Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:04

Paşinyan bir daha parlamenti buraxmağa çağırır


1 mart mitinqində
1 mart mitinqində

Mitinqdəki çıxışında Paşinyan habelə bu ilin oktyabrında yeni Konstitusiyaya dair referendumun keçirilməsini təklif edib

Ermənistanın baş naziri Nikol Paşinyan martın 1-də müxalifət qüvvələrini parlamentin buraxılmasına və növbədənkənar seçki keçirilməsinə razılıq verməyə çağırıb.

O bu barədə bəyanatı tərəfdarlarının Yerevandakı Respublika meydanında keçirdiyi mitinqdə verib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladılır ki, baş nazir ötən ilin sonlarında parlamentdə təmsil olunan iki müxalifət partiyasını bu təklifinə dair memorandum barəsində məsləhətləşmələrə çağırmışdı.

Bu memoranduma görə Paşinyanın istefaya gedəcəyi təqdirdə “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” baş nazirliyə öz namizədlərini verməməli idilər.

Lakin o vaxt hər iki müxalifət partiyası bu təklifi rədd etmişdi.

Əslində qeyri-parlament müxalifət partiyaları da erkən seçki keçirilməsinə tərəfdar deyildilər. Onlar bildirirdilər ki, Paşinyan vəzifəsində qala-qala seçki keçirilməməlidir.

Bunun ardınca ondan çox partiyanı birləşdirən müxalif “Vətənin xilası” hərəkatı keçid baş nazir vəzifəsinə özünün vahid namizədi kimi keçmiş müdafiə naziri Vazgen Manukyanı irəli sürmüşdü.

Öz növbəsində Paşinyanın hakim “Mənim addımım” partiyası erkən seçki məsələsini “qapanmış” hesab etdiyini bildirmişdi.

Yeni konstitusiya

Mitinqdəki çıxışında Paşinyan habelə bu ilin oktyabrında yeni Konstitusiyaya dair referendumun keçirilməsini təklif edib.

O deyib ki, onun fikrincə, ölkə üçün ən yaxşısı yarıprezident sisteminə keçilməsi olardı.

Paşinyan deyib ki, 2015-ci ildə qəbul edilmiş və 2018-ci ildə qüvvəyə minmiş indiki konstitusiya qüsurludur, çünki siyasi böhranların baş verməsinə imkan yaradır.

Baş nazirin fikrincə, referenduma qədər parlament konstitusiyaya bəzi düzəlişlər edə bilərdi.

Azatutyun qeyd edir ki, 2018-ci ilədək Ermənistanda elə yarıprezident sistemi olub.

Serj Sarkisyanı məhkəmə ilə qorxudur

Paşinyan bunu qeyd edib ki, son 31 ildə çox səhvlərə yol verilib. O deyib ki, onun hakimiyyəti də səhvlər buraxıb və o buna görə üzrxahlıq edir.

Baş nazir habelə 2008-ci ilin 1 mart hadisələrinə toxunub:

“Bəyan etməliyəm ki, “1 mart” işi mənim nəzərimdə artıq açılıb. Çoxları soruşurlar, “1 mart” işini necə açılmış hesab etmək olar, axı qətllərin üstü açılmayıb. Bu doğrudur, güllə atanların şəxsiyyətləri müəyyənləşdirilməyib, amma qətllər, onların baş verdiyi fon açılıb. Mən düşünürəm ki, baş verənlər ictimaiyyət üçün bu iş üzrə məhkəmədə açılacaq. 2008-ci ildə hakimiyyət öz xalqına qarşı ordu yeridib və bu əsnada qətllər baş verib”.

2008-ci ilin 1 mart hadisələri seçkidən dərhal sonra baş vermişdi. O vaxt müxalifət keçmiş prezident Serj Sarkisyanın saxtakarlıqla seçildiyini bildirir və etiraz aksiyaları keçirirdi.

“Ən böyük satqınlıq”

Nikol Paşinyan çıxışında silahlı qüvvələr baş qərargahının rəisi Onik Qasparyanla bağlı məsələyə də toxunub.

Hələki prezident Armen Sarkisyan baş nazirin Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair qərarına qol çəkmir.

Lakin Paşinyan bəyan edib ki, silahlı qüvvələrin siyasi bəyanatlar verən baş qərargah rəisinə ehtiyacı yoxdur:

“O həm də bu bəyanatı Serj Sarkisyanın və Respublika Partiyasını təmsil edən keçmiş hakimiyyətin öyrətməsi ilə verib. Onlar 2008-ci ildə olduğu kimi yenə də xalqın iradəsini tank tırtılları altında boğmaq istəyirlər. Ermənistanda belə baş qərargah rəisi olmamalıdır”.

