bundan əvvəl olduğundan daha az səs qazanıb.

Lakin hətta pozuntilar və saxtakarlıqlarla müşayiət olunan seçkidə qazandığı bu səslər də ona Dövlət Dumasında konstitusiya çoxluğu verir.

Müstəqil müşashidə agentliklərindən biri bu seçkini Rusiya tarixində “ən çirkli seşki” adlandırıb.

Sentyabrın 20-də Almaniya bəyan edib ki, Rusiyada keçirilmiş bu seçkiyə “aydınlıq gətirilməlidir”.

Avropa İttifaqı seçkidəki “təhdid” mühitini pisləyib.

Beynəlxalq birlik bu seçkiyə Vladimir Putinin hakimiyyətinin daha da möhkəmləndirilməsinə imkan verən bir hadisə kimi baxır.

Bu seçkilər habelə heç bir ciddi müxalifətin olmaması ilə yadda qalacaq.

Müxalifətçi Aleksey Navalnının tərəfdarlarına bu seçkidə iştirak etmək imkanı verilməyib.

Hökumət bu seçkinin müşahidəçiliyinə ATƏT-i də buraxmayıb.

***

Kremlin dəstəklədiyi Vahid Rusiya partiyası Dövlət Dumasında üçdə iki superçoxluğu qazandığını deyir.

Bu seçki Prezident Vladimir Putinin 2024-cü il seçkisi öncəsi hakimiyyətini möhkəmləndirməsi baxımından vacib sayılırdı. Ötən il konstitusiyaya edilmiş dəyişikliklər onun yenidən namizədliyini verməsini mümkün edir.

Artıq bülletenlərin 90 faizi sayılıb və MSK Vahid Rusiya-nın səslərin 49.66 faizini qazandığını deyir.

Kommunist Partiyası 19.56, millətçi LDP 7.51, Ədalətli Rusiya 7.38, Yeni İnsanlar isə 5.33 faiz səs yığıb.

Vahid Rusiya-nın baş katibi Andrey Turçak deyib ki, partiya siyahısı üzrə 120, təkmandatlı mübarizədən 195 yer qazanılacağı gözlənir. Bununla da partiya 450 yerlik Dumada 315 mandat almaqla üçdə iki çoxluğa sahiblənə və konstitusiyanı dəyişdirməyə davam edə bilər.

***

Artıq bülletenlərin 71 faizinin sayıldığı, Vahid Rusiyanın 49 faizə yaxın səs yığdığı bildirilir.

Kommunist Partiyası 20.25, millətçi LDPR 7.68 faizə yaxın səs yığıb. Ədalətli Rusiyanın 7.42, Yeni İnsanlar partiyasının 5.53 faiz səs yığdığı xəbər verilir.

***

Kremlin dəstəklədiyi hakim Vahid Rusiya partiyasının Rusiya parlamentinin aşağı palatası Dumada üstünlük qazanacağı gözlənir. Üçgünlük səsvermə sentyabrın 19-da başa çatıb.

Mərkəzi Seçki Komissiyasının sentyabrın 20-də səhər bildirməsinə görə, bülletenlərin 40 faizə qədəri sayılıb və Prezident Vladimir Putini dəstəkləyən Vahid Rusiya səslərin 45 faizindən çoxunu qazanıb.

Onun rəqibi Kommunist Partiyası 22 faiz, millətçi Liberal Demokratik Partiya isə 8.5 faizə yaxın səs yığıb. Ədalətli Rusiya və Yeni İnsanlar partiyasının uyğun olaraq 7.5 və 6 faiz səs yığdığı xəbər verilir.

Vahid Rusiyanın Baş katibi Andrey Turçak yeni Dumada çoxluğu qazandıqlarını iddia edərək partiya tərəfdarlarına qələbənin “vicdanlı və təmiz” keçirildiyini deyib.

Seçkidə real müxalifət iştirak etməyib, hakimiyyət həbsdə olan müxalifətçi Aleksey Navalnıya yaxın təşkilatları “ekstremist” elan edərək onun şəbəkəsindən kiminsə namizədliyini verməsini əngəlləyib. Navalnıya siyasi hesab olunan ittihamlarla 2.5 il həbs cəzası kəsilib.

225 yerdən 193-ü

12 milyon əhalisi olan Moskvada onlayn səsvermənin nəticələri hələlik sayılmayıb.

Navalnının əsas müttəfiqlərindən Leonid Volkov deyib ki, hakimiyyət özəlliklə liberal-meylli Moskva və Sankt Peterburqda onlayn səsvermənin nəticələrini hakim partiyanın xeyrinə dəyişməyi planlaşdırır.

Dumada 450 yerin yarısı partiya siyahısı, qalanları təkmandatlı qaydada müəyyənləşir. Seçki rəsmiləri Vahid Rusiya namizədlərinin 225 yerin 193-də öndə getdiyini deyirlər.

Hazırda Vahid Rusiya Dumada 334 yerə sahibdir və superçoxluğu saxlamaq niyyətindədir. Bu, partiyaya konstitusiyanı dəyişmək imkanl verir. Amma partiyanın populyarlığı son illər ən aşağı həddə düşüb.

2016-cı ildə Vahid Rusiya səslərin 54 faizindən çoxunu qazanmışdı.

Seçicilərin 45 faizinin səsverməyə getdiyi bildirilir.

“Ağıllı Səsvermə”

Navalnı və müttəfiqlərinin yaratdığı “Ağıllı Səsvermə” tətbiqi bu il böyük maneə ilə üzləşib. Bu il həmin tətbiqin dəstəklədiyi namizədlərin çoxu Kommunist Partiyasından idi. Rəsmilərin tətbiqi əngəlləməyə çalışmasına baxmayaraq seçkinin nəticələri tətbiqin təsirini üzə çıxarır. 2016-cı il seçkisində 13.3 faiz səs yığmış Kommunistlərə dəstəyin yüksəldiyi görünür. Bu partiya müxalifətdə sayılsa da Kremlin təşəbbüslərinə demək olar qarşı çıxmır.

Sentyabrın 17-də səsvermə başlanandan isə “Ağıllı səsvermə” tətbiqi Apple və Google-un onlayn mağazalarından və digər sosial şəbəkələrdən silinib. Navalnının idarə etdiyi 50-dək vebsayt bloklanıb.

Kommunist Partiyasının başçısı Gennadi Züqanov seçkidə irimiqyaslı pozuntular olduğunu iddia edib, seçki rəsmilərini qutulara topa bülleten atılması daxil məlumatları araşdırmağa çağırıb.

Xabarovsk

Uzaq Şərqdə yerləşən Xabarovskda Kremlin təyin etdiyi qubernator seçkini udub. Vilayətin keçmiş qubernatorunun həbsindən sonra etirazlar səngimirdi.

Mixail Deqtyaryovun 57 faiz səslə qalib gəldiyi bildirilir.

Ötən ilin iyulunda qubernator Sergey Furqalın həbsi hökumətə qarşı irimiqyaslı etirazlara səbəb olmuşdu. Bu, əhalinin Moskvanın siyasətindən narazılığını ortaya qoymuşdu.

Furqal sui-qəsdə cəhd və iki nəfərin qətlini sifariş etməkdə ittiham olunur, barəsində həbs qətimkan tədbiri seçilib. Özü ittihamları rədd edir.

O, 2018-ci ildə milləti Rusiya Liberal Demokratik Partiyasından (LDPR) seçilərək Kremlin namizədini məğlub etmişdi.

Deqtyaryov da LDPR üzvüdür, Kremlin tərəfindən təyin olunsa da regiona bağlılığı yoxdur.​

XS
SM
MD
LG