Paşinyan bildirib ki, hazırkı vəziyyət silahlı qüvvələrdə qisasçılığa yol açmamalıdır:

“Allaha şükür, silahlı qüvvələr və Onik Qasparyan qırmızı xətti keçməyiblər və ümid edirəm ki, keçməzlər. Amma Onik Qasparyan qaçılmaz şəkildə baş qərargah rəisi vəzifəsindən getməlidir. Mənim təyin etdiyimb aş qərargah rəisi rədd edilmişin əmrlərini yerinə yetirirsə, ən böyük satqınqlıq elə budur”.

Ermənistanda etirazçılar hökumət binasına girib
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

‘Baş qərargah rəisinin vəzifəsinə qaytarılması heç müzakirə də oluna bilməz’

Ermənistanda hakim “Mənim addımım” fraksiyası “Maariflənmiş Ermənistan” müxalifət partiyasının rəhbəri Edmon Marukyanın baş qərargah rəisinin vəzifədən çıxarılmasına dair qərarın ləğv olunması barədə təklifini rədd edib.

Marukyan iqtidara iki bənddən ibarət təklif vermişdi.

Hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts Milli Məclisdə jurnalistlərin suallarına cavab verərkən deyib ki, təklifin ikinci bəndini məqbul sayır. İkinci bənddə söhbət növbədənkənar parlament seçkisinin keçiriləcəyinə dair memorandum imzalanmasından gedir:

“Lakin birinci bəndə gəlincə, düşünürəm ki, cənab Marukyanın bu təklifi ümumiyyətlə müzakirə oluna bilməz. Konstitusiya var və biz deputat kimi bu Konstitusiyaya əməl olnması üçün məsuliyyət daşıyırıq. Biz Konstitusiyanın pozulmasına yol verə bilmərik”.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun yazdığına görə, Edmon Marukyan təklif etmişdi ki, əgər baş nazir Nikol Paşinyan silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanı və onun müavini Tiran Xaçatryanı vəzifələrinə qaytarsa, onda “Maariflənmiş Ermənistan” partiyası baş nazirin istefa verəcəyi təqdirdə öz namizədini irəli sürməyəcəyinə dair memorandum imzalamağa hazırdır”.

Ermənistan Konstitusiyasına görə növbədənkənar seçkilərin keçirilməsi üçün baş nazirin istefa verməsi və parlamentin iki dəfə baş nazir seçə bilməməsi tələb olunur.

Bu halda parlament buraxılır və növbədənkənar parlament seçkisi keçirilir.

Paşinyan prezidentlə görüşüb

Bu gün – martın 1-də Ermənistan Prezidenti Armen Sarkisyanla Baş nazir Nikol Paşinyanın görüşü olub.

Prezident idarəsinin məlumatına görə, Armen Sarkisyan xəstə olduğundan baş nazir ona baş çəkib.

“Təbii ki, prezidentlə baş nazir ölkədəki daxili siyasi vəziyyətə toxunublar. Yayılan digər informasiyalar tamamilə yalandır, ölkədə onsuz da gərgin vəziyyəti kəskinləşdirmək cəhdidir”, – prezident idarəsi bildirir.

Məlumatda “provokativ və yalan informasiya yaymaqdan çəkinmək” çağırışı yer alıb. O da qeyd olunur ki, “Respublika prezidenti ümumdövlət və milli maraqlar naminə yalnız Konstitusiya çərçivəsində, özünün konstitusion səlahiyyətinə uyğun hərəkət edir”.

Sarkisyan bu gün yaydığı bəyanatda “respublika prezidentinin ağ, yaxud qara olmadığını” bildirib.

Martın 1-də Baş nazir prezidentə Baş qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması üçün təklifini ikinci dəfə göndərib.

***

Yerevanda etirazçılar hökumət binasına girib

Martın 1-də Ermənistan paytaxtı Yerevanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bir qrup etirazçı bələdiyyə binasına girib.

Onlarla etirazçı binaya girərkən Paşinyanı istefa verməyə çağırıblar. Onlar xəbərdarlıq ediblər ki, ölkədə baş nazirin gizlənə biləcəyi bina yoxdur.

Həbs olunanlar, yaxud xəsarət alanlar haqda məlumat yoxdur.

***

Bu gün – martın 1-də Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Ermənistanın Təhlükəsizlik Şurasının iclası keçirilib.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, iclasda ölkənin daxili və xarici təhlükəsizliyinə aid məsələlər, dövlətin qarşısında duran problemlər və onların həlli yolları müzakirə olunub.

Hökumətin mətbuat xidmətinin yaydığı fotoda şuranın üzvü, Baş qərargah rəisi Onik Qasparyan görünmür.

Təhlükəsizlik Şurası bəyanatında “Silahlı qüvvələrin siyasi prosesə müdaxiləsini kəskin pisləyib, Prezident Armen Sarkisyanı Baş nazir Nikol Paşinyanın Baş qərargah rəisinin vəzifədən kənarlaşdırılmasına dair müraciətini təmin etməyə və müvafiq fərmanı imzalamağa çağırır”.

Ermənistanda siyasi böhran Baş qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın baş nazir tərəfindən vəzifədən kənarlaşdırılmasından sonra yaranıb. Xaçatryanın vəzifədən getməsinə isə onun Paşinyanın İskander raketlərilə bağlı dediklərini məsxərəyə qoyması səbəb olub.

***

Martın 1-də axşam Yerevanın mərkəzindəki Baqramyan prospektində müxalifətin “Vətənin xilası hərəkatı”nın mitinqi gözlənir. Mitinq Baş nazir Nikol Paşinyanın istefası tələbiylə keçiriləcək.

“Biz iştirakımızla təsdiqləməiyik ki, bütün dövlət institutlarının bir adam tərəfindən sökülməsinə dözməyəcəyik, ordumuzu, respublikanın prezidentini, dövlətçiliyimiz sonadək müdafiə edəcəyik, digər strukturlardan da bunu tələb edəcəyik. Bu hökumətin getməsi qaçılmazdır”, – müxalifət hərəkatının bəyanatında deyilir.

1 mart hadisələrindən 13 il keçir

Müxalifətin mitinqi təyin olunan vaxtdan yarım saat sonra isə Paşinyan öz tərəfdarlarını Respublika meydanına çağırıb.

Bir neçə gün öncə Paşinyan Respublika meydanında yürüş və mitinq keçirmişdi. Ondan öncə silahlı qüvvələrin baş qərargahı onun istefasını tələb edən bəyanat vermişdi. Paşinyan bunu hərbi çevriliş cəhdi adlandırdı.

Bu gün həm də müxalifət qüvvələri ilə təhlükəsizlik əməkdaşlarının toqquşmasından 13 il keçir. Həmin toqquşmalarda 10 nəfər həlak olub.

Paşinyan Facebook səhifəsində canlı yayında deyib ki, Ermənistanda 2008-ci ilin 1 mart hadisələri təkrarlanmayacaq.

Müxalifətin “İşıqlı Ermənistan” partiyasının və parlamentdə eyni adlı fraksiyanın rəhbəri Edmon Marukyan isə Paşinyana təklif edir ki, vaxtından əvvəl seçki keçirməklə mövcud siyasi böhrandan çıxsın.

Qarabağın bərpasına hansı xarici qurumlar pul ayıracaq?
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

“Seçkiyə gedək”

Marukyan Facebook-da canlı yayında Paşinyanı Silahlı Qüvvələrin Baş qərargah rəisi Onik Qasparyanı vəzifədən kənarlaşdırmaqla bağlı fərman layihəsini geri götürməyə çağırıb. Paşinyan istefası verərsə, fraksiya hakimiyyətlə baş nazirliyə namizəd verməməklə bağlı memorandum imzalayacaq, Marukyan deyib.

Qeyd edək ki, Prezident Armen Sarkisyan sözügedən fərman layihəsini imzalamaqdan imtina edib və "Mənim Addımım" hakim parlament fraksiyası ölkə prezidentinə qarşı impiçment prosesinin mümkün olduğunu bildirib.

“O zaman bütün mitinq və yürüşlər seçkiqabağı məntiqlə keçirilər”, – Marukyan vurğulayıb.

“Seçkiyə gedək, qoy kimin hakimiyyətdə qalmasına xalq qərar versin. Bundan sonra qoy yeni hakimiyyət baş qərargah rəisini dəyişib-dəyişməmək məsələsinə baxsın”, – deyən Marukyan Paşinyandan cavab gözlədiyini vurğulayıb.

Ermənistan müxalifəti Paşinyanı Azərbaycanla 44 günlük müharibənin nəticələrinə görə ittiham edir, istefasını, növbədənkənar seçki keçirilməsini tələb edir.

Azərbaycan hərbi əməliyyatlar nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri ala bilib. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG